Bir neçə ay öncə İspaniyanın paytaxtı Madrid şəhərindəki böyük
ticarət mərkəzlərinin birində alış-veriş edərkən paltar yoxlama otağına
keçəndə əlimdəki 7-8 paltara qətiyyən əhəmiyyət verən olmadı. Hətta
paltarları özüm sayıb nömrə istəyərkən nəzarətçi qız “lazım deyil” deyə
əlini yellədi. Düzü, onda mağaza nəzarətçisinin bu hərəkətini ya çoxlu
müştərilərdən yorulması, ya alıcılara inamı, ya da mağazanın qaydası
olduğunu anlaya bilmədim. Bakıdakı alış-veriş mərkəzlərindəki müştəriyə
qarşı inamsız mənzərə isə təbii ki, gözümün önündə idi.
Ümumiyyətlə,
Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq alış-veriş etmək istərkən
mağazalarda, hətta, alıcıların qaynaşdığı ən böyük ticarət mərkəzlərində
belə şəxsi əşyaların olduğu çantanın yoxlanması yolverilməz hesab
edilir. Bu, istehlakçıların hüquqlarına kobudluqla müdaxilə və onlara
qarşı təhqir sayılır. Bununla belə demək olmaz ki, dünya ölkələrinin
alış-veriş mərkəzlərində oğurluq halları baş vermir…
Bakıdakı
ticarət mərkəzlərində isə müştərilərlə davranış mədəniyyəti xeyli
“fərqlidir”. Geyim dükanlarında alış-veriş edərkən və ya sadəcə, mallara
baxarkən satıcıların müştəriləri addım-addım izləməsi adi haldır. Bu,
əsəbləri tarıma çəksə belə, birtəhər səbir göstərirsən. Amma müştərinin
şəxsi əşyalarının olduğu çantasını yoxlamaq kimi münasibətlə
qarşılaşanda artıq səbir kasan daşır… Alıcının əlindəki şəxsi çantanı
yoxlamaq bəzən həssas müştərilərlə ciddi və yersiz münaqişələrə gətirib
çıxarır.
Məsələn, 28 Mall-dakı LC Waikiki mağazasında alıcılarla davranış bu “mədəniyyət”dən uzağa getmir.
Keçən
həftənin cümə günü LC Waikiki mağazasında mallara baxarkən üzləşdiyim
mənzərə mənə bir növ “mədəniyyət şoku” yaşatdı. Əlimdə iki paltar
yoxlama otağına keçmək istərkən nəzarətçi qız təkcə malların sayını
yoxlamaqla kifayətlənmədi, əl çantama da nəzər salmaq istədi. Düzü,
alış-veriş mərkəzlərinin girişində təhlükəsizlik məqsədilə ümumi
yoxlamadan başqa, ilk dəfə belə bir “imtahan”la üz-üzə qaldım. Əl
çantama boylanmalarının səbəbini soruşduqda Elvin adı nəzarətçi
mağazadakı oğurluqlarla əlaqələndirdi: “Oğurluqların sayı artıb. Çoxu da
qadınlardır”-dedi.
Nəzarətçinin
izahını bütün hallarda istehlakçıların hüququnun pozulması adlandırıb
mağazadan uzaqlaşdım. Əl çantamın yoxlanması ilə bağlı irad və
narazılıqlarımı bildirməyim də öz yerində.
Ticarət
mərkəzindəki “Zara”, “Mango” “Aldo”, “Next”, “Terranova” və s. kimi
mağazalara baş çəkib paltar yoxlama otağından çıxandan sonra qəsdən
“niyə əl çantamı yoxlamırsınız” deyə nəzarətçilərdən soruşdum. “Bu sizin
şəxsi əşyalarınızdır. Buna bizim haqqımız yoxdur” – cavabını aldıqdan
sonra əl çantalarının yoxlanmasının ümumən nə 28 Mall rəhbərliyinə, nə
də digər mağazaların müştərilərlə davranış qaydalarına aid olmadığını
aydınlaşdırıb yenidən istehlakçı hüququmun pozulduğu mağazaya – LC
Waikiki-yə qayıtdım.
Qeyd
edim ki, mağazanın Fb səhifəsindəki rəylər də bu şəbəkə haqqında xoş
fikirlər yaratmadı. “Bakıda fəaliyyət göstərən ən səviyyəsiz iri
mağazalar şəbəkəsindən biri” və ya “Bu qədər filialınız var. 1 jeans
kurtkanın “M” razmerini tapa bilmirəm. “Ganjlik mall’da var deyirlər,
gedirəm satıcı deyir hələ anbardadır. Anbardan malın çıxmağını bilən
yoxdur. Deyirəm əlaqə nömrəsi verim, deyir yadımızdan çıxacaq. Pulsuz
xidmətlərdə belə müştəriyə individual yanaşma var, sizdə isə bu 0-dır.
Satıcılarınıza təlimlər keçin müvafiq sahə ilə bağlı” kimi şərhlər
müştərilərə münasibətin hansı səviyyədə olmasından xəbər verir.
Mağazanın
müdiri Vüqar Mirzəyev “Bir sıra mağazalar kimi biz də heç vaxt əvvəllər
müştərilərin çantasını yoxlamırdıq” deyə çantamın yoxlanmasına qarşı
iradlarıma rəğmən cavab verdi: “Yəni müştəri rahat şəkildə gəlir,
alış-verişini edir və çıxıb gedirdi. Ancaq dükanda oğurluqlar başladı.
Belə ki, pal-paltarın birini əlində tutur, digərini çantasının içinə
qoyub geyinmə otağına keçir və çıxdıqdan sonra əlindəki paltarı qaytarır
və çantasındakını aparıb gedir”. Mağaza müdiri otağındakı kameranın
monitorunu göstərərək «Mağaza çox böyükdür və gün ərzində çoxlu alıcı
daxil olur. Bizim onların hamısını izləmək imkanımız yoxdur» – dedi:
“Biz də istəyirik dünyadakı mağazalar kimi olaq. Ancaq bizim insanlar
ola bilmir”. Müdir əlacsızlıqdan müştərilərə qarşı belə davrandıqlarını
etiraf etdi: «Biz bunu əlacsızlıqdan edirik. Məqsədimiz hər hansı bir
müştərini incitmək deyil, ancaq biz bu cür davranmağa məcburuq.
Müştərilər bizə çox böyük miqdarda ziyan vururlar. Mağazada çeşid
çoxdur. Ona görə gələnlər də çox olur və oğurluq halları baş verir. Ona
görə rəhbərlik bütün filialların mağaza müdirlərini yığıb «çıxış yolu
budur» – deyə iclas keçirərək, bu qaydanı tətbiq etməyi tapşırdı”.
LC
Waikiki mağazalar şəbəkəsinin marketinq direktoru Fuad İbrahimovla
əlaqə saxladıqda “bizdə bu cür hallar çox baş verir” deyə o da mağaza
müdirinin fikirlərinə haqq qazandırdı: “Alıcı geyim otağına keçəndə özü
ilə əlavə götürdüyü geyimi çantasına qoyur. Geyindiyi paltarı gətirib
qaytarır, ancaq çantaya qoyduğunu götürüb gedir. Bu cür halların
qarşısını almaq üçün əməkdaşlarımız alıcıların çantasını yoxlayır.
Müştərilər özləri bizə başqa yol buraxmadılar. Biz də bu addımı atmağa
məcbur olduq”. Marketinq direktoru satıcılar tərəfindən müştərinin
çantasının yoxlanmasını təhqir hesab etmir: «Bu, yalnız oğurluq
hallarının qarşısını almaq üçündür. Mağazada siqnalizasiya sistemi yaxşı
qurulub. Girişdə də siqnalizasiya var. Kameralar da işləyir. Sadəcə,
müştərilər bunları da «aşırlar».
Qanunda boşluq
Qeyd
edək ki, ölkəmizdə istehlakçıların bütün mümkün hüquqları
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla qorunsa da,
sənəddəki natamamlıq istehlakçıların xeyrinə işləmir. Hərçənd təklif
olunan xidmətlərdən də istifadə edən istehlakçılardan bir çoxu öz mövcud
hüquqları ilə ya tamamilə məlumatsız, ya da az məlumatlıdırlar.
İqtisadiyyat
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev
qəzetimizə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin 03.04.2014-cü
il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət
Qaydaları”nın 23.1-ci bəndində icraçının istehlakçılar üçün
qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək hüququ
təsbit edilib. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi
yerlərdə istehlakçılardan əl çantasının və ya digər əşyaların girişdə
saxlanca, üst geyimin qarderoba verilməsinin, siqaret çəkilməməsinin və
s. tələb edilməsi qanunvericiliyə zidd deyildir. Bununla belə icraçı
(satıcı) öz növbəsində istehlakçılara məxsus əl çantalarının və digər
əşyaların saxlanmasına şərait yaratmağa borcludur. İstehlakçı həmçinin
öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli
dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir.
Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovisə istehlakçıların
hüquqları ilə bağı qanunda boşluq olduğunu bildirir. O mənada ki,
müştərilərin şəxsi əşyalarının supermarketlərdə və alış-veriş
mərkəzlərində yoxlanması problemə çevrilib: “Bununla bağlı bizə hər
həftə şikayətlər daxil olur. İqtisadiyyat Nazirliyi qarşısında da bir
neçə dəfə məsələ qaldırılıb. Ancaq nə marketlərdə, nə də ticarət
mərkəzlərindəki bır sıra mağazalarda istehlakçıların hüquqları ilə bağlı
heç bir qayda-qanun yoxdur. Biz müraciətlərimizə «Öz əraziləridir,
özləri bilər» – cavabını alırıq. Hesab edirəm ki, Nazirlər Kabineti
bununla bağlı qaydalar tətbiq etməli, istehlakçıların hüquqları ilə
bağlı məsələlər orada öz əksini tapmalıdır. İstehlakçılara potensial
oğru kimi baxırlar”. E.Hüseynov ticarət mərkəzlərində istehlakçıların
incidildiyini və bununla bağlı çəkişmələrin baş verdiyini deyir: “Bunun
da səbəbi bu sahədə qaydaların olmamasıdır. Bu baxımdan belə bir
hərc-mərclik hökm sürür. İş ondadır kir, hüququ pozulan istehlakçının
narazılığına da qulaq asan yoxdur».
“İyi
geyinmek herkesin hakkı” fəlsəfəsi ilə bu gün 46 ölkədə 975 mağazası
fəaliyyət göstərən türk markasının şəbəkəni genişləndirməsinə rəğmən
müştərilərlə davranış qaydalarını da inkişaf etdirməsi yaxşı olardı.
Digər
tərəfdən, kameralar yaxşı çalışsa, nəzarətçilər ayıq-sayıq olsa
müştərini oğru tutmağa və əlavə əndişəyə ehtiyac qalmaz. Necə deyərlər,
«Malını yaxşı saxla, qonşunu oğru tutma». //kaspi.az//
Həmçinin oxuyun
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI
Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …