Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Ziya Məmmədovdan 40 min manatını ala bilməyən sahibkar ölüm aclığına başladı

Ziya Məmmədovdan 40 min manatını ala bilməyən sahibkar ölüm aclığına başladı

Fərzalı Əhmədov: “Aclıq aksiyasına görə ölərəmsə…”

“Yeni Müsavat”ın 26 sentyabr sayında Ucar rayonu Qazyan kənd sakini, sahibkar Əhmədov Fərzalı Əhməd oğlunun sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlı şikayəti dərc olunmuşdu. Şikayətçi sabiq nazirin ona 40 min dollar borcunun olduğunu bildirir, Z.Məmmədovun bunu ödəməkdən imtina etdiyini, hətta onu döydürdüyünü iddia edirdi.

Yazı dərc olunandan sonra sahibkar hədələrə məruz qalır. Bu barədə redaksiyamıza müraciət edən F.Əhmədov oktyabrın 5-dən ölüm acılığına başladığını bildirib: “Ziya Məmmədovun özbaşınalığına etiraz olaraq ölüm aclığı aksiyasına başlayıram. Ziya Məmmədovun mənim fermamı saxtakarlıq yolu ilə aldadıb ələ keçirməsi, 40.000 manat borclu qaldığı pulu verməməsi və buna görə məni döydürməsi barədə qəzetinizdə şikayətim dərc edildikdən sonra mənə təzyiqlər başladı. Halal pulumu ödəmək əvəzinə bunlar məni məhv etmək istəyirlər. Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədov zəng edib məni yox etdirəcəyi ilə hədələdi. Mən yaşda qoca kişini döydürdüyü bəs deyil, şikayət etdiyim üçün mənə deyir ki, sənin dilini boğazından çıxartdıracam. Mənə açıq şəkildə dedi ki, Ziya Məmmədovun adını mətbuatda çəkmisən, o ferma mənimdir, ağsaqqal (Ziya Məmmədov) mənə hədiyyə edib. Namiq Məmmədov məni ifadə edilməsi mümkün olmayan nalayiq küçə söyüşləri ilə təhqir etdi. Ziya və Namiq Məmmədovların özbaşınalığına etiraz olaraq ölüm aclığına başlamaqdan başqa yol görmürəm”.

Sahibkar qeyd edir ki, həmin fermanı ondan alanda sənədləşdirilmədə saxtakarlıq ediblər: “Bunu təsdiq edən çoxsaylı sübutlarım var. Hədə-qorxu, təzyiq yolu ilə fermamı əlimdən alıb sənədləşmə aparılan zaman Ziya Məmmədovun qohumu Emin Eminovu fermaya işçi kimi işə qəbul edib, sonra mənim adımdan ona bağışlama edildi. Belə olanda vergiyə pul ödənilmir. Alqı-satqı müqaviləsi qanunu qaydada aparılsaydı, 35000 manat vergi pul ödənilməli idi. Bütün bu saxtakarlığı Ziya Məmmədovun göstərişi ilə qardaşı oğlu edib. Fermanın Ziya Məmmədovun qohumu Emin Eminovun adına sənədləşdirilməsi obyektiv araşdırılsa, saxtakarlıqları sübut olunacaq. 3 gün öncə isə Qazyan kənd sakinləri fermanın qarşısına yığışıb etiraz etdilər. Kənd camaatının əkin sahələrinə gedən yolu Ziya Məmmədovun qohumu Emin Eminov bağlayıb deyə camaat torpaq sahələrinə gedə bilmir. Artıq narazılıq pik həddə çatıb. Ziya Məmmədov və onun qohumları camaata zaval olublar. Bir-neçə gün öncə həmin ərazidə torpağı olan kənd sakinləri su kanalının qazılması üçün pul toplayıb iş gördürmək istəsələr də, Ziya Məmmədovun qohumları yolu açmadılar, bu da ciddi narazılığa səbəb oldu. Buna baxmayaraq, sona qədər yolu açmadılar. Yaxın günlərdə Qazyan kənd sakinləri Ziya Məmmədovun və qohumlarının azğın hərəkətləri barədə şikayət etmək üçün Ucardan Bakı şəhərinə yürüş etməyə hazırlaşırlar. Məni aldadıb fermamı saxta sənədlərlə ələ keçirib 40.000 manat pulumu vermək istəməyən Ziya Məmmədovun və onun qardaşı oğlu Namiq Məmmədovun özbaşınalıqlarına etiraz olaraq başladığım aclıq aksiyasına görə ölərəmsə, bunun birbaşa məsuliyyəti onların üzərinə düşəcək. Mən Məmmədovların hərəkətləri barədə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm, teleqramlar vurmuşam. İnanıram ki, Məmmədovlar layiqli cəzalarını alacaqlar”.

Sonda şikayətçi əlaqə telefonunun (050.661.49.07) da yazıda verilməsini xahiş etdi.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …