Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Qaz və işığın limitinin artırılması ilə hər bir vətəndaş ildə təxminən 44 manat qənaət edəcək – EKSPERT

Qaz və işığın limitinin artırılması ilə hər bir vətəndaş ildə təxminən 44 manat qənaət edəcək – EKSPERT

Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub. Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb.

Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.

Qeyd edək ki, ölkə başçısının bu addımı öncədən gözlənilən idi. “Yeni Müsavat” olaraq biz də bir neçə dəfə bu məsələyə toxunaraq limitlərin atırılacağı məsələsini gündəmə gətirmişdik.
Həmçinin Tarif Şurasının bu qərarı verdiyi ərəfədə redaksiyamızın qonağı olan deputat Adil Əliyev də bu qərarda müəyyən korrektələr olacağını, dövlət rəsmilərinin müəyyən dəyişikliklər edəcəyini açıqlamışdı. O bildirmişdi ki, dövlət rəsmilərinin bu qərarla bağlı son sözü olacaq: “Tarif Şurası müstəqil bir təşkilat kimi müxtəlif sahələrlə bağlı müəyyən araşdırmalardan sonra qərarlar qəbul edə bilir. Bu qərarları qəbul etdikdə nə Milli Məclis, nə də millət vəkilləri ilə məsləhətləşirlər. Onun üçün də dövlət rəsmiləri, aidiyyəti insanlar bununla bağlı açıqlama verəcəklər. Qərar yeni qəbul olunub, amma açıqlamalar olacaq, olmalıdır. Bu açıqlamalar xalqın, millətin xeyrinə olmalıdır. Biz bu açıqlamaları aidiyyəti qurum və təşkilatlardan, insanlardan gözləyirik. Korrektə ola bilər. Başqa sahələrdə də adekvat addımlar atıla bilər. Maaşlar qaldırıla bilər, məsələn. Hesab edirəm ki, bu çətin zamanda, manatın devalvasiyaya uğramasından sonra qiymətlərin qaldırılmasının çox təhlükəli məqam olduğunu Tarif Şurası gözəl anlayır, başa düşür. Onun üçün də mütləq dövlət rəsmilərinin bu barədə münasibəti olacaq”.

Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılmasına münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu açıqlamasında bildirdi ki, bu qərarla normadan artıq qaz istehlak edənlərin illik xərci 20 manat, elektrik enerjisi istehlak edənlərin illik xərci isə 24 manat azalacaq: “Mən Tarif Şurasının birinci qərarından sonra təklif etmişdim ki, elektrik enerjisi üçün diferensiallaşma norması ailə üzvlərinin sayı ilə əlaqələndirilməli və 2 nəfərlik ailə üçün bu norma 300 kilovat-saatdan başlamalıdır”.

Bu sahədə xarici təcrübəyə toxunan iqtisadçı qeyd etdi ki, Gürcüstanda da bahalı tarif 300 kilovat-saatdan səviyyəsindən başlayır, Qırğızıstanda aşağı tarifin maksimum norması 700 kilovat-saatdır: “Türkmənistanda isə hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir. Əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir. Tarif Şurasının qərarına korrektə edərək qaz və elektrik enerjisi üçün diferensiallaşma normaları dəyişdiyi halda qiymətlərin sabit saxlanılması onu göstərir ki, digər enerji bazarlarında da tariflərin artırılacaq”.

Qubad İbadoğlunun fikrincə, diferensiallaşma müxtəlif əsaslar üzrə aparılmalıdır, o cümlədən gecə və gündüz tarifləri fərqli olmalıdır: “Gecə və gündüz istehlakçılarının hər ikisinin eyni qiyməti ödəməsi ədalətli deyil. O baxımdan bu tariflər fərqləndirilməlidir. Həmçinin mən hesab edirəm ki, bu limit ailə üzvlərinin sayına uyun müəyyən edilməlidir. 2 uşağı olan ailə üçün də 300 kv/s, 4 uşağı olan ailə üçün də 300 kv/s elektrik limiti tətbiq olunursa bu sosial baxımdan ədalətli yanaşma deyil. Çünki o ailələrin istehlakı fərqlidir. Əks halda bu qərarlar ailənin digər xərclərinin azaldılmasına, təhsil və səhiyyə xərclərinin minimuma enməsinə səbəb ola bilər ki, bu da həmin uşaqların gələcəyini sual altında qoyur. Elə ailələr var ki, qənaət etmək üçün kompüter və televizordan az istifadə edirlər. Bu da ailə üzvlərinin düşüncə baxımından geri qalmasına səbəb olan bilər. Gecə və gündüz istehlakçıları üçün tariflər fərqli olmalıdır. Ailə üzvlərinin sayına görə limit fərqli olmalıdır. Eyni zamanda qış və yay mövsümləri üçün limit fərqli müəyyənləşdirilməlidir. Azərbaycan hökuməti bunu məcburi köçkünlərə münasibətdə tətbiq edir. Eyni yanaşmanı əhali qrupu üçün də tətbiq etmək olar”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın