Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / “Özbaşınalıq ən çox icra hakimiyyətində, bələdiyyə və səhiyyədədir” – Hüquq müdafiəçisi

“Özbaşınalıq ən çox icra hakimiyyətində, bələdiyyə və səhiyyədədir” – Hüquq müdafiəçisi

Azərbaycanda korrupsioner və rüşvətxor məmurlara qarşı mübarizə davam edir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ictimai institutların və medianın bu prosesdə iştirakının vacibliyini vurğulayıb. 

Maraqlıdır, sözügedən kateqoriyanın təmsilçiləri bu istiqamətdə hansı işləri görürlər? 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, icazə versələr, yəni dövlət bunda maraqlı olsa, QHT-lərin hamısı jurnalistlərlə birlikdə ən yaxşı monitorinqi aparar:

“Sözsüz ki, biz həmişə monitorinq aparırıq. Koronavirusla bağlı narazılıq çox olan yerlərdən siqnal alanda biz Prezident Administrasiyasına məlumat verirdik və onlar da bunu həll edirdilər. Biraz təvazökarlıqdan uzaq olsa da, bildirim ki, bizim zəng vurmağa imkanımız olub. Amma çox QHT-lərin bu imkanı olmayıb. Bizim QHT-lərin əksəriyyəti rayonlarda Dövlət Şurası vasitəsilə bu məsələləri qaldırırdı. Bununla daima Əliməmməd Nuriyevin platforması məşğul idi. Doğrudan da icazə versələr, yəni dövlət bunda maraqlı olsa, QHT-lərin hamısı jurnalistlərlə birlikdə ən yaxşı monitorinqi aparar. Bunun çox köməyi olar, çünki biz xırda işimizin belə bəhrəsini görmüşük. Çox yerdə QHT-lər məsələyə diqqət göstərdikdən sonra problem həll olub. Əgər prezident bunu deyirsə, mən hesab edirəm ki, jurnalistlər və biz çox iş görə bilərik. Heç olmasa, həm təhsildə, həm səhiyyədə müəyyən irəliləyişlər olar”. 

Novella Cəfəroğlu səhiyyəmizin çox biabrçı vəziyyətdə olduğunu vurğulayıb:

“Onunla məşğul olmaq lazımdır. Mənim ən narazı qaldığım elə səhiyyəmizdir. Baxmayaraq ki, Prezident Administrasiyası, Prezidentin özü səhiyyəyə çox böyük diqqət ayırdı, çoxlu sayda xəstəxanalar tikildi, yenə də ölkədə səhiyyədən narazılıq hökm sürür. Bizə çox sayda insan xəstəxanalardan şikayət edib. Qeyd edim ki, mövcud vəziyyətdən həm həkimlər, həm də vətəndaşlar narazıdır. Çünki çox həkimin pulunu normal vermirlər. Tibb işçilərinin də xüsusi diqqətə ehtiyacı var. Bu virus dövründə nə qədər tibb işçisi həlak oldu. Səhiyyədən əlavə, rayonlardakı icra hakimiyyətlərində, bələdiyyələrdə də özbaşınalıq var. Ona görə də yardımların paylanmasında QHT-lər bacardıqca nəzarət ediblər”. 

Həmsöhbətimiz məmur özbaşnalığı ilə bağlı hesabat hazırlamadıqlarını da diqqətə çatdırıb: “Amma biz hər dəfə qəzetlər, saytlar vasitəsilə bu tip məsələləri dövlət strukturlarına çatdırırıq. İndi BMT-yə erkən nikahlarla bağlı hesabat hazırlamışıq. Hesabatı avqustun 15-dən sonra saytlara qoyacağıq”. 

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …