Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Radikal dindarların sosial məkanda yeni hədəfləri

Radikal dindarların sosial məkanda yeni hədəfləri

Artıq sosial şəbəkələrdən xeyirxah məqsədlərlə yanaşı, bəzi məkrli planların həyata keçirilməsi üçün də məharatlə istifadə edirlər. Sərhəd tanımayan bu vasitələrlə istənilən fikri, ideyanı yaymaq, onun ətrafında birləşməyə vətəndaşları təhrik etmək mümkündür.

Məhz bunun nəticəsidir ki, hazırda bir sıra ölkələr arasında informasiya savaşı hibrid müharibələr kimi səciyyələndirilir. Hətta bir çox böyük ölkələr bu zərərli tendensiyaları həyata keçirmək və ya ondan qorunmaq üçün kiber ordular  formalaşdırıblar. Son günlər ərzində Azərbaycanla da bağlı sosial şəbəkələrin vasitəsilə çirkin təbliğat aparılır. Xüsusilə də guya ölkədəki dini mühitin gərgin vəziyyətdə olduğu, məqsədli şəkildə məzhəblərarası və etnik münasibətlərin qızışdırıldığı  bildirilir. Həmin iddialara görə, guya Azərbaycan hakimiyyəti yalnız sözdə tolerant, multikultural siyasət yürütdüyünü bəyan edir, dindarları təqib edir, onları sıxışdırır, milli azlıqların hüquqlarını tanımır. Çox təəssüflər olsun ki, ölkəmizə qarşı bu cür iyrənc təbliğatı əsasən xaricə sığınmış dönük vətəndaşlarımızın vasitəsilə həyata keçirirlər. Gəncədə baş verən terror hadisəsindən sonra biz bunun əlamətlərini aydın şəkildə müşahidə etdik.

Nur-az.com, Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com kimi saytlar, “Hüseyniyyun” adı verilmiş “Facebook” səhifəsi, 2017-ci ilin fevralından başlayaraq “YouTube” kanalı üzərindən əsasən rus dilində dini motivli verilişlərlə çıxış edən və Rusiyada qurulmuş “Ar-rad TV”, “Ru-clip.ru” kimi internet televiziyaları və digər resursların Azərbaycan əleyhinə yönəlik fəaliyyətini buna misal göstərə bilərik. Belə ki, həmin hadisələr zamanı onlar əhalimizi silahlı üsyana çağırır, “Yunis hərəkatı”na dəstək olmağa səsləyir, eyni “qəhrəmanlığın” digər şəhərlərdə də təkrarlanması üçün təbliğat aparırdılar. Əgər xatırlayırsınızsa, Yunis Səfərovun xanımının öz terrorçu əri haqqında “imam qisasçısı” obrazı yaratmağa hesablanmış açıqlamaları da elə “Ar-rad TV” vasitəsilə yayımlanmışdı. İndi həmin kanalda estafet “ilahiyyatçı alim” kimi təqdim edilən Orxan Məmmədov adlı birinə ötürülüb.

Araşdırdıqda məlum olur ki, O.Məmmədov Qumda təhsil alıb, “hicab müdafiəçisi” kimi sekulyar sistemimizin əleyhinə fəallıq göstərib, 2000-ci illərin ikinci yarısından etibarən o, bir neçə dəfə polis tərəfindən saxlanıb. Bir neçə il öncə isə daimi yaşayış yeri kimi İranı seçib və tez-tez Rusiyaya səfərlər edir.

Bildirilir ki, məhz “Ar-rad”ın  apardığı təbliğat nəticəsində Rusiyaya əmək miqrantı kimi getmiş azərbaycanlıların bəziləri tora salınaraq, Suriya döyüşlərinə cəlb olunub.

Yadınızdadırsa, məhz Gəncə hadisələrinin aktual olduğu dönəmdə, İrana sığınan Tohid İbrahimbəyli adlı başqa bir dönük vətəndaşımız da Azərbaycan dövlətinə meydan oxumağa cəhdlər edirdi. Çox təəssüflər olsun ki, hər iki şəxs bu iyrənc təbliğatı Azərbaycanla qonşu olan bir ölkənin ərazisindən aparır. Qarabağ məsələsində Azərbaycanın gücləndiyi bir vaxtda bu sayaq aktivləşmələr təsadüf sayıla bilərmi? Dini müstəvidə Azərbaycana yönəlik virtual hücumun mahiyyətini nə ilə izah etmək olar?

Tanınmış şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yöndə aparılan çirkin təbliğatın yalan olduğunu hamımız bilirik: “Amma təəssüflər olsun ki, bəzən bu yalanın təsirinə çoxlu sayda vətəndaşımız düşür. Tam məsuliyyətilə deyə bilərəm ki, istər dini, istərsə də milli sahədə ölkəmizdə olan birlik və bərabərliyin analoqu heç bir yerdə yoxdur. Mən bunu deyilən sahələrə yaxından bələd olan, hər gün yüzlərlə inanclı şəxslə yaxından təmas edən şəxs kimi deyirəm. Artıq açıq görünür ki, bu ideal mühit bəzilərini qane etmir. Bu səbəbdən də belə pozuculuq ortaya salırlar. Həmin qüvvələr bilirlər ki, Azərbaycanın əlaqədar qurumları bu sahədə olduqca həssas fəaliyyət göstərirlər. Buna görə də virtual vasitələrlə vətəndaşlarımızın “beyinlərini yumağa” yönəlik fəaliyyətə start veriblər. Bir sözlə, ölkənin daxilinə başqa yollarla sirayət etməyi bacarmayanlar bunu internet vasitəsilə həyata keçirmək istəyirlər. Bu baxımdan da bütün jurnalistlərin, cəmiyyətdə söz sahibi olan şəxslərin, bir sözlə, virtual aləmə çıxışı olan hər bir vətəndaşımızın bu istiqamətdə fəal olması vacibdir. Mən Zaqatala rayonunda yerli İcra Hakimiyyətinin dəstəyilə oradakı İslam Universitetində dini maarifləndirmə, mənəvi dəyərlərin təbliği yönündə tədbir keçirirəm. Belə məzmunlu tədbirləri davamlı olaraq digər rayonlarda da keçirməyi planlaşdırıram. Xaricdən olan belə müdaxilələrin qarşısını almaq cəmiyyətimizdə sosial sifarişə çevrilməlidir. Mən ölkəmizin əlaqədar qurumlarına bu yöndə göstərdikləri həssaslığa görə minnətdarlığımı bildirirəm. Vətəndaşlarımız bilməlidirlər ki, ən təhlükəli məsələ dövlətsizlikdir. Hər bir şəxs ideoloji baxımdan dövlətin mühafizəsində aktiv iştirak etməlidir. Birmənalı olaraq deyirəm ki, bu işlərin hansısa xarici ölkələrin kəşfiyyat qurumları tərəfindən həyata keçirildiyinə zərrə qədər də olsun şübhə yeri qalmayıb. Ancaq onlar birdəfəlik bilsinlər ki, Azərbaycan dövləti çox güclüdür. Bununla yanaşı, ürəkbulandıran belə dönük ünsürlərə qarşı da sayıqlığımızı əldən verməməliyik. Hər bir şəxs bilməlidir ki, Vətənin, dövlətin mühafizəsi namus və şərəfin keşiyini çəkməklə eynilik təşkil edir. Bu məsələdə Vətən, millət, bayraq heysiyyəti ümdə olmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …