Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / Biz Bütöv Azərbaycançılar İranda nə görürük və nə gözləyirik? – Taleh Şahsuvarlı

Biz Bütöv Azərbaycançılar İranda nə görürük və nə gözləyirik? – Taleh Şahsuvarlı

Mahmudəli Çöhrəqanlı Azərbaycana təzə gələn vaxtlar idi. Bir çıxışına qulaq asdım. İlk təəssüratım bu oldu ki, yaxşı kişidir, amma bizim Azərbaycan siyasətindəki fiqurlardan çox-çox geridədir. Məsələn, Elşad Musayev bir siyasətçi kimi ondan qat-qat kompitent fiqurdur. AMİP kimi bir partiyanın Baş katibi olub.

Deməyim nədir? Siyasət təkcə fəaliyyət deyil, həm də elmi araşdırma predmetidir. Bizə qədər Qərbdə bu elmin əsasları, incəlikləri və s. öyrənilib, sistemləşdirilib. Bizim indiki inkişaf səviyyəmiz ancaq onu mənimsəməyə və tətbiq etməyə çatır. Odur ki, gəlin məsələyə elmi rakursdan baxaq, hərçənd başınızı terminlərlə ağrıtmayacam.

İran İslam Respublikası rejimində farslar öz sosial inkişaf indeksinə görə biz türklərdən qabaqdadır. Loru dildə bu o deməkdir, İranda farslar türklərdən yaxşı düşünür, yaxşı yaşayırlar. 1925-ci ilə qədər imperiya qurucuları olaraq “taçik” deyib ikinci sort olaraq gördüyümüz zümrə bu üstünlüyü ancaq Pəhləvi rejimi qurulandan sonra əldə edib. Xomneyi rejimi şiəliyi fars millətçiliyi ilə birləşdirib. Bu gün klassik türk ənənəsinin İran hakimiyyətində yeganə, fəqət ən güclü təmsilçisi Xamneyidir. Din xadimi olsa da, farslarla nə qədər qaynasa da, qarışmır! Xamneyi yüz Ruhanini, min Əhmədnejatı, on min filankəsi cibində gəzdirəcək dərəcədə əzəmətli fiqurdur. Böyük maliyyəsi, silahlı gücü olan təcrübəli dövlət adamıdır. Xamneyi faktorunu gözardı edən İranda heç bir proses uğur qazana bilməz. Zira, Xamneyinin indiki xətti və ideolojisi iflasa məhkumdur. Əvvəla, yaş öz sözünü deyir. Digər tərəfdən “zamanın ruhu” islam/şiə rejiminin əleyhinədir. İran vətəndaşı azad və rifah içində yaşamaq istəyir. Odur ki, milli mənsubiyyətindən asılı olmayaraq İranda hər kəs korrupsiyaya uğramış ideoloji bir dövlətin sıxışdırılmış, dünyadan təcrid olunmuş vətəndaşı olaraq deyil, təşəbbüskar və sosial müdafiəsi güclü çağ adamı kimi yaşamaq istəyir. Uzun sözün qısası, İran İslam Respublikası dünyaya açılmağa məhkumdur və bu açılım Xamneyi üçün, onu tarixdəki müsbət xatirəsi üçün “fatihə” deməkdir. Fəqət Xamneyinin tarixdə öz zəngin təcrübəsinə layiq bir şəkildə şərəf və rəhmət sahibi olaraq qalmaq imkanı da var. Bu, onun Güney Azərbaycanın istiqlalına münasibətindən asılı olacaq.

Sosial problemlərin milləti olmur. İranın üzləşdiyi sanksiyalar, ÜDM-in az qala ikiqat aşağı düşməsindən hər kəs nəsibini alıb. Bu, o deməkdir ki, zənginlər İranda iki dəfə, orta təbəqə bir az çox qazanc itirib, kasib təbəqə isə lümpenləşib. Ac qılınca çapar! Acın qarşısını qılıncla almaq mümkün deyil. Dünyaya açılmadan bu problemləri çozmək isə imkansızdır. İranın dünyaya açılması azadlıq və dünyəvi hüquq anlayışının ölkəyə girişi deməkdir. Donald Tramp dəqiq ifadə etmişdi: “İran ərzaq və azadlığa möhtacdır”! Ölkədəki qıtlığın, infilyasiyanın, korrupsiyanın məsuliyyətini Ruhani iqtidarı Xamneyinin boynuna atmaq istəyirdi. Sosial narazılıqları körükləyən xarici deyil, əsasən içəridəki qüvvələr idi. Xamneyi ilk raundu uddu. Əlbəttə, xaricdə də bu kataklizmlərdən faydalanmaq istəyənlər vardı, ancaq problemin qaynağı daxili şərtlər idi. Ekonomik iflas, korrupsiya və orta təbəqənin müflisləşməsi, bütün bunların fonunda azadlıq və dünyəvi hüquqa ehtiyac üsyanların başlıca təhrik edici qüvvəsi idi.

Bir sıra kiçik etirazları nəzərə almasaq, Güney Azərbaycan bu üsyanda fəallıq nümayiş etdirmədi. Səbəb o deyildi ki, Güney Azərbaycan əhalisi daha yaxşı yaşayır. Xeyr! Məsələ ondadır ki, Güney Azərbaycanda yaxın illərdə bir sıra milli zəmində etirazlar qalxıb və həmin etirazlara qarşı aparılan repressiya əhalini daha ehtiyyatlı olmağa sövq edib. Məsələn, Quzey Azərbaycanda xalq hərəkatı başlayanda ən aktiv təbəqə universitet tələbələri və onların gənc müəllimləri idi. Həmin nəsil 1930-cu illərin repressiyalarını görməmişdi, gecə qapıları döyülməmişdi, NKVD-nin evdən apardığı adamların başına çaxdığı güllənin səsini eşitməməşdi. Odur ki, gənc nəsil daha cəsarətli idi, yaşlı nəslə mənsub ziyalıları qorxaqlıqda, satqınlıqda ittiham edirdi, amma bir kərə “ilan vuran ala çatıdan qorxmuşdu”. Odur ki, hətta Azərbaycanın müstəqilliyi barədə Konstitusiya Aktı qəbul ediləndə bir çox təcrübəli deputatlar bağımsızlığımızın əleyhinə səs vermişdi. Biz eyni prosesi Güney Azərbaycanda da görəcəyik.

Bəribaşdan bilməliyik ki, İran iki-üç etiraz aksiyası ilə yıxılacaq, dəyişəcək rejim deyil. İran kimi bir sosial-siyasi müstəvidə dəyişimlər üçün uzun illər lazımdır. Zira zamanın əlahəzrət ruhu və yeni dünya düzəni ilə bağlı projelər bu prosesin sürətlənməsini zəruri edir. Anti-İsrail və Anti-Amerikan ovqatı hər nə qədər İranda yüksək həddə olsa da, onların yanaşmaları və addımları qıcıq doğursa da, İranda dəyişiklik dünyanın idarəçilərinin konkret hədəfidir. Odur ki, İranda islam rejimi ABŞ prezidenti Donald Trampın ilk səlahiyyət müddətində süqut etdiriləcək. Bunun üçünsə bütün iqtisadi, siyasi, o cümlədən hərbi gücdən istifadə ediləcək. ABŞ İraqdan fərqli olaraq İrana dərhal ordu yeridəcək deyil, ilk fürsətdə kürdləri silahlandıraraq bölgəni xaosa sürükləməyə çalışacaq.

Mən Güney Azərbaycan türklərinin ABŞ və İsrailə alət olub kürdlərlə birgə silahlı mübarizəyə qoşulmasının qəti əleyhinəyəm. Ancaq gözləmə mövqeyində dayanıb “hazıra nazır olacağıq” məntiqi ilə hərəkət edilməsinin də heç bir perspektivi yoxdur. Azadlıq qansız-qadasız əldə edilmir! Odur ki, Güney Azərbaycan türkləri Quzey Azərbaycanda müstəqillik uğrunda mücadilədə baş vermiş 20 yanvar kimi qanlı olayları da xatırlayaraq maksimum az itki ilə prosesdən qalib çıxmağı hədəfləməlidir. Bunun üçün fərdi azadlıqlar, sosial və mədəni hüquqlar və İranın idarəçiliyində söz sahibi olmaq kimi tələblər mütəşəkkil aksiyalarla irəli sürülməlidir. Keçmiş SSRİ-də xalq hərəkatları ona görə qalib gəldi ki, məsələn, demokratik Litva istəyən bir Pribaltika siyasi fəalı ilə eyni tələblə meydana çıxmış azərbaycanlı psixoloji müttəfiq idilər, üstəlik rus mujiki də onlarla eyni düşüncəni paylaşırdı.

Ötən əsrdə İranda Güney Azərbaycan türkləri dəfələrlə üsyana qalxıb və milli azadlıq mücadiləsi apararaq hətta müstəqillik elan ediblər. Lakin eynən Quzey Azərbaycandakı Xalq Cümhuriyyəti kimi Güneyli qardaşlarımızın da qurduqları milli dövlət qısa ömürlü olub. Quzey Azərbaycanda müstəqilliyimizi nominal da olsa saxlamığımız 1991-ci ildə köməyimizə çatdı, Məmməd Əmin Rəsulzadə və silahdaşları kimi yoxdan bir dövlət qurmadıq, hazır dövlət təşkilatlarında islahatlar apararaq milli sturukturlar yaratdıq. Güney Azərbaycanın muxtariyyət tələbini önləmək üçün isə İran şovinistləri hiyləgər bir addım atıb: Güney Azərbaycanı iki qismə bölüb, bölərkən də tarixi ərazilərimizi əməllicə qayçılayıb. Odur ki, İran daxilində muxtariyyət tələbi xeyli su aparacaq və sonunda küt gedəcək xəmirdir. Şah və İran islam rejimi hər nə qədər sosial inkişafı əngəlləsə də, siyasi fəaliyyət mühitini daraltsa da, Azərbaycan türkcəsini tam boğa bilməyib. Güney Azərbaycanda bizim vətənimiz bizim dilimizdir və vətəni xilas etmək üçün hər şeydən öncə dili xilas etmək lazımdır. Bu, isə təkcə mədəni yox, həm də siyasi haqlardan keçir. İranda azadlıq problemi həm fərdi, həm də milli mahiyyət daşıyır. ABŞ da, Rusiya da, İngiltərə də, Avropa Birliyi də anlamalıdır və zənnimcə anlayır ki, milli müstəvidə cərəyan etməyən anti-rejim aksiyaları İranın başından bir tük əksik edəsi deyil, kürdlər xaric radikal milli müstəviyə keçən mübarizə isə etnik çoxluqda və sosial üstünlükdə olan farslarla əsas azlığı təmsil edən türkləri qarşı-qarşıya qoymaqla hakim elitanın maraqlarına xidmət edəcək. Odur ki, Güney Azərbaycan türklərinin fərdi və milli azadlıq mübarizəsi ancaq və ancaq demokratik məzmun daşımalıldır.

Yuxarıda dediyim kimi, siyasət bir elmdir və təsnifləşdirilib. “Hakim elita”nın məzmun və xüsusiyyətlərini bilmədən xüsusən İran kimi bir ölkədə nəinki siyasi iddia təmin etmək, hətta fikir yürütmək olmaz. İstənilən elita, xüsusən də hakim mövqedədirsə, öz daxilində çoxsayda maraqlar konfliktini barındırır. Fəqət hər bir siyasi qrup təhlükə qarşısında özünüqoruma və uzlaşma xəttini tutmağa meyilli olur. Xarici təhlükə o qədər böyük və real olmalıdır ki, hakimiyyət resurslarını əldə cəmləmiş təbəqə bir-birinə arxalanmağın mənasız olmasını fərq edib seperatizmə meyillənsin. Bu kural İranın hakim elitası üçün də keçərlidir. Sel gələndə islahatçıya, mühafizəkara baxmayacaq, hər kəsi silib-süpürəcək. Odur ki, bu gün islahatçı ya mühafizəkar olmasından, nə cür görüanməsindən asılı olmayaraq xalqa, azadlığa və xarici təzyiqlərə qarşı İranın hakim elitası birləşmə meyli sərgiləyəcək. “İran miladı” aksiyaları bu baxımdan hər nə qədər rejimin çökməsinə xidmət etsə də, o qədər də hakim elitanı ayıltdı: onlar daha çox həmrəy olacaqlar!!!

Beləliklə, qarşımızda çox palitralı və mürəkkəb bir İran tablosu var. Biz- Quzeydə və Güneydə olan Bütöv Azərbaycan sevdalıları nə etməliyik? Bizim işimiz ilk baxışda rahat görsənir: çünki qaynayan qazanda bişəcək biz deyilik. Ancaq bizlər də bu günlərə şirin ağızla halva yeyə-yeyə gəlməmişik: torpaq itirmişik, şəhid vermişik, Rəhim Qazıyevlər və Surət Hüseynovlar görmüşük, Ziya Məmmədovlar yola salmışıq, Rüstəm İbrahimbəyovlar təzdirmişik… Bu gün Quzey Azərbaycanın ictimai rəyi bütövlük strategiyasının əleyhinə çıxacaq bütün marginalları susdurmağa qadirdir. Lakin bizim nə istəməyimizdən daha çox Güney Azərbaycan türklərinin “zamanın ruhu”na nə qədər çevik reaksiya verməsindən və nələrə qadir olmasından asılıdır hər şey. Azərbaycan müstəqillik təcrübəsinə, xüsusi inkişaf modelinə və beynəlxalq tribunadan söz demək imkanlarına malik bir ölkə olaraq Güney Azərbaycandakı soydaşlarımızın ortaya qoyacağı iradəyə supergüclərdən dəstək ala bilər. Əlbəttə, Kataloniyanın müstəqilliyini qəbul etməyən supergüclər Azərbaycanın istəyi ilə də oturub-durmayacaq. Ancaq Kosovada olduğu kimi şərtləri ideallarımızı reallaşdırmaq üçün əlverişli vəziyyətə gətirmək də olar. Güney Azərbaycanda ilkin tələblərinin nə olmasından asılı olmayaraq xalq hərəkatının formalaşması və təşkilatlanması milli müstəqillik deməkdir.

Beynəlxalq münasibətlərdən söz düşmüşkən, “bir millət və iki dövlət” olduğumuz Türkiyənin Güney Azərbaycan məsələsinə rəsmi baxışına nəzər salmaqda fayda var. Hər şeydən öncə onu demək lazımdır ki, Türkiyə ilk vaxtlar heç Quzey Azərbaycanın müstəqilliyinə sıcaq yanaşmamışdı. Dönəmin iqtidar sahibi Turqut Özal “Azərbaycan müstəqillik qazanarsa İranla birləşər” deyə sünnilik kompleksi ilə tövr sərgiləmiş, onun fikrini dəyişmək üçün xeyli çabalar xərclənmişdi. İndi Türkiyənin başında imkanı olsa sünni islam rejimi quracaq bir Ərdoğan var, şiə kökənli Azərbaycanın birləşməsi onun kafasını ən azı qarışdıracaq məsələdir. Üstəlik, ortada kürd məsələsi də var ki, Türkiyənin istisnasız olaraq bütün siyasətçiləri “növbədə bizik” refleksi ilə Güney Azərbaycanı fars rejiminə qurban verməyə hazırdır. Hətta millətçi Sinan Oğan belə bu refleks içindədir. Sadəcə, Türkiyə siyasətçiləri anlamalıdırlar ki, onların hərbi güclə ərazilərinə girmək istəmədiyi İraq hazırda müqəvva bir dövlətə çevrildiyi kimi, İran da yaxın illərdə tarix səhnəsində olmayacaq. Odur ki, əsas sual budur: Türkiyə öz qonşusunda dəngələrə hakim olan kürd dövləti görmək istəyir, yoxsa türk? Klassik ingilis siyasəti hər zaman Güney Azərbaycanın əsarətdə qalmasına yönəlib. İsrail Ortadoğuda öz milli hədəflərinə nail olmaq, Rusiya isə geopolitik çıxarları naminə Azərbaycan faktorundan yararlanmaq istəyib. Ərdoğan başda olmaqla Türkiyənin bütün siyasiləri özünə sual verməlidir: axı iki əmioğlunun- ərəblərlə yəhudilərin minilləri əhatə edən savaşında tərəf olmaq biz türklərin nəyinə lazım? İsrail pisdir, kötüdür də, Səudiyyə Ərəbistanı aydan arı, sudan durudurmu? Türkiyə doğrudan da Qərbə bölgədə dişli olduğunu sərgiləmək istəyirsə, Güney Azərbaycanın müstəqilliyinə dəstək verməlidir. Türkiyə unutmamalıdır ki, 1923-cü ildə Atatatürk cümhuriyyət elan edəndən az sonra Qacarları devirərək ingilislər Pəhləviləri taxta çıxardı, üstəlik, Atatürkün tövsiyyəsi ilə respublika modelinə həvəs göstərən Rza şahı monarxiya qurmağa məcbur etdi. Səbəb məlumdur!

Sözümün sonunda məqaləyə niyə Mahmudəli Çöhrəqanlı ilə başladığımı izah edim. Hər proses öz liderlərini yetişdirir. Yarın Güney Azərbaycanda başlayacaq milli azadlıq mübarizəsi də bəlkə də adını bilmədiyimiz ucqar bir köydə doğulmuş lider çıxaracaq ortaya. Biz onun səhvlərini, doğrularını görəcəyik, dəyərləndirəcəyik. Amma əsas olan hədəfdir! Əsas olan ideyadır və 21-ci əsrin ilk rübündə reallaşmaq şansı qazanan Bütöv Azərbaycan ideyasının yerə çırpılmaması, bayraq dalğalandırmasıdır. Mən əminəm ki bütövlük bayrağının Güney Azərbaycanda necə dalğalanmasını görmək üçün biz Təbrizə Xudafərin körpüsündən keçərək gedəcəyik. Çünki Güney Azərbaycanın müstəqilliyə yaxınlaşması ərəfəsində Ermənistan hətta ermənilərin özləri üçün də əhəmiyyətini itirəcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …