Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Media / Berlin faciəsinin dərsləri: vətəndaşlarımız necə qorunur? – REPORTAJ

Berlin faciəsinin dərsləri: vətəndaşlarımız necə qorunur? – REPORTAJ

Almaniyanın paytaxtı Berlində təşkil olunan izdihamlı Milad bazarına dekabrın 19-da saat 20.00 radələrində yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb.
Hadisənin yeni təfərrüatları yayılıb. Mərkəzi meydanların birində yerləşən bazarda həmin gün minlərlə adam olub. Yük maşını insanları əzə-əzə, ticarət çadırlarını dağıda-dağıda 50-80 metr gedib. Nəticədə 12 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.
Maşının kabinəsində iki nəfər olub. Polis ilk olaraq pakistanlı bir gənci şübhəli şəxs qismində saxlasa da, sonradan onu sərbəst buraxıb. Polislər terrorçunun silahlı olduğunu və hələ də axtarışların getdiyini bildirib.
Hadisə yerində bu qədər insanın olmasının səbəbi qeyd etdiyimiz kimi, Milad bayramı ilə bağlı olub. Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan Milad bayramında İsa peyğəmbərin doğum günü qeyd edilir. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər.
Katoliklər dekabrın 25-də Miladı qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Bəziləri isə bunu tam başqa səbəblərlə – yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri “Yenilməz Günəşin doğulması” bayramı ilə əlaqələndirirlər.
Terrordan heç kəs sığortalanmayıb. Bu səbəbdən yenə diqqətimiz Bakıdadır. Hazırda paytaxtımızda “Soyuq əllər, İsti ürəklər” adlı Xeyriyyə Yarmarkası təşkil edilib. Burada da hər gün yüzlərlə adam olur. Əvvəlki illərdən fərqli olaraq bu dəfə yarmarka daha geniş ərazini əhatə edib. Yarmarka şəhərin düz mərkəzi küçəsində yerləşir. İnsanların ən sıx olduğu yer buradır. Deməli, mühafizəsi də güclü olmalıdır. Bayaq da dediyimiz kimi, terrordan heç kim sığortalanmayıb və baş vermiş hadisələrdən dərs çıxarmaq lazımdır.
Bu səbəbdən bəhs etdiyimiz yerə baş çəkdik. Yarmarkada yüzlərlə adam var idi. Şirkətlər, firmalar öz məhsullarını və xidmətlərini təqdim edirdilər. Əsl bayram əhval-ruhiyyəsi var idi. Bizi maraqlandıran isə ayrı bir mövzudur – təhlükəsizlik…
Avropanın bir sıra ölkəsində, sıxlıq olan küçələrdə zibil qutuları ləğv edilir. İnsanlardan zibilləri yerə atmaları xahiş edilir. Səbəb isə zibil qutularının partlayıcı maddə yerləşdirmək üçün yaxşı şərait yaratmasıdır. Bakıda onsuz da zibil qutusu çatışmazlığı olduğu üçün bu nüans maraqlı deyil.
Ərazidə gözümüzə cəmisi bir neçə polis əməkdaşı dəydi. Hamısı növbəli olaraq yerlərini dəyişib və ərazidə gəzişib vəziyyətə nəzarət edirdilər. Polis sayının çox olmaması bəlkə də insanları narahat etməmək üçün idi, amma mühafizə hər zaman, üstəlik bu günlərdə daha önəmlidir.
Ərazidə gəzişib, sakinlər arasında sorğu keçirdik. Onlara tək sual ünvanladıq: Özünüzü təhlükəsizlikdə hiss edirsinizmi?
 
Bakı sakini olan Günel Səfərova dedi ki, nəinki yarmarkada, həmçinin ölkədə özünü təhlükəsiz hiss edir: “Almaniyada baş verən hadisədən xəbərim var. Oxşar hadisədən heç kim təbii ki, sığortalanmayıb. Amma bizdə belə bir şeyin olacağını düşünmürəm. Allah o gündən bizi uzaq etsin. Vaxtilə olan terror hadisələrini unutmamışıq. O hadisələrin acısı hələ də keçməyib. Hazırda isə ölkəmiz sakitdir. Maddi böhran yaşasaq da, terror kimi hadisələrdən uzağıq. Özümü ölkəmdə təhlükəsiz hiss edirəm”.
Orta məktəbdə müəllim işləyən Arif Əhədov sualımıza belə cavab verdi: “Artıq elə bir vəziyyətə çatmışıq ki, küçəyə çıxanda da qorxa-qorxa gedirik. Çarşablı qadın görəndə içimdə bir qorxu yaranır. Dünyada baş verən terror hadisələri adamı vahiməyə salır. Əgər Avropa ölkələri bu zillətdən qaça bilmirlərsə, deməli, biz də aciz durumdayıq. Sadəcə gözə batmırıq, siyasi iddialarımız digərləri kimi deyil, hansısa ölkədə müharibə aparmırıq, ermənilər kimi kiminsə torpağını zəbt etməmişik, deyə biz oxşar hadisələrdən uzaqdayıq”.
Sorğumuzun nəticəsində məlum oldu ki, insanlarımız özlərini güvəndə hiss etsələr də, terrorun heç də uzaqda olmadığını da düşünürlər. Bu səbəbdən psixoloji olsa da, narahatlıq hissi keçirirlər.









VIPedu.BIZ

Həmçinin oxuyun

“Time” jurnalı ilin adamının adını açıqladı

Amerikanın “Time” jurnalı ilin adamı nominasiyasının qalibinin adını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ilin adamı …

Bir cavab yazın