Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycan siyasətçiləri Türkiyədə onu prezident seçdi

Azərbaycan siyasətçiləri Türkiyədə onu prezident seçdi

Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə 11 gün qalır. Seçkilərə doğru keçən hər gün proseslər qızışır. Əsas diqqətlər parlamentdən daha çox prezident seçkilərinə yönəlib. Bütün dünyada olduğu kimi seçki kampaniyası Azərbaycanda da maraqla izlənir.

24 iyunda kimin qalib gələcəyi ilə bağlı mövqelər müxtəlifdir. Azərbaycan müxalifətinə və media nümayəndələrinə əgər səsvermə hüquqları olardısa, kimə səs verərdilər, yaxud kimin qalib gəlməsini istəyərdilər kimi suallarla müraciət etdik.

Tural Abbaslı: “Hüququm olsaydı, Ərdoğana səs verərdim”

AĞ Partiya başqanı Tural Abbaslı hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə əsas favorit olduğunu düşünür: “Türkiyədəki seçki prosesini bütün azərbaycanlılar kimi mən də diqqətlə izləyirəm. Hər zaman demişəm, bu gün də təkrarlayıram ki, Türkiyə bizim üçün digər dövlətlərlə eyni sırada deyil. Türkiyədə baş verən istənilən mənfi və ya müsbət hadisə Azərbaycana da birbaşa təsir edir və edəcək. Bu, tarix boyu da belə olub. Hələ nəzərə alsaq ki, dövlət olaraq hansı dövlətlərlə əhatələnmişik, o zaman qardaş Türkiyənin önəmi daha da artır.

Oradakı hazırkı seçki digər seçkilərlə müqayisədə çox əhəmiyyətlidir. Çünki ilk dəfədir ki, prezident və parlament seçkiləri eyni gündə keçirilir. Həmçinin bu seçkilər nəticəsində Türkiyənin parlamentar sistemdən prezident üsul idarəçiliyinə keçməsi mərhələsi yekunlaşacaq. Hazırkı vəziyyətdə görünən odur ki, rəqabət əsasən iki partiya AK Partiya və CHP arasında gedir.

Ä°lgili resim

Düşünürəm ki, indiki məqamda və Türkiyənin qarşısına qoyduğu hədəflər və məqsədlərə görə Ərdoğan hakimiyyətdə qalmalıdır. Səsvermə hüququm olsaydı, Ərdoğana səs verərdim. Ərdoğan və AKP-nin qalib gəlməsi Türkiyəni daha da böyüdəcək və dünya dövlətləri sırasına çıxaracaq. Türkiyə artıq dünyanın başqa super-güclərinin diktələri ilə idarə olunmayacaq və yeni dünya düzənində söz sahibi olacaq. Türkiyənin dünya səviyyəsində söz sahibi olması Azərbaycanın strateji maraqlarına tam uyğundur”.

Əli Əliyev ile ilgili görsel sonucu

Əli Əliyev: “İnşallah, Ərdoğan prezident seçilər”

VİP sədri Əli Əliyev Ərdoğanın qalibiyyətini istəyir: “Türkiyədəki seçkiləri diqqətlə izləyirəm. Orada baş verənlər bizi də, bütün Türk-İslam dünyasını da təsiri altında saxlayır. Türkiyənin aqibəti bizim də taleyimizdir. O baxımdan həm yeni prezidentin, həm də parlamentin tərkibi bizim üçün xüsusi önəm kəsb edir. Ərdoğan hakimiyyətdə olduğu dönəmdə tamamilə yeni Türkiyə-bağımsız və nəzarətsiz, daxili fitnə imkanlarından azad bir dövlət formalaşdırıb. Makro məsələlərin hamısında uğur əldə edilib. Türkiyə onun rəhbərliyi altında Beynəlxalq Valyuta Fondunun, NATO-nun, digər beynəlxalq çatıların diktəsindən qurtulub, bölgənin söz sahibi, tamamilə suveren bir vahidə çevrilib. Türkiyənin son illərdə üzləşdiyi fitnələrin paralel dövlət, rüşvət qalmaqalı, FETÖ çevrilişi, valyuta təzyiqləri, terror müharibəsinin ölkədaxili, Suriya, İraq uzantıları ilə faktiki müharibə, beynəlxalq diplomatik təzyiq və s. kimi maneələri yalnız Ərdoğan iqtidarı önləyə bilərdi. İşlər hələ bitməyib. Afrin qələbəsindən sonra Ərdoğanın iradəsinə tab gətirməyən ABŞ geri addım atdı Menbic problemi çözüldü saymaq olar. İndi sıra terrorist yuvası Qəndildədir. Hələ yüzlərlə natamam işlər növbəsini gözləyir. Türk dünyasının maraqları Ərdoğan AKP-si ilə MHP ittifaqının ”Cümhur” versiyasının iqtidarını istəyir. İnşallah, Ərdoğan prezident seçilər. Parlamentdə “Cümhur” ittifaqının üstünlüyünü arzulasam da, iqtidarın nəzarətdə saxlanması, avtoritarizmə yuvarlanmaması üçün mütləq üstünlüyünü istəməzdim. Bir neçə kəlmə Ərdoğanı sevməyənlərə söyləmək istərdim. Türkiyədə Azərbaycana ən yaxın siyasi qüvvə daim MHP olub. Bir halda ki, Baxçalı Ərdoğanı, onun siyasi xəttini dəstəkləməyə qərar veribsə, deməli, daxildən də milli qüvvələr AKP-nin düz yolda olduğu qənaətindədirlər. Ərdoğan strateqdir. Onun gördüyü işlər miqyas daşıyır. Əminəm ki, zaman keçdikcə, onun uğurları bizim də faydamıza işləyəcək. Biz isə kimdənsə deyil, özümüzdən təpər gözləməli, mübarizəni gücləndirməliyik. Biz ayaqda olduqda, dostlardan dəstək uma bilərik”.

Aydın Quliyev ile ilgili görsel sonucu

Aydın Quliyev: “Mövcud namizədlərdən birinə seçim etmək istəməzdim”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Türkiyədəki seçkiləri yaxından izlədiyini söylədi: “Türkiyə bizim üçün çox böyük əhəmiyyəti olan bir dövlətdir, həm geosiyasi, həm də etnik, mədəni birlik baxımından. Onun taleyinə laqeyd qala bilmərik. Bu nöqteyi-nəzərdən bu proseslərin bir azərbaycanlı kimi müsbət nəticələrlə bitməsini arzulayıram. Açığı deyim ki, indiki şəraitdə Türkiyədə hər hansı bir seçicinin yerində olmaq istəməzdim. Ona görə ki, olduqca mürəkkəb bir dövrdür. Türkiyə seçicisinin yerinə seçim etməyin nə qədər çətin olduğunu anlayıram. Hazırda seçici olsaydım, mövcud namizədlərdən birinə seçim etmək istəməzdim. Tək istəyim ondan ibarətdir ki, Türkiyə cəmiyyətində birlik pozulmasın, xarici və daxili siyasətdə bu hər zaman özünü göstərsin”.

Akif Nağı ile ilgili görsel sonucu

Akif Nağı: “Ona səs verərdim…”

QAT sədri Akif Nağı qardaş ölkədəki seçki kampaniyasını diqqətlə izlədiyini qeyd etdi: “Türkiyədəki seçki kampaniyasını diqqətlə izləyirəm. Kifayət qədər demokratik mühit yaradılıb. Namizədlərin hər birinə geniş təbliğat imkanı yaradılıb. Məncə, ən uyğun namizəd Ərdoğandır. Səs vermək imkanım olsaydı, ona səs verərdim. Hesab edirəm ki, o, Türkiyəni düzgün inkişaf yolu ilə aparır, Türkiyəyə qarşı qəsdlərin qarşısını uğurla alır. Onun dönəmində Türkiyə güclənib, regionda, hətta müəyyən şərtlərlə demək olar ki, dünyada söz sahibinə çevrilib. Atatürk Türkiyəni küldən, yoxdan var etdi, yox olmağa, birdəfəlik məhv edilməyə qoymadı, dünya güclərinin Türkiyəni silib kənara atmaq cədlərinin qarşısını aldı. Ərdoğan Türkiyənin Osmanlı dövründəki söz sahibi statusunu özünə qaytardı. Türkiyənin indiki mövqeyini Osmanlının güclü vaxtı ilə müqayisə etmək olar. Bütün bunlar Ərdoğanın xidmətləridir. Ona görə Ərdoğan daha münasib namizəddir. Xoşum gəlməyən namizəd Məhərrəm İncədir. Daha çox demoqoqiya ilə məşğuldur, iş görən adama oxşamır”.

AMİP katibi Əli Orucov hər iki seçkidə Türkiyə iqtidarının “Cümhur ittifaqı”nı şanslı görür: “Türkiyədə 24 iyunda keçiriləcək seçkilər dünya ictimaiyyəti tərəfindən, xüsusən də Qərbdə diqqətlə izlənilir. Türkiyə prezident sayın Ərdoğanın rəhbərliyində ötən illər ərzində çox dəyişdi, inkişaf edərək, bölgənin, eləcə də islam coğrafiyasının söz sahibinə çevrildi. Müstəqil siyasət yürütdü ki, bu da Qərbin xoşuna gəlmədi. Doğrudur, demokratik dəyərlər baxımından müəyyən problemlər var. Amma bunu da anlayışla qarşılamaq lazımdır. Çünki Türkiyənin atəş çəmbərində olması və bölgənin müharibə və silahlı terrorçuların, separatizmin meydanına çevrilməsi daha sərt yanaşma tələb edir. İlkin rəy sorğularına əsasən, ”Cümhur ittifaqı” rəqiblərini qabaqlayır. Təəssüf ki, mənim belə bir səs hüququm yoxdur. Biz Azərbaycan xalqı olaraq türk xalqının seçiminə hörmətlə yanaşmalıyıq. Mənim müşahidələrimə görə, Ərdoğan prezident postunu çox da böyük olmayan səslə qoruyub saxlaya biləcək. Amma TBMM-də əvvəlki mövqeyini qoruyub saxlaya bilməyəcək. Hər halda, MHP-AKP ittifaqının uğurlu ittifaq olduğu düşüncəsindəyəm”.

KXCP sədrinin müavini Xəzər Teyyublu bu seçkilərdə qadınların dəstəklənməsini doğru sayır: “Türkiyədəki seçkiləri qismən izləyirəm. Orada siyasi vəziyyət seçkilərə görə qızğındır. Müxalif düşərgənin səsləri ayrıldığından hakim partiyanın qələbəsi hələ birinci turdan həll oluna bilər. Səs verməyin mümkünlüyü haqda mövqeyim xanımların dəstəklənməsinə üstünlük verməyim ola bilər. Təəssüf ki hazırda xanımlar zəif görünür. Ən doğrusunu Türkiyə seçicisi deyəcək. Sadəcə, xanımların daha aktiv ola biləcəyini arzuladım”.

Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli bildirdi ki, səsvermə hüquqları olsaydı, Ərdoğanı seçərdi: “Türkiyədəki seçkiləri təbii ki, izləyirəm. Ümumiyyətlə, Ərdoğanın qalib gəlməsini istəyirəm. Bunun da minlərlə səbəbi var. Əvvəla, onun hakimiyyəti dönəmində Türkiyədə fundamental insan hüquqları bərpa olunub. İkincisi, Türkiyə iqtisadiyyati inkişaf edib. Üçüncüsü, Qərbin Böyük Ortadoğu projesinin qarşısında olan məhz Ərdoğandır. Afrin əməliyyatı, ondan əvvəl İŞİD-ə qarşı keçirilən əməliyyat, hazırda da İraqda keçirilən əməliyyat məhz həmin projenin qarşısını almağa yönəlib. Ərdoğan Türkiyənin sərhədlərindən terroru təmizləyib. Türkiyə sərhədlərində PKK üçün ”dövlət” qurulmasının qarşısını alıb. Halbuki 2-3 il öncə Türkiyənin bu problemin öhdəsindən gələ bilməyəcəyi deyilirdi. Məhz Ərdoğanın qətiyyəti nəticəsində Türkiyəyə qarsı olan bu mənfur planların qarşısı alındı. Mən Türkiyənin inkişafını və böyüməsini Ərdoğan və AKP ilə görürəm”. (Musavat.com)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …