Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Küçəni “Balaxanı zibilxanası”na çevirdilər

Küçəni “Balaxanı zibilxanası”na çevirdilər

Xətai rayonundakı Aşıq Ələsgər və Rahib Məmmədov küçələrinin kəsişdiyi ərazi, Əhmədli kəndinə gedən yol tullantıların əlindən keçilməz olub. Natəmizlikdən ərazi sahibsiz heyvanların məskəninə çevrilib. Yağış yağandan sonra vəziyyət daha dözülməz həddə çatır, tullantılar yağış suyuna qarışıb küçəboyu yayılır, həyətlərə dolur.

“İlin bütün fəsillərində vəziyyət belədir, tullantılar vaxtlı-vaxtında daşınmır”, – Aşıq Ələsgər küçəsinin sakinləri virtualaz.org saytına bildiriblər.

Sakinlərin sözlərinə görə, məişət tullantılarının atılması üçün zibil qutuları qoyulub, amma qutular tələbatı ödəyə bilmir. Çünki yaxınlıqdakı şadlıq sarayının tullantıları da bura atılır: “Neçə illərdir vəziyyət belədir. Ətrafda zavod, iri market yerləşir. Şadlıq sarayının əməkdaşları deyirlər ki, bura tullantı atmırlar. Amma hər gün zibil qutuları mal içalatı, yemək qalıqları ilə dolub daşır. Belə çıxır ki, hər gün bir sakin heyvan kəsir”, – sakinlərdən biri – Əhməd Muxtarov söyləyib.

Şikayətçilər deyirlər ki, sahibsiz heyvanlar tullantıların yanından çəkilmir, azyaşlılar küçəyə çıxmaqdan qorxurlar. Hər an kiminsə üzərinə hücum edə bilərlər. Küçədəki bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətindən tutmuş bələdiyyəyə qədər hər kəs məlumatlıdır. Sadəcə olaraq, tədbir görmək istəmirlər.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …