Rus təyyarəsi nəyin qurbanı oldu:texniki nasazlığın, pilot səhvinin, terrorun, yoxsa… – TƏHLİL

Dünən Qara dənizdə qəzaya uğrayan rus təyyarəsinin müəmmalı aqibəti ətrafında müxtəlif versiyalar irəli sürülür. Təyyarənin sui-qəsd nəticəsində məhv edildiyini düşünənlər kimi, faciənin bir texniki səbəbdən baş verdiyini də bildirənlər də var. Rusiyanın rəsmi mövqeyi isə daha çox texniki səbəblə bağlıdır.

Hansı mülahizənin doğru olduğu bir müddətdən sonra araşdırmalar nəticəsində ortaya çıxacaq. Hələlik isə, terror və ya vurulma şübhələri daha ağır gəlir.

Şübhələri qüvvətləndirən bir sıra amillər var. İlk amil təyyarə sərnişinlərinin məsləki xarakteriylə əlaqədardır. Məlum olduğu kimi, təyyarə rus hərbçilərini Suriyaya daşıyırdı. Sərnişinlər isə sıravi hərbçilər deyildi. Aralarında Rusiyanın hərbi qüdrətinin “yumşaq gücü” kimi tanınan “Qızıl ordu xoru”nun nümayəndələrindən tutmuş, rus ordusunun Suriyadakı qüvvələrinə rəhbərlərlik edən generallara, hərbi jurnalistlərinə qədər çox mötəbər adamlar vardı. Sözsüz ki, Rusiya xüsusi missiya daşıyan bu heyəti bütün hissələri yoxlanılmamış təyyarə ilə Suriyaya göndərməzdi. Baxmayaraq ki, həmin TU-154 tipli təyyarənin 1980-90-cı illərdə istehsal edildiyini və köhnəldiyindən qəzaya uğraya bilmə ehtimalının yüksək olduğu bildirilir və Rusiya Federal Təhlükəsizlik Xidməti də terror ehtimalını tamamilə istisna edərək, tədqiqatlarında daha çox texniki qəza və ya pilotun səhvi üzərində dayandıqlarını vurğulayır.

Əslində FTX-nın bu “əminliyi” nəinki şübhələri azaltmır, əksinə, daha çox artırır. Belə ki, istənilən qəza hadisələrinin tədqiqatında terror və ya vurulma ehtimalı istisna edilməməlidir. Özəlliklə də, xüsusi missiyalı səfərlərə çıxan təyyarələrin qəzasında ilk ağla gələn versiyalardan biri bu olmalıdır. Elədirsə, FTX-nın bu əminliyi hardan qaynaqlanır? Söhbət əgər istifadə müddəti keçmiş təyyarənin qəzaya uğrama ehtimalının yüksək olmasından gedirsə, Rusiya niyə öz əhəmiyyətli hərbi qulluqçularını bu təhlükənin qucağına atırdı?

Bilindiyi kimi, TU-154 təyyarələri 2000-ci ilə qədər Rusiya sərnişin daşımaçılığının ən ünlü vastələrindən olub. 1960-cı illərin ortalarında sınaqdan çıxarılan bu tip təyyarələr 1972-ci ildən etibarən kütləvi istifadəyə verilib. 1986-cı ildə motor və bəzi hissələrində modernizə işləri aparıldıqdan sonra daha təhlükəsiz hala gətirilib. Buna baxmayaraq, indiyə qədər TU-154-lər 36 dəfə ağır qəzalarla öz karyerasına kölgə salıb. 2000-ci ildə kütləvi istifadədən uzaqlaşdırılması da uğradığı qəzaların çoxluğu ilə izah olunur. Hazırda dünyada sadəcə 50 ədəd TU-154 tipli təyyarənin xidmət göstərdiyi xəbər verilir.

Bu qədər ləkəli karyerasına baxmayaraq, Rusiyanın Suriyaya göndərdiyi hərbi qulluqçularına həmin 50 ədəd TU-154 təyyarəsindən birini ayırması xeyli müəmmalıdır. Mümkün deyil ki, bu təhlükə mənbəyi başdan ayağa yoxlanılmadan uçuşuna icazə verilsin. Özü də daşıyacağı həmin sərnişin heyətilə…

Digər tərəfdən, Qara dənizin dərinliklərinə gömülən TU-154 tipli təyyarələrin karyerasını qaraldan 36 qəza hadisəsinin statistikası da şübhələri gücləndirir. Bildirildiyinə görə, TU-154-lərin indiyə qədər qeydə alınmış 36 qəza hadisəsinin əksəriyyəti hava şəraitinin uyğun olmamasından baş verib. Son qəza zamanı isə bunu iddia etmək mümkün deyil, çünki hava uçuş üçün tamamilə yararlı olub. Görünür, terror versiyasını bəri başdan istisna edən FTX məhz bu səbəbə görə də, günahı yalnız texniki nasazlığın və pilot xətasının kimi subyektiv səbəblərin üstünə atmaq məcburiyyətində qalıb.

Terror ehtimalını gücləndirən digər bir amil təyyarənin qəzaya uğradığı və parçalarının yayıldığı sahə ilə bağlıdır. Bildirildiyinə görə, təyyarə Rusiyanın tam hava və quru sərhədlərini keçərkən radarlardan itib. Qara dənizin Soçi sahillərinin 1-2 mil uzaqlığında qəzaya uğradığı təyyarənin parçaları isə bir-birindən uzaq məsafələrdən tapılıb. Bu fakt hava nəqliyyatının partladılması ehtimalını artırır. Onun hava sərhədlərini keçərkən partlaması ehtimalı isə bir başqa gümanlara yol açır. Belə ki, Qara dəniz Rusiya ilə Şərqi Avropa arasında sərhəd bölgəsidir. Son zamanlar NATO-nun genişlənməsi çərçivəsində dənizin sahillərindəki bir çox dövlətlər Alyansa qoşulublar və zaman-zaman tərəflər arasında ciddi rəqabətin getdiyi də mətbuatda yer alır. Hətta məlumata görə, bəzən Bolqarıstan kimi Şərqi Avropa ölkələri rus hərbi təyyarələrinin öz hava sərhədlərindən istifadə edərək, Suriyaya uçmasına izin vermirlər. Bir çox hallarda rus təyyarələrinin məhz buna görə uçuş rotasını dəyişib Xəzər üzərindən İrana, ordan isə Suriyaya keçdiyi bildirilir. Mümkündür ki, yenə eyni icazəyə əhəmiyyət verməyən, yaxud bu izni almaq haqqında belə düşünməyən rus təyyarəsi NATO raketlərinin qəzəbinə uğrasın. Qara dəniz üzərində bu zamana qədər Rusiya və NATO hərbi təyyarələrinin dəfələrlər qarşı-qarşıya gəldikləri barədə xəbərlər də dənizdəki hava sahələrinin mübahisəli olduğunu təsdiqləyir.

Bu ehtimalda təyyarənin vurulması versiyasının tamamilə istisna edilməsi də başadüşüləndir; vurulma faktı etiraf olunarsa, Rusiya ya NATO-ya aid hava sahəsini pozmasını etiraf etməli, ya da öz təyyarəsini qanunsuz vuran tərəfə adekvat cavab verməlidir. Ehtimalların hər ikisi isə Rusiyanın hərbi imicinə kölgə sala bilər. Qeyd edək ki, Moskva bu məsələyə xüsusi diqqət ayırır və mümkün olduğu qədər əlavə konfliktdən yayınır. Xatırlayırsınızsa, Türkiyə rus təyyarəsini vurarkən, Moskva ilk əvvəl ona atəşin aşağıdan terrorçular tərəfindən atıldığını bildirmiş, daha sonra rəsmi Ankaranın “biz vurduq” açıqlamasından sonra fakt qarşısında qalmışdı.

Son zamanlar Rusiyanın qəsdən Şərqi Avropa ölkələrilə ədavətə sürüklənməsi də nəzərdən yayınmır. Ankarada rus səfirinə qarşı törədilmiş terror hadisəsi də bu qəbildəndir. İstər Rusiya, istərsə də Türkiyə həmin sui-qəsdin arxasında maraqlı qüvvələrin dayandığını etiraf etsələr də, açıq şəkildə ad çəkməyə tələsmirlər. Amma bəzi eyhamlarla okeanın o tayına işarət etdikləri də sirr deyil. Türkiyənin sui-qəsdə FETO-nu günahlandırmasına ABŞ-dan verilən reaksiya isə eyhamın əslində Fəthullah Gülənə deyil, Amerikaya istiqamətləndiyinin Vaşinqton tərəfindən də yaxşıca dərk olunduğunu göstərir. Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü Con Kibri hadisə barədə belə demişdir: “Diqqətlərimizi doğru nöqtələrə yönəltməliyik, hazırda barmaqla ünvan göstərməyimiz doğru olmaz. ABŞ olaraq hər zaman demokratik yollarla seçilmiş Türkiyə hökumətini dəstəkləyirik. ABŞ-ın belə bir hadisə ilə əlaqəli kimi göstərilməsi qəbul edilə bilməz”.

Təyyarə qəzasının zamanlaması da diqqətçəkicidir. Məlum olduğu kimi, Suriya məsələsinin əsas aktyorları kimi çıxış edən Rusiya, İran, Türkiyə öz aralarında son zamanlar ortaq məxrəcə gəliblər. Rusiya və İrana bağlı qüvvələr Hələbi “mülayim” müxaliflərdən təmizləyib, mühasirəyə düşən həmin qüvvələr şəhəri tərk edib, Türk ordusuyla bərabər “Fərat qalxanı” əməliyyatına qoşulub. Bu isə yaxın zamanlarda əl-Bab-Raqqa ərazisində möhkəmlənən İŞİD-in də Suriyadan atılacağı ümidlərini artırır. Bir müddət əvvəl aktyor dövlətlərin Moskva şəhərində keçirilən görüşündə Suriyanın torpaq bütünlüyü və Bəşər Əsəd hakimiyyətinin legitimliyinin qəbul edilməsi də razılaşdırılıb. Suriyada bütün sular durulduğu bir zamanda isə əvvəl İsraildən, daha sonra isə ABŞ-dan bəd proqnozlar gəlməyə başladı.

Xarici jurnalistlərlə yeni il ərəfəsi görüşündə çıxış edən İsrailin baş naziri Binyamin Netanyahu Hələbin “mülayim” müxaliflərdən təmizlənməsindən sonra da Suriya probleminin həll olunmayacağını bildirərək dedi: “Suriya məsələsinin həllini görə bilmirəm. Əsla vahid bir xoşbəxt Suriya olmayacaq, buna şübhə yoxdur. Bəs, birləşmiş bir Suriya ola bilərmi? Buna isə şübhə edirəm”.

Netanyahunun kənahətə bənzəyən bu açıqlamasından az sonra isə ABŞ sözçüsü Con Kirbi də təxminən eyni cümlələri təkrarladı: “Hələbdə baş verənlər müharibənin bitdiyi mənasına gəlməz. Daha əvvəl dəfələrlə söylədik; müxaliflər döyüşməyə davam edəcək, radikal qrupların Suriyaya iddiası davam edəcək, qaçqınların sayı artacaq. Suriyada hər hansı bir diplomatik həllə nail olunmadı. Döyüşün bitəcəyinə dair hər hansı bir işarə görmədik. Bu yalnız ABŞ-ın görüşü deyil, beynəlxalq ictimaiyyət də Hələbdə yaşananların döyüşü sona çatdıracaq bir addım olduğunu düşünmür”.

Xatırladaq ki, bu həmin Con Kibridir ki, rəsmi Ankara “FETÖ” deyəndə bunu ABŞ kimi başa düşmüşdü. Və həmin Con Kibrinin mülahizə irəli sürərkən, doğru ünvanı göstərməyi məsləhət bildiyi hadisə isə rus səfirinin öldürülməsi ilə bağlıydı. Nə yazıq ki, doğru ünvanı axtararkən ABŞ-ın üzərinə çıxmamaq ehtimalını isə elə onun Suriya ilə bağlı kəhanətləri darmadağın edir.

Rəsmi açıqlamalara görə, Qara dənizdə qəzaya uğrayan rus təyyarəsindəki “Qızıl ordu xoru” Suriyaya yeni il şənliyi keçirmək üçün gedirdi. Nə qədər hərbi ansambl olsa da “Qızıl ordu xoru” son zamanlar Rusiya ilə başqa dövlətlərin dostluq simvolu kimi ortaya çıxır, konsertlər keçiridi. Biz onun bu dostluq repertuarlarından birini 2008-ci ildə Türkiyə-Rusiya dostluğu münasibətilə keçirilən tədbirlərdə gördük. Gözəl bir rus xanımının solosuyla Türk əsgərlərinin marşı kimi də oxunan “Yaylalar”  xalq musiqisini səsləndirən bu xor, yəqin ki,  rəsmi açıqlamadan fərqli olaraq, Suriyaya təkcə Yeni il şənliyi üçün səfərə çıxmamışdı. Məqsədlərdən biri də Suriya-Rusiya-İran-Türkiyə dostluğunu gur səsləriylə dünyaya çatdırmaq idi. Bu ansambl bəlkə də həmin keyfiyyəti ilə Rusiyanın əsas “yumşaq gücü” kimi xarakterizə edilə bilər. Son təyyarə qəzasında isə o, güc Qara dənizin dərinliklərinə batırıldı. Kim bilir, bəlkə də Netanyahu və ABŞ yetkilisinin kəhanətləri düz çıxsın deyə…

Əlbəttə ki, irəli sürdüyümüz bu fikirlər rəsmən təsdiqlənməmiş versiyalardır. Doğrudanmı belədir, ya deyildir, bunun cavabına heç yazı müəllifi də əmin deyil. Gəlin, ən yaxşısı, bütün həqiqətlərin, gizli mətləblərin üstünü xüsusi məharətlə açan əlahəzrət Tarixin hökmünü gözləyək. Yəqin ki, yaxınlarda o əlahəzrət öz hökmünü deyəcək.

Heydər Oğuz

(Strateq.az)

Zdrave universal kremi zdrave forte