Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Məmur həbsləri korrupsiyanın miqyasını niyə azaltmır?

Məmur həbsləri korrupsiyanın miqyasını niyə azaltmır?

Azərbaycanda növbəti dəfə məmur həbsləri həyata keçirilib. Bu dəfə Lənkəran İcra Hakimiyyətində. Xəbər verildiyi kimi, rayonun baş memarı və psixiatriya xəstəxanasının şöbə müdiri tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bununla bağlı deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun ”961″ Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Bəllidir ki, son bir illər ərzində neçə-neçə məmur rüşvət və korrupsiya əməllərinə görə həbs edilib, yüksək cəzalar alıb. Lakin hələ ki, həbslər ölkədə məmurların korrupsiya iştahını elə azaltmayıb. Görəsən səbəb nədir: kadrların etibarsızlığı, maaş azlığı, yoxsa…

Milli Məclisin deputatı koronavirusa yoluxub - Azər Badamov xəstəxanaya  yerləşdirilib

Azər Badamov 

Millət vəkili Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyanın aradan qaldırılması və şəffaflığın təmin olunması rahat olmayan uzun bir prosesdir: “Ona görə də bir neçə gündə ölkədə korrupsiyanın kökünü kəsmək mümkün deyil. Hətta dünyanın inkişaf etmiş ölkələrində də müəyyən qədər korrupsiya var. Ona görə də belə qənaətə gəlmək olar ki, korrupsiyanın kökünü birdəfəlik kəsmək çətin məsələdir.

Amma dövlətimiz korrupsiyaya qarşı mübarizəsinin davamlı aparılmasında israrlıdır. Harada korrupsiya əməlləri müşahidə olunursa, o istiqamətdə operativ tədbirlər görülür. Çalışmalıyıq ki, korrupsiyanın səviyyəsi azalsın, minimuma ensin. Burada vəzifəli şəxsləri  korrupsiyaya vadar edən kadrların etibarsızlığı, maaş azlığı və digər məsələlər deyil. Hesab edirəm ki, yeni şüur formalaşmalıdır. O şüur ki, insanlar vəzifəyə təyin olunanda əlavə pul qazanmaq üçün əyri yollara əl atmasın, xalqa xidmətlə şərəf duysun. Hesab edirəm ki, belə bir cəmiyyətin qurulmasına nail olacağıq. Ona görə də müvafiq orqanların korrupsiyaya qarşı mübarizəsini daha da ciddiləşdirməsinə ehtiyac olduğunu düşünürəm”.

Oxu.az - Əkrəm Həsənov: “Beynəlxalq standartlara görə, əhaliyə kredit  verilməli deyil”

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, korrupsiya ilə məşğul olmayan məmurların sayı az olduğuna görə bir neçə məmurun həbs olunması kifayət deyil: “Korrupsiya əməllərinin hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılmasını gözləmək əbəsdir. İctimai nəzarət olmalıdır. Dövlət başçısı bununla bağlı dəfələrlə  fikrini bildirib. Müəyyən mexanizmlər olmalıdır. Məmurların və onların ailə üzvlərinin gəlir və xərc bəyannamələri olmalıdır. Daşınmaz əmlak reyestri və hüquqi şəxslər reyestri tam açıq olmalıdır. Biz bilməliyik ki, məmurların hansı biznesi, əmlakları var. Yəni şəffaflıq olmalıdır. Şəffaflıq olmayan yerdə ictimai nəzarət necə ola bilər? Başqa mexanizmlər də-dövlət hesabına güzəştli kreditlər və s. şəffaf olmalıdır. Eyni zamanda, etiraf edək ki, məmurların maaşı o qədər də yüksək deyil, yəni səlahiyyətlərə mütənasib deyil. Korrupsiya ilə məşğul olan məmurlar sərt cəzalanmalıdır. Mən dəfələrlə demişəm ki, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər”. 

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …