Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “20 Yanvarda Elmira Qafarova bir çox kişilərin edə bilmədiyini etdi…”- Cahangir Nəcəfov

“20 Yanvarda Elmira Qafarova bir çox kişilərin edə bilmədiyini etdi…”- Cahangir Nəcəfov

“Moskvaya qarşı həmin  sərt bəyanatı Şahin Əliyev, Teymur Teymurov və Nizami Sadıqovla birgə hazırladıq…” 
… Maraqlıdır,  görəsən, 28 il öncə baş versə də,  dözülməz ağrıları Azərbaycanın canından  çəkilməmiş 20 Yanvar qətliamı ərəfəsində Bakının meydan və küçələrindəki dəhşətli və qanlı olaylar hökumət kabinetlərindən, parlament dəhlizlərindən necə görünürdü? Deputat və məmurlarımız hansı hissləri keçirirdilər, faciənin qarşısını almaq, yaxud onun nəticələrini dünyaya çatdırmaq üçün hansı çabaları göstərirdilər? Bu və digər suallara cavab tapmaq üçün o dövrdə Azərbaycan SSR Ali Soveti sədri olmuş mərhum Elmira Qafarovanın müşaviri kimi çalışmış Cahangir Nəcəfovdan Moderator.az-a geniş müsahibə verməsini istədik:
-Cahangir müəllim, bildiyimizə görə, siz 1990-cı il yanvarın 14-dən 17-dək  Ali Sovetin sədri Elmira Qafarova ilə birgə Moskvada olmusuz. Qanlı Yanvarın baiskarı M.Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyi tərəfindən Azərbaycanla bağlı hansı münasibətin şahidi oldunuz?
-Bəli. 1990-cı il yanvarın 14-də – bazar günü axşam Elmira Qafarova ilə birgə Moskvaya yollandıq. Ayın 15-də Qorbaçov Ali Sovetin Rəyasət Heyətini yığdı. Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi barədə məsələ müzakirə olunurdu. O vaxtkı qanunlara görə, buna Azərbaycan Ali Sovetinin razılığı lazım idi. Bakıda isə saat 11 olsa da, Ali Sovet Rəyasət Heyətində kvorum toplanmamışdı. Elmira xanım Kremldə Qorbaçovun iclasında idi. Mənə tapşırmışdı ki, otaqda ol, burada qalmaqaldı; Bakıda kvorum toplanmayıb, Qorbaçov çığır-bağır salıb, tez-tez zəng edib Vəzirovun üstünə qışqırır ki, nə edirsən- et, kvorum alınsın. Bu minvalla Qorbaçov iclası saat 11-dən saat 3-ə keçirməyə məcbur olmuşdu. Nəhayət, saat 6-da Elmira xanım nümayəndəliyə gəldi, nəsə çox bikef idi. Aydın oldu ki, bizim Ali Sovetdə kvorum yığılmadığından Elmira xanımın adını yazıblar ki, guya o, Bakıdadır. SSRI Konstitusiyasına görə, hər hansı bir müttəfiq respublika ərazisində fövqəladə vəziyyət yalnız həmin respublikanın Ali Sovetinin rəsmi razılığından sonra SSRİ Ali Sovetinin qərarı ilə elan edilə bilər. Qorbaçov isə Dağlıq Qarababağ Muxtar Vilayəti (DQMV) və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərarı Bakıda zorla saxta kvorum təşkil etməklə, Moskvada isə Ali Sovetin Rəyasət heyətinin qərarı ilə qəbul etdirdi. Bu isə Konstitusuyanın kobud pozuntusu idi. Bakıda fövqəladə vəziyyət elan etmək üçün isə yenə də eyni qaydada Azərbaycan parlamentinin razılığını almaq lazım idi. Fəqət, Bakıda da fövqəladə vəziyyət tam qanunsuz olaraq elan edildi…
– Bəs yanvarın 17-də vətənə qayıtdıqdan sonra paytaxtda hansı olayların şahidi oldunuz?
-Biz yanvarın 18-də səhər işə gələndə Elmira xanım dedi ki, çıx bir şəhərə, gör vəziyyət nə yerdədi. Gəldim ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK)qarşısında kiçik bir barrikada var. Tbilisi prospektindəki keçmiş mebel fabriki yaxınlığında da böyük barrikada var idi. Sonra keçmiş Montin qəsəbəsinə getdim. Orada indiki Nərimanov İcra Hakimiyyətinin yaxınlığında mənə dedilər ki, o tərəfə getməyinizi məsləhət görmürük. Çünki orada hökumət avtomobillərini daşlayırdılar.
Yanvarın 19-u axşam Elmira xanımın qəbul otağının qarşısındakı dəhlizdə dayanmışdıq. Birdən bayırda işıqlar söndü. Aşağıda parlamentin qarşısında “PAZ” markalı bir avtobus dayandı və içindən ayaqlarında “krassovka” olan, amma hərbi formada bir dəstə adam düşüb telestudiyaya tərəf keçdi. Cəld parlament sədrinin yanına getdim ki, Elmira xanım, maraqlanın, görün, o hərbçilər nə məqsdlə gəliblər. 10-15 dəqiqə sonra həmin dəstə avtobusa əyləşib getdi və işıqlar yandı. Təxminən 20 dəqiqə keçdi və qəflətən güclü partlayış səsi eşitdik. Məlum oldu ki, telestudyanın enerji blokunu partladıblar…
– Həmin gecə Ali Sovetdən evə necə gedib çıxdınız? 
-O dəhşətli gecə böyük çətinliklə evə gəlib çıxdıq. Gecə indiki Müşfiq küçəsindəki mənzilimizin eyvanından baxdım ki, MOİK tərəfdə atəş açılır. Ayın 20-i səhər bunanın yaxınlığında bir neçə hərbçi görüb onlara sual etdim ki, siz gecə nə iş görürdünüz. Onlar cavab verdi ki, bizim xəbərimiz yoxdur, bizi bu səhər tezdən “Nasosnıdan” gətirdilər. Yanvarın 20-i gecə saat təxminən 10.30-da bizim binanın həyətinə bir hərbi yük maşını daxıl oldu və içindən 20-yə yaxın hərbçi töküldü. Başladılar havaya, binaların divarlarına atəş açmağa. Eyvandan baxanda saqqallı hərbçilərdən biri avtomatı mənə tərəf tuşladı. Cəld başımı əydim, güllə başımın üstdən divara sancıldı. Sonra məlum oldu ki, onlar Etibar Məmmədovun dalınca gəlibmişlər. Etibar isə artıq Moskvaya qaçmışdı. Yəqin onu tapmadıqlarına görə qəzəblənib atəş açırdılar. Həyətdə Rəşad adlı bir “dağlı” balasını yaraladıqdan sonra pullarını da cibindən çıxarmışdılar. Çoxu da saqqallı idi. Bəlkə də ehtiyatda olan erməni zabitlər imiş?
-Rəhmətlik Elmira Qafarova 20 Yanvar qətliamından sonra Moskvaya qarşı o dövr üçün sərt cümlələrin işləndiyi bəyanat vermişdi. Həmin bəyanat necə hazırlandı? Onun hazırlanması üçün kimsə göstəriş vermişdimi?
-Yanvarın 20-i səhər tezdən işə getdim. Biz, 4 nəfər: Nizami Sadıqov, Şahin Əliyev, Teymur Teymurov və mən bir bəyanat hazırladıq. Bir neçə kişi deputata zəng etdik. Adlarını çəkmək istəmirəm, amma onlar açıq etiraz etdilər. Heç kəs ürək etmirdi həmin bəyanatı oxumağa. Nəhayət, Elmira xanıma zəng etdik, o, bir çox kişilərin göstərmədiyi cəsarəti nümayiş etdirdi və razılıq verdi. Dedi ki, maşın göndərin, məni işə gətirsin. Ancaq məlum oldu ki, sürücülərin heç biri işə çıxmayıb. Məcbur olub özüm və işçimiz İslam Rəfibəyli ilə birgə parlament sədrinin evinə yollandıq. Böyük çətinliklə, ara yollarla Elmira xanımın indiki ADPU-nun binasının yanındakı mənzilnə gəlib çıxdıq. Mən hər şeydən qorxan adam deyiləm. Amma onda elə qorxdum; bəlkə də şəkər xəstəliyinə düçar olmağıma elə o qorxu səbəb oldu. Elmira xanımın mənzilinə pilləkanlar bayırdan qalxırdı. Oraya qalxanda kimsə üzbəüz binanın damından mənə tərəf avtomatdan atəş yağdırdı. Güllələr başımım üstündən keçdi. Ani olaraq düşündüm ki, vəssalam, məni vurdular…
Xülasə, Elmira xanım gəldi parlamentə və həmin bəyanatı oxudu. Bəyanatda qeyd edilirdi ki, biz oğul və qızlarımızın günahsız yerə qətlə yetrilməsini heç vaxt heç kimə bağışlamayacağıq. Qeyd edim ki, Elmira xanımın bəyanatı sovet rəhbərliyinin və ordu komandanlığının qəzəbini xeyli yatırdı və onları daha çox qırğınlar törətməkdən çəkindirdi. Çünki artıq bütün dünya respublikanın əsas rəsmi şəxslərindən birinin adından Moskvanın Bakıya təcavüz etdiyini eşitdi…
Həmin günlərin ikinci önəmli hadisə isə yanvarın 21-də Moskvada faktiki ev dustaqlığı yaşayan Heydər Əliyevin böyük riskə gedərək, yüksək cəsarət nümunəsi göstərərək Azərbaycan nümayəndəliyinə gəlib mətbuat konfransı keçirməsi və Qorbaçov başda olmaqla bu faciənin baiskarlarını kəskin ittiham etməsi oldu…
3-cü böyük hadisə isə Bəxtiyar Vahabzadənin deputatları “Azadlıq” radiosu vasitəsilə fövqəladə sessiyaya toplaması oldu. Düzdü, biz də əziyyət çəkdik, onların hamısının telefonlarını bir-bir tapıb zəng etdik və s. Deputatlardan İsmayıl Şıxlı, , Arif Rəhimzadə, Yaşar Əliyev, SSRİ xalq deputatlarından Tofiq İsmayılov, Arif Məlikov və b. da fəallıq göstərdilər. Amma əsas işi mərhum xalq şairi və o vaxt “Azadlıq” radiosunun rəhbəri olan Mirzə Xəzər gördü. Həmin sessiyada Moskva sərt ittiham edildi və qeyd edildi ki, Azərbaycana təcavüz edilib…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …