Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Sosial sığorta haqqında” qanuna dəyişiklik etiraz doğurdu

“Sosial sığorta haqqında” qanuna dəyişiklik etiraz doğurdu

Dövlət büdcəsi zərfi ilə birlikdə Milli Məclisə təqdim olunan layihələr arasında “Sosial sığorta haqqında” qanuna əlavə düzəlişlər layihəsi də var. Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər geniş müzakirə olunsa da, sosial sığorta sistemində gözlənilən bəzi dəyişikliklər diqqətdən kənarda qalmaqdadır.

Belə ki, “Sosial sığorta haqqında” qanunun 14.5-ci maddəsinə mühüm bir dəyişiklik edilməsi təklif olunur.

Mövcud qanunda muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcəsi “mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla — gəlirlərin 25 faizi miqdarında” müəyyənləşdirilib.

Təklif olunan layihədə isə bənddə mötərizədə verilmiş cümlə çıxarılıb və dövlət məcburi sosial sığorta haqqının məbləği “mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün  ödəmə mənbəyindən tutulmaqla — gəlirlərin 25 faizi miqdarında” nəzərdə tutulub.

Bununla bağlı “Yeni Müsavat” danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, bu dəyişiklikdən sonra fiziki şəxs kimi fəaliyyət göstərib, mülki hüquqi xarakterli müqavilə əsasında xidmət təqdim edən şəxslərə böyük problemlər yaranacaq: “Qanunun 14.5.2-ci bəndində mötərzədəki “sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla” sözləri çıxarılıb. İndi bu əvvəlki kimi, vergi (sosial) uçotda olmayanlarla yanaşı sahibkar olan (VÖEN-i) olanlara da şamil olunacaq. Əvvəl beləydi ki, vergi uçotunda olmayanlar üçün 25 faiz sosial sığortanı və 14 faiz gəlir vergisini (cəmi 39 faiz) ödəmə mənbəyindən (yəni pulu verən) tutub təmiz gəliri verirdilər. Niyə? Çünki vergi orqanında uçotda olmayan şəxs mülki-hüquqi müqavilə üzrə əldə etdiyi gəlirdən vergi və sosial ödəmə edə bilməz. Ona görə ödəmə mənbəyindən tutulmalıdır. Mötərizədə isə bunu sahibkarlıqla məşğul olan şəxslərə, yəni VÖEN-i olanlara aid olmadığı göstərilirdi.  İndi bunu mexaniki kəsiblər. Bu o deməkdir ki, məsələn, mülki-hüquqi müqavilə üzrə VÖEN-i olan şəxs 600 manat alırdısavə əvvəl bunun üçün 26 manat (minimum əmək haqqından asılı olaraq dəyişirdi) ödəyirdisə, indi 150 manat ödəyəcək + vergi ( o da dəyişkən olacaq, vergi orqanında uçotun növündən asılı olaraq 20 faizə qədər)”.

S.Məmmədovun sözlərinə görə, edilən dəyişiklikdən sonra qanunun iki bəndi bir-biri ilə ziddiyyət təşkil edir: “Qanunun 14.5-ci maddəsində muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri qeyd olunur.  14.5.1-ci bənddə qeyd olunur ki, bu dərəcə “sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında” olacaq. 14.5.2-də isə qeyd olunur ki, “mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında” olacaq. Yəni birində VÖİN açıb xidmət göstərən sahibkar üçün minimum əmək haqqının 25 faizi miqdarında, digərində isə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında qeyd olunur. Bu bəndlər bir-biri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, bu dəyişiklik bir çətinlik də yaradır. Belə ki, bir tərəfin öhdəliyi digər tərəfin üzərinə qoyulur. Məsələn, siz mənimlə müqavilə bağlayırsınız 10 min manat dəyərində, hansısa xidmətin göstərilməsi üçün. Mən də o xidməti göstərmək üçün ofis tutmuşam, ekspert cəlb etmişəm və sair. Siz mənim xərclərimi nəzərə almadan ümumi məbləğdən 25 faiz sosial ayırmaya çıxaraq mənə yerdə qalan məbləği ödəməlisiniz. Burada bir məsələ də var. Bəlkə kimsə belə bir xidmət müqaviləsini xarici subyektlə imzalayıb. Onda xarici subyekt ödəmə mənbəyindən sosial ödənişi necə ödəyəcək?”

Qeyd edək ki, Azərbaycanda müxtəlif sahələr üzrə ekspertlər fiziki şəxs kimi mülki hüquqi müqavilələr əsasında xidmətlər göstərirlər. Bundan əlavə, bu müqavilə formasından QHT sektorunda da geniş şəkildə istifadə olunur. S.Məmmədovun sözlərinə görə, QHT-lərin malların alınmasından tutmuş xidmətlərin göstərilməsinə qədər əksər fəaliyyətləri belə müqavilələr əsasında həyata keçirilir: “QHT-lər burada ən zəif bənddir. Müxtəlif QHT rəhbərləri ekspert kimi yerli və xarici təşkilatlardan sifarişlər alırlar. Mən özüm də həmçinin. Belə çıxır ki, bundan sonra biz göstərdiyimiz xidmət müqabilində aldığımız 100 manatın 25 manatı sosial sığortaya ödəniləcək. Mən anlayıram ki, bir çox sahibkarlar işçiləri muzdlu əmək müqaviləsi ilə deyil, mülki hüquqi müqavilə əsasında rəsmiləşdirirlər. Burada da məqsəd sosial sığorta haqqını ödəməkdən yayınmaqdır. Hökumət də çalışır ki, bunun qarşısını alsın. Lakin axı heç də hamı belə eləmir? Bunu fərqləndirmək üçün indiqatorlar işlənməlidir. Əks halda, kiçik və orta sahibkarlar üçün ciddi problemlər yaranacaq” .

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …