Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Qəzet redaksiyasına çələng və kəsilmiş qoyun başı göndərdilər

Qəzet redaksiyasına çələng və kəsilmiş qoyun başı göndərdilər

Rusiyada dərc edilən “Noyava qazeta”dan bildirildiyinə görə, son iki gün ərzində redaksiya əməkdaşlarının ünvanına hədələr daxil olur. Oktyabrın 17-də naməlum şəxslər ofisin qarşısına üzərində jurnalist Denis Korotkovun ünvanına hədə-qorxu qeyd olunmuş matəm çələngi qoyublar. Ertəsi gün isə ofisin qarşısına qoyulmuş səbətdə kəsilmiş qoyun başı və nəşrin bütün kollektivinin ünvanına hədələr aşkarlanıb. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qəzetin bu gün yaydığı bəyanatda deyilir.

Göndərilmiş çələngə əlavə olunmuş qeyddə bildirilir ki, “Korotkov vətən xainidir”. Qoyun başını müşayiət edən kağız parçasında isə bunlar yazılıb: “Novaya qazeta”nın baş redaktoruna. Sizə və Korotkova salamlarla”. Qoyun başının ətrafında səbətdə konfetlər və qərənfillər də olub.

 

Redaksiya bu qorxunc bağlamaları şəbəkədə nəşr haqqında yayılmış, düzgün olmayan informasiya ilə əlaqələndirirlər. Həmin xəbərlərdə deyilir ki, “Novaya qazeta” Suriyada döyüşən rusiyalı təyyarəçilərin əlaqə məlumatlarını dərc edib və bununla da onların ailələrini təhlükə qarşısında qoyub. Nəşr qeyd edir ki, bu cür məlumat yaymayıb və belə informasiya nə qəzetdə, nə də onun saytında dərc edilməyib.

“Lakin bu yalan hansısa “ictimai fikir liderləri”nin trolları və şərhləri ilə qat-qat gücləndirilib. Həmin şəxsləri ya pulla alıblar, ya da gizli istifadə edirlər ki, bu da jurnalistlər üçün real təhlükə mənbəyidir. Buna dözmək niyyətində deyilik, həm də təhlükənin haradan qaynaqlandığını yaxşı bilirik”, – qəzetin kollektivi yazır.

“Novaya qazeta” Daxili İşlər Nazirliyindən və digər hüquq-mühafizə orqanlarından jurnalistlərin mühafizəsi üçün bütün zəruri tədbirlərin görülməsini tələb edib və hədə faktlarının araşdırılmasına, günahkarların cəzalandırılmasına çağırıb.

Xatırladaq ki, Denis Korotkov 2017-ci ildə Sankt-Peterburqda dərc olunan “Fontanka” nəşrində işıq üzü görmüş “Vaqner” özəl hərbi şirkəti haqqında araşdırmanın müəllifidir. Bu yazılardan sonra onun ünvanına birbaşa hədələr daxil olmağa başlayıb.

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …