Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Xərçəngin müalicəsi ilə bağlı Nobel almış alimlərə Bakıdan reaksiyalar

Xərçəngin müalicəsi ilə bağlı Nobel almış alimlərə Bakıdan reaksiyalar

Xərçəng xəstəliyinin müalicəsi dünya tibb elminin qarşısında duran əsas problemlərdən biridir. Buna görə də bu xəstəliyə qarşı mübarizədə önəmli uğur əldə etmiş iki alim tibb üzrə 2018-ci il Nobel mükafatının qalibi elan edilib. Bunlar xəstəliyin müalicəsində yenilik edən immunoloq alimlər James Allison (ABŞ) ve Tasuku Honsodur (Yaponiya) İsveç Nobel Komitəsinin açıqlamasında alimlərin kəşfinin xərçənglə mübarizədə yeni era açdığı qeyd edilir. Laureatların tədqiqatları insanın öz immun sisteminin xərçəng şişlərini yox etməyə yönəlmiş üsullara həsr olunub. Bu innovativ yanaşmanın xərçənglə mübarizədə əsas strategiyalardan biri olacağı təxmin edilir.

Adətən bizim immun sistemimiz müstəqil şəkildə orqanizmdəki mutasiyaya məruz qalmış hüceyrələri tapır, çoxalmağa imkan vermədən onları parçalayır. Lakin xərçəng hüceyrələri bu təbii müdafiəni yarmağın yolunu tapa biliblər. Nəticədə şişlər sürətlə böyüməyə başlayır.

Allison və Honso isə xərçəng hüceyrələrini “aldadaraq” onların immun reaksiyanı bloklamasına imkan verməməyin yolunu öyrəniblər. Bu, müalicədə əsl inqilab yaradaraq yeni nəsil dərman preparatlarının əsasını təşkil edib.

Həmin dərman preparatlarının yan təsirləri az olmasa da, onlar onkologiya ilə mübarizədə effektivliklərini sübut ediblər. Bəzən əvvəllər müalicəsi mümkün olmayan xərçəngin son mərhələsində olan xəstələri də artıq sağaltmaq mümkün olur.

Tasuku Honjo ile ilgili görsel sonucu

Xərçənglə mübarizədə xəstələrin öz immunitetlərini səfərbər etməklə bağlı fikrə alimlər hələ 100 il əvvəl gəliblər. Ancaq 1990-cı illərdə bu sahədə əsl sıçrayış edilib.

Amerikalı Allison bizim immunitetimizi ləngidən təbii mexanizmi, immun nəzarət nöqtələrini kəşf etdi ki, bu mexanizmlə yad və mutasiyalaşan hüceyrələri tanıyan və onları məhv edən T-limfositlərini “sakitləşdirmək” mümkün olur. Əgər bu mexanizm pozulursa, orqanizm öz-özünü məhv etməyə başlayır. Yad və mutasiyalaşan hüceyrələrlə yanaşı, orqanizmin sağlam toxumaları da məhvə məhkum olur.

Allison xərçəngə yoluxdurulan siçanlar üzərində təbii “tormoz” mexanizmini söndürərək inanılmaz nəticələr əldə edib. Şiş hüceyrələri daha immunitetdən gizlənə bilmirlər və orqanizm xərçənglə daha effektiv mübarizə aparmağa başlayır.

Tasuku Honjo ile ilgili görsel sonucu

Buna paralel olaraq 1992-ci ildə Tasuku Honso eyni prinsiplə çalışaraq immun nəzarət nöqtələrininin başqa növünü kəşf edib. Yapon professor da öz kəşfində bir neçə immunoterapiya metodunu işləyib hazırlayıb.

Hazırda həmin alimlərin təklif etdikləri metod əsasında hazırlanan preparatlar xərçəng xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir. Lakin bir çox dərmanlar hazırda kliniki sınaqdan keçdikləri üçün yaxın illərdə əlçatan olacaqlar.

Ekspert Etibar Əliyev bildirir ki, artıq ikinci dəfədir ki, Nobel Tibb mükafatı xərçəngin müalicəsi sahəsində uğur qazanan alimlərə verilir: “2015-ci ildə də türk əsilli professor Əziz Sancar və iki digər alim DNK-nın bərpası sahəsindəki uğurlarına görə Nobel Kimya mükafatı almışdılar. Xüsusilə Ə.Sancarın kəşf etdiyi ferment DNK-nın bərpasında mühüm rol oynayır. Ümumiyyətlə, hesab olunur ki, 2050-ci ilədək ən yüksək inkişaf molekulyar biologiya sahəsində qeydə alınacaq. Bu elmin son nailiyyətlərinin əksəriyyəti xərçənglə mübarizəyə  dairdir. Son Nobelçilərin də ixtiraları bu istiqamətlidir”.

Tanınmış terapevt-həkim Seyfəddin Əsəd bildirir ki, xərçəng xəstəliyi dünyanın ən böyük bəlasıdır deyə, onunla mübarizə sahəsində ən kiçik uğur belə ciddi addım hesab olunur, mükafatlandırılır: “Bu iki alimin nailiyyətləri barədə detallı məlumat yoxdur, amma görünür ki, nəticələr Nobel Komitəsini inandıracaq qədər ciddidir”.

Həkimə görə, insanın immun sistemi bütün xəstəliklərin qarşısını almağa qadirdir: “Burada əsas amil immun sisteminin zəifləməsinə imkan verməməkdir. Bu isə hər bir insanın qidalanmasından çox asılıdır. Xərçəngin inkişafında zülal mühüm rol oynayır. İnsan zülal qəbul etməyəndə orqanizm xərçəng hüceyrlərini ”yeyir”. Bu gün müxtəlif təbii üsullarla xərçəngə qarşı mübarizədə böyük uğurlar əldə olunub. Bu uğurlarda qidalanma və həyat tərzi mühüm rol oynayır. Sağlam qidalanma, hərəkətli həyat tərzi orqanizmi bu xəstəlikdən qoruyur. Uzunmüddətli həkimlik təcrübəsində bunu hər zaman görürəm ki, sağlam qidalanan, hərəkətli həyat tərzi keçirən insanlarda xərçəng olmur”. (musavat.com)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …