Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Qoz-fındıq ürəyə faydalıdır – Novruz xonçasından qədərində yararlanın

Qoz-fındıq ürəyə faydalıdır – Novruz xonçasından qədərində yararlanın

Millətimizin sevimli bayramı Novruz bayramını qoz, fındıq, badam olmadan təsəvvür etmək çətindir, çünki şəkərbura, paxlava, xonça onlardan hazırlanır. Necə gözəl adətlərimiz var. Üstəlik, elmi cəhətdən də baxılanda qoz, fındıq, fıstıq, badam kimi qərzəkli meyvələr barəsində tibb elmində çoxsaylı tədqiqatlar aparılıb və nəticələri də həmişə qərzəkli meyvələrin lehinə olub. 

Çox uzaq tarixə getmədən keçən il, təxminən 5 ay bundan əvvəl Amerikan Ürək Cəmiyyətinin nüfuzlu “JACC” jurnalında bir məqalə yayınlanmışdı. Tədqiqatın məqsədi fındıq, fıstıq və qozun ürək-damar sisteminə təsirini araşdırmaq olub. Tədqiqat 1980-ci ildə başlayıb və 32 il davam edib. 210 000 tibb işcisi üzərində aparılan bu tədiqat həftədə 5 dəfə 28 qram qərzəkli meyvə yeyənlərlə nadir hallarda yeyənləri müqayisə etmişdi. Nəticə: mütəmadi qərzəkli meyvə yeyənlərdə ümumi ürək-damar xəstəlikləri və tac-damar xəstəliyi riski 13-23% aşağıdır (tac damarları ürək infarktına yol açan damardır). Doğrudur, bu araşdırmada qərzəkli meyvə deyəndə qoz, fındıq və yerfıstığı nəzərdə tutulmuşdur, amma digər tədqiqatlarda, kardiologiya kitablarında badam, anakardiya, püstə, şabalıd haqqında da eyni fikirlərə rast gəlmək mümkündür.

Tədqiqatçılar həddən çox və duzlu formada yeməməyi tövsiyə edirlər. Yenə keçən il “Food and Function” jurnalında yayınlanan və 18 tədqiqatın ümumi analizini verən bir məqalədə qərzəkli meyvələrin bütün səbəblərə bağlı ölüm göstəricisini (hətta xərçəng xəstəliyinə bağlı olanları da) aşağı saldığı qeyd edilib.

Qərzəkli meyvələrin ürək-damar sistemindən savayı sinir sistemi, şəkər xəstəliyi, hiperxolesterolemiya kimi xəstəliklərə də faydalı təsir göstərdiyi haqqında tədqiqatlar var. Qərzəkli meyvələrin tərkibindəki bioaktiv maddələr, doymamış yağlar, bitki zülalları, lif, folat, minerallar,vitaminlər, antioksidantlar, tokoferol və fenolik qatışıqlar damarın içini döşəyən endotel hüceyrələrin işini yaxşılaşdırır, oksidatif stress nəticəsində yaranan sərbəst radikalların, iltihablaşmanın qarşısını alır. “Pis xolesterol” olaraq bilinən LDL-xolesterolu aşağı salır. Damarlarda qan laxtasının əmələ gəlməyini və damarı tıxamağını əngəlləyir. Yüksək təzyiq və öd daşı xəstəlikləri üzərində müsbət effekti vardır. Şəkər xəstələrində insulinə qarşı həssaslığı artırır. Qərzəkli meyvələrin yaddaşı gücləndirdiyi, beynin öyrənmə, qavrama funksiyalarını artırdığı deyilir.

Qərzəkli meyvələr yüksək kalorili və yağlı qidalardır və çox yeyilsə artıq çəkiyə səbəb olar. Ona görə də dozasında yemək məsləhətdir, “çox yesəm, xeyri çox olar” düşüncəsi səhvdir. Tövsiyə edilən doza həftədə 5 dəfə, təxminən bir ovuc qədərdir. Tərkibində yağ çox olsa da o yağlar “doymamış yağlar” adlandırılan faydalı qrupdandır, ürək və beyinə xeyirlidir, hansı ki balıqda da o yağdan var. Kimsə qərzəkli meyvələri qovrulmuş halda yeyir, amma qovurmadan yemək yaxşıdır. Yerfıstığı mağazalarda üstündə “yerfıstığı əzməsi, yaxud kremi” yazısı olan bankalarda da satılır, onların duz və şəkər əlavəsiz olanları məsləhətdir. Həddən çox yemək artıq çəkiyə səbəb olsa da, normal miqdarda yeyəndə artıq çəkidən qurtulmağı asanlaşdırır.

Novruz bayramınız mübarək olsun!

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …