Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Ölkədə hansı narkotikdən daha çox istifadə olunur: marixuana, yoxsa heroin…

Ölkədə hansı narkotikdən daha çox istifadə olunur: marixuana, yoxsa heroin…

Yaxın günlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) 2022-ci ildə ölkə üzrə narkotiklərlə əlaqəli aşkar olunan faktlar və qanunsuz dövriyyədən götürülən narkotik vasitələr, psixotrop maddələr və onlann prekursorları barədə hesabatı təqdim edəcək. Hazırda NMDK saytında yer alan aralıq hesabatdan belə aydın olur ki, ölkədə ələ keçən heroin, tiryək, həşiş və digər narkotiklərin çəkisində azalma, marixuananın çəkisində isə böyük artım var. Hesabat dövründə 170 qram artıq kokain də ələ keçib.

Belə ki, 2022-ci ilin 11 ayı ərzində ölkəyə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 737 kiloqram 662,706 qram artıq marixuana gətirilib. Hesabatda qeyd olunur ki, 2022-ci ildə qanunsuz dövriyyədən 1 ton 955 kiloqram 405,929 qram marixuana çıxarılıb. 2021-ci ildə isə bu rəqəm 1 ton 217 kiloqram 743,223 qram olub.

2021-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən 73 kiloqram 693,283 qram həşiş,  849 kiloqram  249,944 qram tiryək, 3 ton 192 kiloqram 532,53 qram heroin, 89,962 qram kokain, 781 kiloqram 037,499 qram psixotrop və digər maddələr çıxarılıb.

2022-ci ildə isə  ölkədə 28 kiloqram 462,344 qram həşiş, 281 kiloqram 525,188 qram tiryək, 2 ton 76 kiloqram 309,233 qram heroin, 260,95 qram kokain, 910 kiloqram 414,018 qram psixotrop və digər maddələr hüquq mühafizə orqanlarının əlinə keçib. 

Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, ölkə ərazisində ələ keçən narkotiklərin həcmində azalmanın səbəbi 140 kilometrlik İran-Azərbaycan sərhədində vəziyyətin tam şəkildə nəzarətə götürülməsidir: “Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki, bu istiqamətdə işlər görür, ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün addımlar atılır. Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Marixuanın çəkisində artım ölkədə becərilməsi ilə əlaqədardır. Yəni marixuana əsasən ölkə daxilində becərilir. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Bu gün qara bazarda 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda, 1 qram heroin 7 hissəyə bölünərək satılır. Ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik və psixotrop maddələrin azalması da təsdiq edir ki, Azərbaycan İranla sərhədini möhkəmləndirib. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başladı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni – “Şimali Balkan yolu” adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir.

Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca – Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala – Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi. Azərbaycanın Qarabağ zonası işğal altında olarkən qanunsuz narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdı. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Dağlıq Qarabağ heroin trafikində önəmli yer tuturdu. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı “Dünya Narkotiklər hesabatı”nda bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər – xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır. Bu rəqəm hər il artır”.

Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir"

Oleq Kuznetsov

Xatırladaq ki, hüquqşünas və politoloq Oleq Kuznetsov ötən il “İnterfaks”a müsahibəsində “Rəsmi Bakı narkotik ticarəti ilə daha effektiv mübarizə aparmaq üçün İran  hakimiyyəti ilə münasibətləri necə qura bilər” sualına belə cavab vermişdi: “Azərbaycan-İran münasibətlərinin təfərrüatları, xüsusən də bu mövzuda xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqə səviyyəsi haqda məlumatlı deyiləm. Ancaq bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz. Bunu başa düşmək üçün fiziki kimya mövzusunda əhəmiyyətsiz bir nümunə verəcəyəm. Heroinin xüsusi çəkisi kub santimetr başına təxminən 0,8 qramdır, yəni sudan bir qədər yüngüldür və suda həll olur. Beləliklə, 528 kiloqram heroin 0,6 kubmetr təşkil edəcək. Bunca narkotiki istehsal etmək üçün yaxşı təchiz olunmuş bir yer olmalıdır. Bundan başqa, çatdırılma vasitələri, müvafiq olaraq bir neçə icraçı, həmçinin təşkilatçı, köməkçilər, vasitəçilər, bir sözlə, çoxsaylı şəxslərə ehtiyac var. Ən əsası, bu işləri görmək üçün sabit bir cinayət şəbəkəsi olmalıdır. Hesablamaları davam etdirsək, İran-Azərbaycan sərhədində müsadirə edilən heroinin istehsalı üçün 250-270 hektar xaşxaş bitkisindən xammal tələb olunur. Narkotik tərkibli bitkilərin böyümə sahəsini səlahiyyətlilərin diqqətindən gizlətmək fiziki cəhətdən mümkün deyil. Bu, yalnız bir anda ələ keçirilən partiya üçündür və əgər bu rəqəmlər il ərzində müsadirə edilən heroinin bütün həcmi üçün yenidən hesablanırsa, ərazidən 3, hətta 4 qat daha böyük əkinlərdən danışmalıyıq. Və İran ərazisindən Azərbaycan ərazisinə keçməyən heroinin hipotetik miqdarını nəzərə alsaq, başa düşməliyik ki, orada xaşxaş əkinləri onlarla deyil, minlərlə hektar ərazini əhatə etməlidir. “Məhsulu” emal etmək üçün laboratoriyalarda yüzlərlə və hətta minlərlə insan çalışır. Yəni xam tiryəkin kimyəvi emalı üçün laboratoriyalar və ya hətta fabriklər də daxil olmaqla, yaxşı qurulmuş bir sistem fəaliyyətdədir. Bu bir biznesdir. Və bu mövzuda 2-ci fərqli fikir ola bilməz”.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …