Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar yaranıb

Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar yaranıb

Şamaxı rayonunun Quşçu kəndində baş verən vulkan püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.

Bu barədə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

O bildirib ki, vulkan püskürən zaman alov qeydə alınmayıb: “Elə də güclü püskürmə olmayıb. Vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb. Vulkanın baş verdiyi ərazini 40-50 metrliyində olan iki yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Yer səthində isə heç bir çat qeydə alınmayıb. Heç bir xəsarət alan olmayıb”.

A.Əliyev qeyd edib ki, “Quşçu” vulkanı sonuncu dəfə 2018-ci ilin yanvar ayında püskürüb: “Son 200 il ərzində “Quşçu” vulkanı 15 dəfə püskürüb”.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi fevralın 13-də saat 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib. Hadisədən sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.

*   *   *11:49

Şamaxı rayonunda vulkan püskürüb.

Bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.

İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: “Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb”.

B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev isə sayta deyib ki, “Quşçu” vulkanının püskürməsi gözlənilən idi.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …