Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / İş adamı azadlığa buraxılmadı- 1 milyon vergi borcu var

İş adamı azadlığa buraxılmadı- 1 milyon vergi borcu var

Paytaxtda eyni mənzilləri bir neçə nəfərə satmaq ittihamı ilə həbs edilən iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vergidən yayınmaqda ittiham edilən 1955-ci il təvəllüdlü Cəfərov Xanlar Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xanlar Cəfərovun vəkilləri məhkəmədə vəsatətlə çıxış ediblər.

Vəkillər bildirib ki, Xanlar Cəfərovun səhhətində problem var. Müdafiəçilər onun əməliyyat olunması ilə bağlı sənədləri də məhkəməyə təqdim ediblər.

Həmçinin vəkillər vəsatətdə qeyd ediblər ki, zərərçəkmişlərlə barışıq əldə edilib, dəymiş zərər ödənilib.

“Xanlar Cəfərova 1 milyon 30 min manat vergidən yayınma ittihamı da verilib. Amma onun 2 milyondan artıq dəyəri olan əmlakına həbs qoyulub. Yəni məhkəmə sonunda əmlak ziyanın ödənilməsinə yönləndirilə bilər. Bütün bunları nəzərə alaraq Xanlar Cəfərovun ev dustaqlığına buraxılmasını xahiş edirik”- deyə vəkillər vəsatətdə qeyd edib.

Dövlət ittihamçısı isə vəsatətin təmin edilməsi üçün əsas olmadığını bildirib. Prokuror qeyd edib ki, Vergilər Nazirliyinə dəymiş zərərdən yalnız 100 min manat ödənilib.

Məhkəmə müşavirədən sonra vəsatətlə bağlı qərarı elan edib. Qərara əsasən vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, X.Cəfərov dələduzluqda və vergidən yayınmada təqsirləndirilir.

X.Cəfərovun rəhbəri olduğu “Avro Qrand” şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib.

Nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə biliblər, nə də pulları qaytarılıb. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

Sonuncu dəfə iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …