Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Naxçıvan biznes reytinqinə görə ilk yerdə olması nə ilə bağlıdır? – ŞƏRH

Naxçıvan biznes reytinqinə görə ilk yerdə olması nə ilə bağlıdır? – ŞƏRH

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası ikinci dəfə 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində qalib gəlib.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, reytinq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatlarının nəticələrini nümayiş etdirir və “Caspian Energy” jurnalının növbəti nömrəsində dərc olunacaq.

T.Əliyev onu da qeyd edib ki, Naxçıvan MR-də sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub. İstehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş qeydə alınıb. O bildirib ki, qazanılmış uğurlar sayəsində Naxçıvanın iqtisadi potensialında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

2018-ci ilin reytinqinin əsas özəlliyi Azərbaycan iqtisadiyyatının ənənəvi enerji mənbələrindən asılılığının ciddi şəkildə azalması faktıdır. Alternativ və bərpaolunan mənbələr regionların enerji balanslarında getdikcə daha çox yer tutur. Ekoloji cəhətdən təmiz enerjinin yüksək səviyyədə istehsalı sayəsində Naxçıvan yenidən “Caspian Energy”nin ümumi reytinqində ilk yeri tutub və ardıcıl ikinci dəfə şəksiz qalib seçilib.

Bu il reytinqdə Azərbaycanın 11 iqtisadi regionu qiymətləndirilib. Regionlar 18 parametr üzrə altı (sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı) qrupa bölünüb.

Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, bu bölgənin iqtisadiyyatı hər keçən gün inkişaf edir. Qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı bölgənin iqtisadi vəziyyətinə ümumən müsbət təsir göstərir. Regionun ənənəvi kənd təsərrüfatı sahələri inkişaf edir, ixrac imkanları artır və s.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı alim Əli Əlirzayevin sözlərinə görə, Naxçıvan MR blokada şəraitində olmasına baxmayaraq, xarici ölkələrlə sıx iqtisadi əlaqələrə malikdir: “İkincisi, zəngin təbii resursları var. Üçüncüsü, regionda səmərəli biznes mühütü yaradılıb. Bütün bunlar Naxçıvanın biznes reytinqdə lider mövqe tutmasına gətirib çıxarır. İqtisadi artım tempinə, əhalinin rifahına görə bölgədə göstəricilər yüksək səviyyədədir. İran və Türkiyə ilə Naxçıvanın iqtisadi əlaqələri genişlənir. Naxçıvan baxmayaraq ki, Ermənistan tərəfindən blokadaya alınıb, amma regionun tranzit imkanları artır. Türkiyədən gələn yüklər Naxçıvandan və daha sonra İrandan keçməklə Bakıya istiqamətlənir. Başqa bir tərəfdən, Naxçıvanda özəlləşmə ilə bağlı demək olar bütün işlər görüldüyünə görə özəl sektor yaxşı inkişaf edib. İnsanlarda özəl sektora maraq böyükdür. Eyni zamanda, kənd təsərrüfatı ilə bağlı olan ənənəvi sahələr inkişaf edib. Heyvandarlıq və tərəvəzçiliklə bağlı olan sahələr məhsulların keyfiyyətinə görə fərqlənir. Şərur rayonunda yetişdirilən şaftalı keyfiyyətinə görə seçilir. İstehsal olunan üzüm məhsullarına Türkiyədə tələbat var. Ordubad rayonunda istehsal olunan quru meyvələr böyük üstünlüyə malikdir. Həmin məhsullar bir sıra xarici ölkələrə ixrac olunur. Kim ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olursa, onun iqtisadi vəziyyəti daha yaxşı olur. Oradan Bakıya müxtəlif heyvandarlıq məhsulları gətirilir. Naxçıvanın təbiəti, orada olan mineral sular turistləri cəlb edir. Xüsusən də Duzdağ turistlər üçün böyük əhəmiyyət kəsb edir. Naxçıvanda çıxan adi su belə, keyfiyyətinə görə seçilir. Deməyim odur ki, təbii sərvətlərin zənginliyi biznesin inkişafı üçün yeni imkanlar açır. Bir məqamı da qeyd edim ki, Naxçıvanda olan təbii sərvətlərin dünya bazarına çıxarılması xərc tələb edir. Naxçıvan MR-in özünün gəlir və xərcləri, özünün büdcəsi var. Bununla yanaşı, mərkəzləşmiş vəsaitlər hesabına Naxçıvana vəsait ayrılır. Ona görə də yaradılan əlverişli şərait biznesin inkişafına müsbət təsir göstərir. Həm də idarəetmə qabiliyyətinin yüksək səviyyədə olması bölgənin inkişafına təkan verir”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …