Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Ölkənin susuzluqdan əziyyət çəkən kəndləri: “Azərsu” hansı işlər görür?

Ölkənin susuzluqdan əziyyət çəkən kəndləri: “Azərsu” hansı işlər görür?

Xəbər verdiyimiz kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb.  

Şamaxı rayonunda icra olunan layihə Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunda isə Qəşəd və Ləngəbiz kəndlərini əhatə edir. Bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.

Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 km olan magistral su xəttinin inşası nəzərdə tutulur. Magistral su kəməri üzərində 6 vantuz və 3 təzyiqqırıcı quraşdırılacaq. Bağırlı, Ovçulu, Çöl Göylər və Qəşəd kəndlərində hər birinin tutumu 50 kubmetr olan su anbarları tikiləcək, Ləngəbiz kəndindəki mövcud su anbarı isə əsaslı təmir olunacaq. Şamaxı və Ağsu rayonlarının kəndlərində ümumi uzunluğu 40,3 km olan su xətləri çəkiləcək, əhalinin ümumi istifadəsi üçün 258 bulaq quraşdırılacaq.

İndiyədək Şamaxı və Ağsu rayonlarının kəndlərində 10 km su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Ümumilikdə, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verən, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, 2017-2018-ci illərdə cənab prezidentin sərəncamları oldu və ona əsasən biz 211 kənddə su layihələri icra etdik. Bu kəndlərin ümumilikdə əhalisinin sayı 300 mindən artıqdır. Burada artezian quyular qazdıq, şəhərlərindən yaxınlığından keçən su şəbəkəsindən, mövcud magistral xətlərdən, Şirvan-Muğan qrup su kəmərindən və digər kəmərlərdən həmin kəndlərə verə bildik.

Ekologiya nazirliyinin xətti ilə modul tipli sutəmizləyici qurğular quraşdırıb. Onlar da ötən ilin may ayından bizim qurumun balansına verilib.  Eyni zamanda cənab prezident hər il sərəncam imzalayır,  pul ayırır, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti kəndlərin həm içməli, həm də suvarma suyuna olan tələbatın ilə yüzlərlə artezian quyusunun qazılması nəzərdə tutulur.

Kəndlərin böyük əksəriyyətində problemlər həll olunsa da, hələ də su problemi olan kəndlər var. Sonuncu xəbərdə qeyd etdiyimiz 5 kənddə su məsələsi ciddi problem idi, nə artezian , nə bulaq var idi, yeraltı su ehtiyatları yox idi. Bizim mütəxəssislərimiz araşdırıb belə qərara gəldilər ki, oraya  su çəkilsin. Hazırda Qobustan rayonunun 3 kəndində bizim layihələrimiz davam edir, o kəndləri də içməli su ilə təmin edəcəyik. Bizim mütəxəssislərimiz də araşdırıblar, yüzlərlə kənd var ki, gələcəkdə orada su layihələri icra olunmalıdır.

A.Cəbrayıllı ile ilgili görsel sonucu

A.Cəbrayıllı onu da bildirdi ki, Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək daha bir layihə hazırlanır: “Belə ki, tikilməkdə olan Şəmkirçay su təmizləyici qurğusu   yaxın aylarda istismara veriləcək. Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilib. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır. Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün 27,5 km magistral su kəməri tikilib, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun yaxın aylarda istismara verilməsi nəzərdə tutulur. Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək”.

Qurum sözçüsü onu da bildirdi ki, hazırda Qazax şəhərində də, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə layihəsi ilə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb: “Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə, şəhərdə 5 870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır” .

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb. 

A.Cəbrayıllı onu da diqqətə çatdırdı ki,  cənab prezident Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.  6 milyon vəsaiti əhatə edən bu layihə çərçivəsində  yeni mənbə olaraq artezian quyular qazacağıq, şəhərin daxili şəbəkəsini yeniləyərək, hər bir abonenti sayğacla təmin edəcəyik.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …