Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bajoğlu, mənim də şəklimi çək…

Bajoğlu, mənim də şəklimi çək…

Milli Şuranın 8 aprel mitinqində daha çox jurnalistlərin şikayəti diqqətimi çəkdi. Həmkarlarımın narazılıqları hər addımbaşı “qardaş(bacı), bajoğlu, bir mənim şəklimi çək” deyib, işlərini görməyə mane olan insanlardan idi. Məqsəd gün kimi aydındır. Kimlərsə sənəd toplayır, mühacirətə getməyə hazırlaşır, bu fotoları da “rejim üstümə gəlirdi” kontekstində miqrasiya xidmətinə təqdim etməyi planlaşdırır. Bu tiplər mitinqlərə də daha çox buna görə gəlir. Polis üstünə şığısa, qolundan tutsa və bu detal fotoaparatın yaddaşına düşsə, xoşbəxtin xoşbəxti olacaq. Bura qədər anlaşdıqmı?

Ölkə xaricində yaşayan həmvətənlərimizlə (miqrantlar) bağlı bəs deyincə araşdırma aparmışam. Müsahibələr seriyası, filmlər, videoreportajlar, qaçqın düşərgələrində keçən saatlar. O baxımdan bu sahəni də, özünü şüursuz şəkildə mühacirətin qucağına atanları da ovcumun içi kimi tanıyıram. Bu qulaqlar nə bəhanələr eşitməyib ki… “Oğlum idman yarışlarında layiq olduğu yeri tuta bilmirdi, ona görə də məcbur olub, mühacirətə getdim” deyən biri vardı məsələn. Hələ də yadıma düşəndə qəşş edirəm. Nə bəhanələr, nə yalan ssenariləri, nə xoruz səsi eşitməmiş hekayələr. Yalandan təcavüzə uğradığını, evinin qarət olunub, özünün döyüldüyünü deyən, şəxsiyyətini bir almanın (isveçin, fransızın…) ayaqları altına atan nə qədər həmvətənimiz var, bilirsizmi? Yanlış anlaşılmasın, bütün bu təzyiqləri gerçəkdən yaşayıb, miqrasiya xidməti əməkdaşlarını anlatmaq qürursuzluq deyil. Bunlar olmadığı, baş vermədiyi halda özünü də, ölkəsini də alçaldanlardan gedir söhbət. Axı bu miqrasiyanın işçiləri də əvvəlki qədər sadəlövh deyillər. Sən onlara bu nağılları 5-10 il əvvəl rahatlıqla uddura bilərdin. İndi çətindir, adamların gözü açılıb, çox rahatlıqla çözə bilirlər gerçəyi…

Və onlar bu gerçəyi çözənə qədər sən miqrant düşərgələrində ömrünü yelə verirsən. Çörək növbəsinə dayanırsan, yeməyin bəzən az olur, doymursan. Antisanitariyadan xəstəlik də tapırsan, psixoloji gərginlik də. Adamlar qapılarını taybatay açıb, səni əllərindəki qızıl boşqabla gözləmirlər. Sınayırlar, çətinliklərin qucağına atırlar. Bunlara gerçəkdən dözürsənsə, sənin mühacirətə ehtiyacın olduğu qənaətinə varırlar. Həmin vaxta qədər özün, ailən, cocuqların hansı travmaları yaşayır, bunu bir Allah bilir…

İndi o foto çəkdirib, çemodanını evində hazır edənləri görəndə bu mənzərə bir film lenti kimi gözümün qabağından keçdi. Adamlar ya hər şeyi halva hesab edirlər, ya da həyatlarından keçiblər. Çox rahatlıqla risk edirlər, çox asanlıqla özlərini oda atırlar. Və oturub, iki əl-bir baş düşünürsən ki, dəyərmi? Ölkədəki bahaçılığı da, qanunsuzluğu da, pozulan hüquqları da bilirsən. Yaşamağın gündən-günə çətinləşdiyini də. Amma yağışdan çıxıb, yağmura düşməyəcəyinə əminsənmi? O miqrant düşərgələrində dilini bilmədiyin, naməlum suriyalılar, ərəblərlə eyni atmosferdə qala biləcəyinə, o aclığa, çətinliyə, psixoloji gərginliklərə tab gətirəcəyinə nə qədər inanırsan? Mühacirətin cənnət olduğuna kim təminat verir? Axı hamı bilir: orada qanunlar o qədər sərtdir ki, sənə cənnət kimi şərtlər təqdim etdikləri kimi kiçicik bir yanlışlığında, qanun pozuntunda cəhənnəm kimi günlər yaşada bilirlər. Və ən önəmlisi dəyərmi? Bax, əsas sual budur.

Mən o gün Milli Şuranın mitinq fotolarında gələcəyin “kamp sakinlərini” gördüm. Bir çoxu yemək növbəsində gözləyirdi, əllərindəki padnosla. Az keçmədən isə telefonları ilə facebooka girib, bizə, burada qalanlara nifrət qusacaqdılar, ağıl verəcəkdilər, yol göstərəcəkdilər. Son mitinqdən bir neçə gün öncə Avropada yaşayan həmvətənlərimiz pafosla, qızğınlıqla hamını mitinqə səsləyirdilər. Biri hətta status yazmışdı: “Sabah bu saatda sizi gözləyirik”…. İstədim, qardaşın statusuna şərh yazım ki, Eyfelin yanında da mitinq olacaq? Kimi, hara çağırırsan? Ən önəmlisi isə harda oturub çağırırsan və özün hardasan? Bax, belə bir sərsəm durum…

Sonra isə düşünürsən ki… Kim bilir, bəlkə də elə həmin mitinqlər bu insanların son ümidlərinin açarı, arzularının qarantıdır? Bəlkə elə məhz buna görə keçirilir? 10-15 insanın Avropa şansını reallaşdırmaq üçün? O zaman bunun adına siyasi mübarizə demək… ayıb sayılmazmı?

musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın