Bunu “Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in baş katibi Tomas Qreminger arasında keçirilən görüş haqqında danışarkən tarixçi, millət vəkili Fəzail İbrahimli söyləyib.

Onun sözlərinə görə, hər üç dövlətin beynəlxalq siyasətində çatışmazlıqlar hökm sürür:

“Minsk qrupu həmsədrlərinin həmrəy addım atıb, birlikdə münaqişəni həll etməsi imkansızdır. Üç dövlət dostluq münasibətləri qursa belə, hərəsinin ayrı – ayrılıqda regionda maraqları var. ATƏT-in Minsk qrupu özünə hörmət edən qurum olsa, fəaliyyətini könüllü şəkildə dayandırar. Bu, daha ədalətli olar.
ATƏT-in Minsk qrupu həmsədrlərinin ayrı-ayrılıqda Ermənistanla münasibəti var. Fransa, Rusiya və Amerika münaqişəni Azərbaycanın xeyrinə həll etmək üçün çalışmayacaq. Ölkəmizin təmkinlə davranmasının səbəbi isə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasıdır.

Dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, haqq tərəfdarı olan Azərbaycanın beynəlxalq hüquq normalarına hörməti yüksəkdir. Beynəlxalq təşkilatlar isə bu reallığın qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidirlər”.

Qeyd edək ki, görüş zamanı Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.