Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Əgər nazir prezidentin üzünə yalan deyirsə…- Azər Həsrət

Əgər nazir prezidentin üzünə yalan deyirsə…- Azər Həsrət

İyulun 4-də Prezident İlham Əliyevin yanında Mingəçevirdə baş vermiş və ölkəni zülmətə qərq etmiş qəza ilə bağlı müşavirəyə diqqətlə baxdım. Baxdım və gözlədiyim cavabları aldım. Özü də cənab Prezidentdən. Halbuki o cavabları məsələyə dəxli olan qurumların rəhbərləri verməli idilər.

Müşavirə haqqında çox yazılıb, yəqin ki, yazılacaq da. Amma yenə də baxıram ki, diqqəti əsas məsələlərdən yayındırmaq, hansısa nazirləri süddən çıxmış ağ qaşıq kimi təqdim etmək cəhdləri baş alıb gedir. Elə qəza baş verəndən sonra da belə edilirdi. TV kanallarımız başda olmaqla bütün media tutuquşu kimi təkrarlayırdı ki, bəs, hava normadan artıq isti olduğu üçün bu qəza baş verib. O anlarda mənsə yazırdım ki, havanın isti olması filan nağıldır: “Ölkəni zülmətə qərq edənlər cəzalandırılmalıdır! Nağıl danışırlar: istiymiş filan. A kişi, yayda isti olar da! Sanki qeyri-adi nəsə baş verib! Araşdırılsa bəlli olacaq ki, elektrik sahəsinə ayrılan milyardlar kiminsə villasına, torpaq sahələrinə xərclənib!” (3 iyul 2018, saat 12.36)

Elə həmin günün axşamı da eyni ruhda daha bir paylaşım etdim: “Yeni avadanlıq üçün ayrılan pulu basın yeyin, sonra da deyin ki, avadanlıq istiyə dözmür! Bəs necə olur ki, Koloradonun 50 dərəcəsində o avadanlıq dözür, bizim 40 dərəcəmizdə dözmür? Korrupsiya! İşığın başındakının başı getməsə bu iş düzəlməyəcək! Bu hal həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önə çıxdığı bir vaxtda baş verir, unutmayaq…” (3 iyul 2018, saat 19.31)

Həmin gün həm də bu qəza üzərindən siyasi hesab yapanlara bir ismarıcım vardı: “İşıq sönməsini fürsət bilib siyasi hesab yapanlar: fürsətcillik etməyin. Məsələ şəxsən Prezidentin nəzarətindədir və bu duruma səbəb verənlər cəzasız qalmayacaq. Elmar Vəliyevə gəlincə, bunun da üzərindən siyasət yapmaq yanlışdır…” (3 iyul 2018, saat 23.45)

İyulun 4-də isə geniş bir yazı yazaraq həm işıq qəzasına, həm də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsdə münasibət bildirmişdim. Mən bütün bunları bu qədər çılpaqlığıyla yazmaqdaykən bir sıra öndə gələn media qurumlarımız və jurnalistlərimiz malalamaqla məşğul idi. Ki, onlar həmin günün axşamı cənab Prezidentin sərt mövqeyini görüncə cürətləndilər. Amma sözüm bunda deyil.

Yuxarıda qeyd etdiyim kimi, müşavirəyə baxdım və bəzi qənaətlərim hasil oldu. Onları paylaşmaq istərdim.

Cənab Prezident qətiyyətli və birmənalı mövqedən çıxış edərək müşavirə iştirakçılarından konkretlik tələb etdi. Yəni boşuna zaman xərcləməyin, deyin görək niyə bu qəza baş verdi?

Ardınca da ayrı-ayrı nazirlər, məsul şəxslər tək-tək çıxış edib öz sahələrinə aid arqumentləri dilə gətirdilər.

Və burada da cənab Prezidentin üzünə utanmadan yalan deyəcək qədər irəli getdilər. Amma yalanları da yerindəcə faş oldu.

Səhiyyə naziri Oqtay Şirəliyev əminliklə dedi ki, işıqlar sönəndə heç bir səhiyyə müəssisəsində problem olmayıb, hamısında alternativ üsuldan – generatordan istifadə edilib. Bizsə bütün günü medianın müşahidəsini aparan insanlar olaraq görürdük ki, müxtəlif xəstəxanaların qaranlıqda qaldığı haqqında xəbərlər paylaşılır. Elə Prezident İlham Əliyev də səhiyyə nazirinin bu yalanını ordaca üzünə deməli oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mahiyyəti üzrə çıxış etdi, əsaslandırılmış arqumentlər təqdim etdi. Eyni zamanda bir topa kağız nümayiş etdirərək hələ neçə müddətdir belə bir qəzanın baş verə biləcəyi haqqında xəbərdarlıqlarının olduğunu dedi. Amma bir sual açıq qaldı: niyə fövəqəladə hallar naziri illərdir onun xəbərdarlıqlarını nəzərə almayan Etibar Pirverdiyevlə bağlı cənab Prezidentə heç bir məruzə etməyib? Bunu necə dəyərləndirək? Cənab Heydərov yaxasını kənara çəkməklə nə demək istəyir?

Daxili işlər naziri Ramil Usubov qısa və konkret hesabat verdi. Açığı, səmimi idi. Onun dediklərini biz də müşahidə etmişdik. Ən azından Bakıda durum deyildiyi kimi idi. Yəni polis gücləndirilmiş rejimdə işləyirdi, hətta bir çox hallarda fədakarlıq göstərirdi.

Bakı Nəqliyyat Agentliyi də eyni qaydada mümkün qədər çalışdı. Sadəcə bəzi marşrut sahibləri pulsuz daşımanı qulaq ardına vurdular və millətin ümumi bəlasını paylaşmaqdan yaxalarını kənara çəkməyə çalışdılar. Təəssüf ki, BNA təmsilçisi Prezidentə məruzəsində bu haqda heç nə demədi. Ümid edək ki, özləri tədbir görüb ictimaiyyətə məlumat verəcəklər.

Bakı metrosunun rəsmisi də ən azından hər kəsin gördüklərini məruzə etdi. Düzdür, fövqəladə hal üçün daha effektiv tədbirlər görmək olardı. Amma hələlik mümkün olanı ediblər və cənab Prezident bundan sonra necə etməklə bağlı tapşırıqlarını verdi.

Su təchizatına gəlincə, burada deyəcək bir sözümüz yoxdur. Çünki elektrik olmadısa, su da ötürülə bilmir.

Baş prokuror da qərarlı görünürdü və ümid edək ki, doğrudan da ciddi araşdırma aparılacaq.

Qəzanın əsas səbəbkarı hesab edilən Etibar Pirverdiyevin isə doğrudan da deyəcək sözü yox idi. Havanın isti olması üzərindən manipulyasiya etmək istədi, amma Prezident İlham Əliyev onun bu boş sözlərini dinləyərək vaxt itirmək istəmədi.

Bütün bunları nəzərdən keçirdikdən sonra bir daha Prezidentin deyilənlərə reaksiyasına və verdiyi tapşırıqlara əsaslanaraq bu qənaətə gəldim ki, baş verənlərə görə hər kəs layiq olduğu cəzanı alacaq.

Eyni zamanda ona da ümidim artdı ki, cənab Prezident aprel seçkisindən sonrakı kadr islahatlarını bir qədər də dərinləşdirəcək. Yəni ona yalan məlumat verən, yaxud da problemi bilib vaxtında tədbir görməyən, Prezidenti bu haqda məlumatlandırmayanlarla vidalaşmağın zamanı çatıb artıq…

Bir də bu müşavirədən sonra məlum komissiyanın işini biz də yaxından izləyəcəyik və dövlətə – xalqa bu qədər nəhəng zərər vurmuş şəxslərin cəzalandırılmasıyla bağlı atılan addımları müşahidə edəcəyik.

Sonda: Cənab Prezident səhiyyə nazirinin hər şeyin əla olması haqqında məruzəsinə cavab olaraq heç də belə olmadığını qeyd edərkən onu da vurğuladı ki, başqa mənbələrdən də məlumatlar alır. Demək istədiyim odur ki, o “başqa mənbələr” həm də bizim kimi gerçəkləri dilə gətirməkdən çəkinməyən jurnalistlərdir. Bilirik ki, o gerçəkləri dilə gətirmək heç də bizə xoş perspektiv vəd etmir. Amma onu da bilirik ki, arxamızda məhz cənab Prezidentin özü dayanır və onu alternativ bilgilərlə təmin etmək bizim borcumuzdur.

Lap sonda: Bütün bu qarğaşa baş verməkdəykən Milli Məclis üzvlərinin əksəriyyəti (kiçik istisnalarla) susqunluq yolunu seçdi. Yəni ölkədə bu qədər böyük fəlakət yaşanır, deputat olan kəslər buna heç bir reaksiya vermir. Bizcə, artıq onlarla da vidalaşmağın zamanı çatıb…

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …