Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Taksilər bahalaşdı: Avtobus və metro sərnişin axınına hazır deyil

Taksilər bahalaşdı: Avtobus və metro sərnişin axınına hazır deyil

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin dünən keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin 20 min manat cərimələnəcəyi öz əksini tapıb. Belə ki, Məcəlləyə yeni 326-2-ci maddə (Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə) əlavə olunur. 

Dəyişikliklə taksi sifarişi operatorlar tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulmasina, yəni “Fərdi məlumatlar haqqında” qanuna uygun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatlanın mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına; – hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən malumatların, o cümlədən sürücünün və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə vəzifəli şəxslər 10 500 manat məbləğində, hüquqi şəxslər isə 20 000 manat məbləğində cərimə ediləcək. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. 

Bir neçə gündür ki taksilərlə bağlı davam edən bu müzakirələr və qanun layihəsinə dəyişiklik taksilərin qiymətində artıma səbəb olub. Belə ki, “Bolt”, “Uber”, “Maxim” kimi beynəlxalq taksi xidmətlərinin qiymətlərində nəzərəçarpacaq səviyyədə artım qeydə alınıb. 5 manata olan məsafə bu taksi xidmətlərində 3-4 manat civarında qalxıb. 

Bu da təbii ki, sərnişinlərin avtobuslara, metroya axınını gücləndirib. Baxmayaraq ki, ali və orta məktəblərdə tədris ili yekunlaşıb, yay mövsümü ilə əlaqədar paytaxtdan rayonlara gedənlərin sayı artıb, bununla belə, pik olmayan saatlarda da həm avtobuslarda, həm metroda sıxlıq yaşanır. 

Nəzərə alsaq ki, “Bakı Metropoliteni” QSC yay qrafikinə keçidlə əlaqədar olaraq, qatarların sayını azaldacağını açıqlayıb, bu da heç şübhəsiz metroda sıxlığı daha da artıracaq. Səhər saatlarında istər avtobusda, istər metroda müşahidə etdiyimiz durum da bunu deməyə əsas verir. Hər kəsin gündəlik olaraq artan qiymətlərin fonunda taksiyə minməyəcəyi məlumdur. Xüsusilə Bakı kəndlərindən gələn avtobusların çoxunda  kondinsionerin işləməməsi sərnişinlərin narazılığına səbəb olur. Təkcə avtobuslar deyil, xəttə buraxılan qatarların çoxunda kondinsioner işləmir və ya müəyyən fasilə ilə verilir ki, bunun da əziyyətini yenə vətəndaş çəkir. 

Bütün bunlar xüsusilə, yay aylarında taksidən istifadə edə bilməyib, avtobus və metroya yönələn sərnişinlərin düşəcəyi durumun heç də ürəkaçan olmayacağını göstərir. 

Bəzi statistik məlumatlara nəzər yetirək. Belə ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 647,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 18,7 faiz artıb. Göstəricilərə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb. Belə ki, 2022-ci ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin payı 6,0 faiz olub, bu ilin əvvəlinə isə 4,7 faiz təşkil edib. Bu da qiymət artımından irəli gələn amildir. 

Cebhe.info

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …