Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Fəzail Ağamalı: “Bu, prezidentə, xalqa və dövlətə xəyanətdir”

Fəzail Ağamalı: “Bu, prezidentə, xalqa və dövlətə xəyanətdir”

“Biz onlara qarşı, sözün həqiqi mənasında, müharibə elan etməliyik”
Milli Məclis Nazirlər Kabinetinə büdcə zərfi ilə bağlı bir həftə vaxt versə də, sonradan bu müddət artırıldı. Beləliklə, 2019-cu ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi noyabrın 27-nə təyin olunub. Plenar iclaslarda aktiv iştirak edən və hökumət qarşısında bir sıra vacib məsələlərlə bağlı təşəbbüslər qaldıran AVP sədri, deputat Fəzail Ağamalı ilə söhbətimizdə büdcə müzakirələrindən danışdıq.

– Fəzail bəy, büdcə müzakirələrinin vaxtının dəyişdirilməsi bunu deməyə əsas verirmi ki, hökumət deputatların təkliflərinə daha ciddi yanaşıb və yeni tərkibli Nazirlər Kabineti fərqli layihə ilə parlamentə qayıdacaq?

– Mənə elə gəlir ki, sizin qənaətiniz düzgündür. Mən də elə fikirləşirəm. Biz bir neçə gün bundan öncə komitələr səviyyəsində bir daha müzakirələr apardıq və orda yenə də əlavə təkliflər səsləndi. Maliyyə Nazirliyinin rəsmisi məlumat verdi və belə bir fikir söylədi ki, millət vəkilləri 230-dan çox təkliflər irəli sürüblər. Bu təkliflər kifayət qədər ciddi, əhəmiyyət kəsb edən təkliflərdir. Ona görə də ekspertiza səviyyəsində, mütəxəssislər səviyyəsində, təbii ki, büdcəni hazırlayan peşəkarlar səviyyəsində həmin təkliflərin analizi gedir. Onların hansının daha aktual, daha ciddi əhəmiyyət kəsb etdiyi və büdcənin vermiş olduğu imkanlar daxilində həmin təkliflərin nəzərə alınacağı gözlənilir. Bu haqda isə parlamentin 27 noyabrda keçiriləcək plenar iclasında, ikinci oxunuşda maliyyə naziri cənab Samir Şərifov ətraflı məlumat verəcək.

– Siz büdcə müzakirələrində demoqrafik problemə diqqət çəkdiniz və doğum statistikasının ilbəil aşağı düşdüyünü deyib təcili tədbirlər görməyə çağırış etdiniz. Sosialyönümlü büdcədə bu problemlə bağlı təkliflərin nəzərə alınacağını güman edirsinizmi?

– Mən düşünürəm ki, bu, doğrudan da, peşəkarlıqla hazırlanmış, əslində islahatların dərinləşməsinə xidmət edən büdcədir. Mənə belə gəlir ki, 2019-cu ildə biz bunun konkret nəticələrini görəcəyik və növbəti illər üçün daha geniş meydan açılacaq və ciddi plasdarm kimi özünü təsdiq edəcək, mənim şübhəm yoxdur. Bununla bərabər təbii ki, orada hörmətli həmkarlarımın, eyni zamanda mənim də söyləmiş olduğum fikirlər var. İndi düşünürəm ki, təkliflərin içərisində əhali artımının azalması ilə bağlı əlimizdəki faktlar kifayət qədər ciddi faktlardır. Biz əhali azalmasının qarşısını hansı yollarlasa almalıyıq. Bunun qarşısını almaq üçün təbii ki, indiyə qədər fəaliyyətini kifayət qədər yaxşı quran Ailə, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi bundan sonra da işini daha geniş şəkildə qurmalı, bu məsələyə daha ciddi diqqət verməlidir ki, artımın azalmasının qarşısı alınsın. Siz əgər statistikaya fikir verdinizsə, 2011-ci ildən sonra böyük sürətlə azalma başlayıb. Yəni ildən-ilə azalma artıb. Bəzən deyirlər ki, bizdə ölümlə artım arasında o qədər böyük fərq yoxdur. Bu, çox yaxşıdır ki, ölüm həddi bizdə müəyyən dərəcədə yuxarıdadır. Lakin bu da son hədd deyil. Yeri gəlmişkən, ölkə prezidentinin çox önəmli addımlarından biri də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması oldu. Çünki Azərbaycana mənşəyi bilinməyən, kifayət qədər ciddi xəstəliklər yaradan qida məhsulları gəlir. Bunun qarşısını almaq üçün məncə, Qida Təhlükəsizliyi Agentliyi çox ciddi işlərə başlayıb, əhəmiyyətli addımlar atır. Mən onların prinsipial mövqeyini müdafiə edirəm, dəstəkləyirəm və ümidvaram ki, onlar daha ciddi şəkildə insanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı mübarizəni davam etdirəcəklər. Bu məsələdə biz onlarla bərabərik, bu – birmənalıdır!

– Dediyiniz ərzaq mafiyası faktiki olaraq, insanların, sağlamlığına zərbə vuran fəaliyyətlə məşğuldursa, onlara qarşı cəzaların sərtləşdirilməsi məsələsi parlamentin gündəliyinə gələ bilərmi?

– Mənə belə gəlir ki, ölkə prezidenti bunun fərqindədir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyini yaratdı. Bu qurumun rəhbəri də çox prinsipial mövqe nümayiş etdirir. Məncə, ətrafına da sağlam insanları yığmalıdır. O adamlar ki, rüşvətə, korrupsiyaya öyrəniblər, onları heç nədən çəkinmədən uzaqlaşdırmalıdır və xalqın qayğısına qalan, saf düşüncəli, dövlətinə, ölkə prezidentinin xəttinə sədaqətli olan adamlardan komanda yaratmalıdır. O komandanın vasitəsilə həmin ərzaq mafiyasına qarşı təpki göstərə bilər. Əlbəttə ki, bununla bağlı məhz Qida Təhlükəsizliyi Agentliyi də konkret təkliflərlə çıxış etməlidir. Onların ünvanları dəqiqləşdirilib açıqlanmalıdır, şifrə ictimailəşdirilməlidir. Belə olan halda təbii ki, biz də Agentliklə bərabərik. Mənə elə gəlir ki, buna ölkənin hüquq-mühafizə orqanları da biganə qalmayacaq və biz onlara qarşı sözün həqiqi mənasında müharibə elan etməliyik. Bu müharibədə Azərbaycan xalqının sağlamlığı əsas götürülərək onların fəaliyyətinə tamamilə son qoymalıyıq. Ehtiyac olarsa, təbii ki, onların haqqında cinayət işi də açmaq olar. Çünki əgər onların gətirdiyi qida məhsulları insanlarda onkoloji, ürək xəstəlikləri yaradırsa, bunun cəzası ağır olmalıdır. Hətta bətndə olan uşaqlar belə, xəstə doğulursa, mənə elə gəlir ki, bu, qidalanma və ekologiya ilə bağlıdır. Orada irsi amil də var. Amma məncə, bu halların böyük əksəriyyəti qidalanma ilə bağlıdır.

“İnsanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı…”
Yeri gəlmişkən, bunu da deyim: son dövrlər ekologiya nazirinin, bizim hörmətli həmkarımız Muxtar Babayevin sərt mövqeyi nəticəsində bu gün Bakını zəhərli tüstüyə bürüyən şadlıq evlərinin fəaliyyəti dayandırılır və onlara deyilir ki, buyurun, lazımi texnologiyanı gətirin, ekoloji fəlakət yaratmayın. Bu baxımdan çox önəmli addımlar atılır ki, alqışa layiqdir. Ancaq əgər o ərzaq mafiyası ki, xalqın faciəsi, xəstəliyi üzərində varidat qazanırsa, birinci, Allah onları bağışlamayacaq, bu – birmənalıdır. Özləri də olmasa, övladları çox ağır və acınacaqlı vəziyyətə düşəcək onların əməllərinə görə. İkinci də onlar üzə çıxarılmalı, belələrinə qarşı qəti mövqe ortalığa qoyulmalıdır. Hüquq-mühafizə orqanları da onlara qarşı ciddi addımlar atıb, cinayət işi açmalıdır ki, beləliklə, ölkəmizə idxal olunan zəhərli və insan səhhətinə ağır fəsadlar törədən həmin ərzaqların qarşısı alınsın.

– Fəzail bəy, siz və bir sıra həmkarlarınız uşaqlara müavinətlərin verilməsi təşəbbüsü ilə çıxış etdiniz. Necə bilirsiniz, hökumət bu təşəbbüslərə müsbət yanaşacaqmı?

– Nəzərə alsaq ki, bizdə ailə institutu xeyli zədələnib, aşılanmağa doğru gedir. Bəzən nikahdan kənar uşaqlar doğulur, ata deyilən şəxs qadını və uşağı tək qoyur, onları çox çətin duruma salır. Həmin qadınların da çoxunun savadı, peşəsi yoxdur, iş tapa bilmir. Belə vəziyyətdə Azərbaycan vətəndaşı olduqları üçün onların da himayəyə ehtiyacı var, ehtiyaclarının ödənilməsi zərurəti var. Odur ki, məncə, büdcə zərfini hazırlayan işçi qrupu bu məsələyə diqqət yönəldəcək və imkan daxilində uşaqlara maddi yardımın artırılması və eyni zamanda uzunmüddətli müavinətlərin verilməsi ilə bağlı ilk addımlar atılacaq. Mən buna ümidliyəm.

– Parlamentdə xalqın və dövlətin pullarını talayanların mülkləri hesabına şəhid ailələrinə çatacaq vəsaitlərin ödənilməsini təklif etmişdiniz. Bu, nə dərəcədə realdır? Ümumiyyətlə, söhbət adlarını çəkdiyiniz bir neçə şəxsdən gedir, yoxsa siyahı daha genişdir?

– Ümumiyyətlə, KİV-də, eyni zamanda, sizin qəzetin də səhifələrində vaxtilə ayrı-ayrı yüksək vəzifə tutanların təəssüf ki, işlədiyi dövrdə yox, sonradan varidatı üzə çıxır, ictimailəşdirir və qarşı tərəf bunu təkzib etmir. Eyni zamanda, bu məlumatı ötürəni məhkəməyə vermir. Deməli, çıxarılan nəticə bundan ibarətdir ki, KİV-dəki məlumatlar doğrudur. Əgər belədirsə, onda mən çox arzu edərdim, həm də xahiş edərdim ki, hüquq-mühafizə orqanları hərəkətə keçsin, adlarını çəkdiyim və çəkmədiyim adamların sadəcə, təsnifatı aparılsın. Onların varidatı haqqında bir araşdırma aparılsın. Əgər onlar həqiqətən zəhmətlə, əziyyətlə o pulları qazanıb bu varidata sahib olublarsa, halal xoşları olsun. Yox, əgər dövlətin, xalqın, bax, həmin uşaqların, əlillərin pulunu, bütün məmurların və vətəndaşlarımızın əmək haqqını oğurlayaraq o varidata sahib olublarsa, onlar, bəli, araşdırılıb üzə çıxarılmalı və müvafiq tədbirlər görülməlidir. Bu baxımdan təbii ki, mən Milli Məclisdə üzümü tutdum hüquq-mühafizə orqanlarına və eyni zamanda xahiş etdim ki, onlar bu məsələni araşdırsın və nəhayət, bu tendensiyaya son qoyulsun! Bundan sonra yəqin ki, mən Hesablama Palatasının hesabatında da məsələ qaldıracağam. Hesablama Palatası daha ciddi işləməlidir, faktları daha ciddi şəkildə üzə çıxarmalıdır və həmin faktlar birbaşa hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır. Etiraf etmək lazımdır ki, Hesablama Palatası son illər Hesablama Palatası və onun rəhbəri Vüqar müəllimin mövqeyini, təmizliyini qiymətləndiririk. Bilirəm ki, o, imkanları daxilində öz vəzifəsini uğurla yerinə yetirməkdədir. Lakin bu, kifayət deyil. O, daha sərt mövqe nümayiş etdirməlidir. Çünki başqa forma yoxdur. Həmçinin o faktlar hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır ki, xalqın, dövlətin varidatını oğurlayan insanlar onu xalqa qaytarsın.

Baxın, ölkə prezidentinin, onun xalqa bağlı, təmiz imici olan, sədaqətlə dövlətinə və xalqına xidmət edən kadrlarının çətin əməyi nəticəsində ölkə inkişaf edir, varlanır. Onun içərisindən çıxan bir sıra məmurlar həm də onların əməyini mənimsəyərək xalqın varidatını oğurlayırlar. Bu, həm də ölkə prezidentinə, Azərbaycan xalqına və dövlətinə xəyanətin bir formasıdır, ayrı adı yoxdur. Buna görə ümidvaram ki, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hərəkətə keçib özünün sərt mövqeyini ortalığa qoyacaq. Xalq da heç şübhəsiz ki, hüquq-mühafizə orqanlarının bu addımlarını ancaq və ancaq alqışlayacaq, xalq və dövlət qarşısında onların nüfuzu artacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …