Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Dərbənddə qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Dərbənddə qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasında silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyəti əvvəlcə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin abidəsini ziyarət edib.
Sonra Dağıstan Milli-Mədəni Muxtariyyət Mərkəzinin sədri Rakif Əzizovla görüş olub. Mərkəzin sədri nümayəndə heyətinə Mahaçqalada yaşayan soydaşlarımızın vəziyyəti, orada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin işi ilə bağlı məlumat verib. O əlavə edib ki, rəhbərlik etdiyi mərkəz Azərbaycan-Rusiya əlaqələrinin inkişafında mədəni-humanitar layihələr həyata keçirir.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Rusiya Federasiyasının Dağıstan Respublikasında səfərdə olan BDM-in sədri İsmayıl Ağayev, sədrin birinci müavini Samir Adıgözəlli və mərkəzin Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov “Dərbənd” qəzeti redaksiyasında və Dərbənd şəhər mərkəzi kitabxanasında hər iki qurumun əməkdaşları ilə görüşüblər. Nümayəndə heyəti redaksiyaya və mərkəzi kitabxanaya 1918-ci ildə erməni daşnakların Şamaxıda törətdikləri soyqırımı ilə bağlı kitab təqdim ediblər.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan İqtisad Universitetinin Dərbənd şəhər filialında tədbir keçirilib. Tədbirə moderatorluq edən Dərbənd Milli-Mədəni Muxtariyyət Mərkəzinin sədri Telman Tahirli bildirib ki, Azərbaycanda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda da Cümhuriyyətimizin 100 illiyi təntənəli sürətdə qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı tolerant siyasətin nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi Dərbənddə təkcə azərbaycanlılar tərəfindən deyil, burada yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən də qeyd olunur.
Dərbənd şəhər Deputatlar Məclisinin sədri Mövsüm Rəhimov çıxışında bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin apardıqları siyasət nəticəsində bu gün ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. O, həmçinin Dərbəndlə Bakı arasında yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb.
Daha sonra Dərbənd Şəhər İcra Hakimiyyətinin başçısı Fuad Şəkiyev çıxış edərək vurğulayıb ki, ölkələrimiz arasındakı yaxınlıq Dərbəndin də sosial-iqtisadi həyatına təsir edib. Azərbaycanlılar dünyanın hər yerində olduğu kimi, Dərbənddə də sülh və dostluq içərisində yaşayırlar. Dərbənddə ulu öndər Heydər Əliyevin adını daşıyan küçə, dahi şair Nizami Gəncəvinin adına park, azərbaycandilli qəzet və teatr fəaliyyət göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan nümayəndəliyinin rəhbəri Şıxabüddin Hacıkərimov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixindən bəhs edərək bildirib ki, Dərbənd azərbaycanlıları öz dövlətçilik tarixinə olduğu kimi, dinlərinə də bağlıdırlar. Burada azərbaycanlılar müxtəlif xalqların və dinlərin nümayəndələri ilə dostluq şəraitində yaşayırlar.
Sonra İsmayıl Ağayev, Samir Adıgözəlli və Natiq Bədəlov Azərbaycanın Xalq Cümhuriyyətinin tarixindən danışıblar. Dövlətçilik tariximizdən bəhs edən çıxışçılar qeyd ediblər ki, əsası 1918-ci ildə qoyulmuş Azərbaycan Respublikası bu gün dünyada iqtisadi və siyasi gücünə görə tanınır. Ümummilli lider Heydər Əliyevin apardığı siyasətin nəticəsidir ki, bu gün azərbaycanlılar təkcə ölkəmizdə deyil, dünyanın hər yerində rahat və təhlükəsiz şəraitdə yaşayırlar. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev dünya ölkələri ilə dostluq siyasəti aparır.
Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə olduğu kimi, Rusiyada da böyük mədəni-humanitar layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, bu gün Dərbənd şəhərində Azərbaycanın nüfuzlu ali məktəbi olan İqtisad Universitetinin filialı fəaliyyət göstərir.
BDM-in sədri Azərbaycan Prezidenti İlham Əliyevin apardığı tolerant siyasət haqqında da danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, tarixi abidələrimizin, məscidlərimizin dağıdılmasına baxmayaraq, Bakının mərkəzindəki erməni kilsəsi qorunub saxlanılır.

Azərbaycan İqtisad Universitetinin Dərbənd şəhər filialının direktoru Qurban Qurbanov deyib ki, bu gün hər iki ölkənin əldə etdiyi uğurların müəllifləri prezidentlər İlham Əliyev və Vladimir Putindir. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunda hər iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olduğu bir daha öz təsdiqini tapdı. Bu gün Azərbaycan və Rusiya şirkətləri qarşılıqlı şəkildə ölkələrin iqtisadiyyatına böyük investisiyalar qoyurlar.
Direktor Azərbaycanın dövlətçilik tarixindən də bəhs edib. O qeyd edib ki, 100 il bundan əvvəl yaranan Azərbaycan Respublikası bu gün təkcə regionda deyil, dünyada böyük nüfuza sahibdir.
Tədbir konsert proqramı ilə davam edib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …