Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Cavid Qurbanov həqiqəti deyir – Nazirləri tərifləməklə məşğul olmamalıyıq” -MÜSAHİBƏ

“Cavid Qurbanov həqiqəti deyir – Nazirləri tərifləməklə məşğul olmamalıyıq” -MÜSAHİBƏ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov deyib ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər.

“Hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir. Onlar effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm. Hamı vergi vermək istəyir.Buna görə də vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”, – deyə C.Qurbanov bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də deputat həmkarını dəstəkləyib. O, bu məsələylə bağlı Modern.az-ın suallarını cavablandırıb. Musavat.com həmin müsahibəni təqdim edir:

– Çingiz müəllim, dünən deputat həmkarınız Cavid Qurbanov deyib ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Doğrudanmı, qısa zaman çərçivəsində Vergilər Nazirliyində aparılan işlər özünü müsbət formada göstərir?

– Dünən bütün mətbuat səhifələrində başlığa çıxarılan bu fikirlə mən də razıyam. Təkcə Vergilər Nazirliyi deyil, digər nazirliklərdə də yerdəyişmədən sonra müsbət işlərin görülməsi ilə bağlı atılan ilk addımlar təqdirəlayiqdir. Bunu təkcə həmkarım Cavid Qurbanov yox , cəmiyyətimiz də görməyə başlayıb. Bu baxımdan hesab edirəm ki, Vergilər Nazirliyində son təyinatdan sonra vergi ödəyiciləri ilə aparılan işlər,  vergi ödəyicilərinə açıq müraciətlər, onlarla görüş, verginin alınmasının forması və qaydalarının dəyişdirilməsi cəmiyyətdə müsbət hal kimi qarşılanıb. İnsanlar, xüsusilə də sahibkarlar vergilər naziri Mikayıl Cabbarovdan və onun komandasından olduqca müsbət addımlar gözləyirlər. Onu da qeyd edim ki, vergi ödəməyin özü bir mədəniyyətdir. Cavid müəllimin də qeyd etdiyi kimi, “hamı vergi vermək istəyir” ifadəsi həqiqətdir. Həmkarımın “vergi sisteminin daha da yumşaldılması yolu ilə daha çox vergi yığmaq imkanı əldə etmək olar” fikri ilə də tam razıyam. Mən həmçinin digər nazirliklərdəki kadr islahatları və dəyişikliklər barədə çıxış edən həmkarımın fikri ilə tam razıyam. Ümid edirəm ki, hökumətin yeni tərkibinə təyinat alan islahatçı nazirlər həm cənab prezidentin, həm də Azərbaycan xalqımın etimadını doğruldacaqlar.

– Siz, hələ sabiq vergilər naziri Fazil Məmmədov işdən azad olunmazdan əvvəl Milli Məclisdə hökumətin hesabatı zamanı Vergilər Nazirliyini kəskin tənqid etmişdiniz. Çıxışınız zamanı bildirdimişdiniz ki, biz niyə Gürcüstandakı kimi vergi sisteminə keçə bilmirik? Nəyə görə, şəhəri gəzərkən daha çox ticarət obyektlərinin qapılarının bağlı olduğunu görürük? Bildirmişdiniz ki, Vergilər Nazirliyinin qanuni-qanunsuz tələblərinə dözə bilməyən sahibkarlar iş yerlərini bağlayırlar. Belə bir təklif vermişdiniz ki, bəlkə biz daha çox iş yeri açmaqla, daha az vergi sisteminə qayıdaq… Onda həm sahibkarlar, həm də dövlət daha çox qazanar…

– Bəli, mən belə bir təkliflə çıxış etmişdim. Həmkarım Cavid Qurbanovun dünənki təklifi ilə sanki üst-üstə düşür. Hesab edirəm ki, bu, çoxlarının arzusudur. Azərbaycanda vergi sitemi daha da sadələşdirilməlidir. Və daha da yumşaldılmalıdır. Biz daha çox iş yerlərinin açılmasına nail olmaqla, daha az vergi yığımı tətbiq etməklə büdcəyə daha çox verginin ödənilməsinə nail olmalıyıq. O baxımdan hesab edirəm ki, Vergilər Nazirliyində kadr islahatı ilə bərabər, Vergi qanunvericiliyində də xeyli dəyişikliklər edilməlidir. Məsələn, Vergi Məcəlləsinin hazırda qüvvədə olan 13.2-ci bəndində göstərilib ki, daşınar və daşınmaz əmlakın alqı-satqısı zamanı vergidən azad olunan  ailə üzvləri sırasına  ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları) daxil olsa da, həmin siyahıya nəvə salınmayıb. Onda belə çıxır ki, nəvə vergi ödəyicisinin ailə üzvlərinin sırasına daxil deyil. Dünyada Allah-Təalanın insan üçün bəxş etdiyi ən şirin nemətlərdən biri də nəvədir. Bunu bir missal olaraq çəkdim. Vergi Məcəlləsində vergi ödəyiciləri üçün olduqca sərt və əsassız maddələr var. Boşluqlar var. Yaxşı olar ki, Milli Məclisin müvafiq  komitələri və  Vergilər Nazirliyin müvafiq şəxslərinin iştirakı ilə Vergi Məcəlləsinə yenidən baxılsın. Bununla da Məcəllə müasir  dövrün tələblərinə uyğunlşdırılsın.

– Bəzi nazirlər işdən azad edildikdən sonra özləri və faəliyyətləri mətbuatda, ayrı-ayrı şəxslər tərəfindən, eləcə də həmkarlarınız tərəfindən olduqca kəskin tənqid olunur. Ancaq siz vergilər naziri Fazil Məmmədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, “Dövlətqaçqınkomun” sədri Əli Həsənov, “Azərenerji” QSC-nin sədri Etibar Pirverdiyev fəaliyyətdə olan zaman kəskin çıxışlar etsəniz də, digər nazirlər vəzifədən azad olunduqdan sonra onların arxasınca danışmadınız. Bu nə ilə əlaqədardır?

– Hesab edirəm ki, gedənin arxasınca danışmaq düzgün deyil. Cənab prezident onların fəaliyyətinə qiymət verib və vəzifədən kənarlaşdırıb. Onların fəaliyyətinin yoxlanılması məqsədəuyğun hesab edilsə, müvafiq orqanlar bu yoxlamaları həyata keçirəcəklər. Amma işdən çıxarılan məmurun arxasınca danışmaq, hansısa fikirləri bildirmək hesab edirəm ki, özünə hörmət edən şəxsə o qədər də başucalığı gətirməz. Əgər cəsarətin varsa, həqiqəti demək istəyirsənsə və dediklərin həqiqətdirsə onu həmin məmur işlədiyi zaman tənqidi fikirlərini bildir. Amma gedənin arxasınca danışmaq bizim eldə başqa cür qiymətləndirilir. O, qeybətə bənzəyir.

– Çingiz müəllim, bizdə olan məlumata görə, siz prezident seçkiləri dönəmində rayonda keçirdiyiniz görüşlərin hamısında Kənd  Təsərrüfatı Nazirliyinin də fəaliyyətini tənqid etmisiniz.

– Bildiyiniz kimi, mən Milli Məclisə 80 saylı İmişli – Beyləqan seçki dairəsində deputat seçilmişəm. Seçkilər öncəsi mənim həmin rayonlardakı seçicilərimlə 40-dan çox görüşüm olub. Deputat seçildiyim hər iki bölgə aqrar rayondur. İmişli və Beyləqan kənd təsərrüfatı və maldarlıq sahəsi ilə məşğul olan rayonlardır. Orada torpaq problemləri, kənd təsərrüfatı məsələləri ilə bağlı narazılıqlar var. Həmçinin, istehsal olunmuş məhsulların tədarükü ilə bağlı narazılıqlar da var.  Və bütün görüşlərimdə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin məni qane etmədiyini hələ Heydər Əsədov nazir olan zaman bildirmişəm. Hətta bu fikirlərimə görə həmkarlarım tərəfindən mənə iradlar da olub. Amma hesab edirəm ki, biz nazirləri tərifləməklə məşğul olmamalıyıq. Həm də onların rəhbərlik etdiyi qurumlarda yarıtmaz faktlarla bağlı öz fikirlərimizi bildirməliyik. Bu fikirlər rəsmi qaydada və mətbuat vasitəsilə də ola bilər. Biz bu cür addımları atmaqla cənab prezidentə kömək etmiş oluruq. Eyni zamanda,  qeyd etdiyimiz çatışmazlıqların, qüsurların aradan qaldırılması üçün öz təşəbbüsümüzü ortaya qoymuş oluruq.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …