Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 4-də
jurnalistlərə verdiyi açıqlamada ünvanlı sosial yardımla bağlı
monitorinqlərin davam etdiyini və edəcəyini bildirib.
Nazir
qeyd edib ki, il ərzində 2500-ə qədər şəxsin saxta əlillik statusu ləğv
edilib: “Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat
qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə
bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı
dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial
yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində
saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan
şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”.
Maraqlıdır, bu şəxslərə əlillik dərəcəsi verənlərə hansı cəza tətbiq edilir?
Məsələ
ilə bağlı Cebhe.info-ya açıqlama verən Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, yanlış
əlillik təyinatlarına yol vermiş dövlət məmurlarından ilk olaraq dövlət
büdcəsinə dəyən ziyanın geri qaytarılması tələb olunur:
“Buna
yol vermiş məmurlar dövlət büdcəsinə dəyən ziyanı geri ödəyirlər.
Söhbət təkcə məmurlardan getmir, digər aidiyyət şəxslər də bunu
etməlidir. Bu proses hazırda da davam edir. Təbii ki, hüquq-mühafizə
orqanları ilə əməkdaşlıq edilir. Əsas məqsəd büdcəyə dəyən ziyanın
aradan qaldırılması və yanlış əlillik təyinatlarının ləğvidir. Çünki
əlillik sırf fiziki məhdudiyyəti olan şəxslərə verilməli və
qanunvericiliyə uyğun təmin edilməlidir. Bu şəxslərə əlillik statusu
verənlərin sayı onlarladır və hər biri qanunvericiliyə uyğun olaraq öz
cəzasını alır. Bizdə o cür yanlışlığa yol verən işçilər işdən azad
edilib və çox ciddi xəbərdarlıqla tədbirlər görülüb”.
Fazil
Talıbov eyni zamanda diqqətə çatdırıb ki, saxta əlillik statusunun
verilməsində əsas məsuliyyət daşımalı olan tərəf Səhiyyə Nazirliyidir,
çünki əlillik statusu səhiyyə müəssisəsindən göndərilən sənəd əsasında
verilir:
“Əlillik
statusunun ləğvi zamanı daha əvvəl vətəndaşa bu statusun verilməsi üçün
bildiriş göndərən səhiyyə müəssisəsi bu dəfə əlilliyinin ləğv edilməsi
ilə bağlı məktub yazır. Ona görə də əslində əlillik statusu verən məsul
şəxslərin sayı və cəzalandırılması ilə bağlı suala Səhiyyə Nazirliyinə
verilməlidir. Bizə poliklinikadan müraciət daxil olur ki, bu şəxsin
əlillik statusu ləğv edilsin. Nazirlik səhiyyədən verilən bu məlumatdan
sonra əlilliyi ləğv edir. Əgər yanlış göndəriş olubsa, ona Səhiyyə
Nazirliyi cavabdehdir. Yanlış əlillik təyinatı bildiriş əsasında həyata
keçirilir və bu bildirişi göndərənlər Səhiyyə Nazirliyinin
müəssisələridir. Burada məsuliyyəti həkimlər daşıyır. Yanlış bildiriş
göndərən həkimlərə qarşı hansı tədbirlərin görüldüyü Səhiyyə Nazirliyi
bilir”.
Ana səhifə / Sosial / Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə ittiham: – “Məsuliyyəti həkimlər daşıyır”
Həmçinin oxuyun
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI
Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …