Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Koronavirusun işsiz qoyduğu vətəndaşların aqibəti necə olacaq – Yaşamaq uğrunda mübarizə

Koronavirusun işsiz qoyduğu vətəndaşların aqibəti necə olacaq – Yaşamaq uğrunda mübarizə

Koronavirusun yayılması təkcə sağlamlığımızı deyil, həm də ölkə vətəndaşlarının əksər hissəsinin maddi vəziyyətini təhlükə ilə üz-üzə qoyur. Belə ki, vətəndaşları qismən təcrid etmək tədbirləri ilə birgə, kütləvi tədbirlər ləğv edildi, əyləncə mərkəzləri, kinoteatrlar bağlandı, restoran və kafelərin fəaliyyətinə məhdudiyyətlər tətbiq olundu.

Bu, iaşə, əyləncə sektorunda çalışan insanların çoxunun (bəzilərinin aprelin 15-dək, bəzilərinin də qeyri-müəyyən müddətə) ödənişsiz məzuniyyətə göndərilməsinə səbəb oldu. Turistlərin olmaması səbəbindən bir çox otellərin işçiləri müvəqqəti olaraq işdən azad edildi. Bəzi yerlərdə rəhbərlik əməkhaqlarının yarısını, bəzi müəssisələrdə isə 20 faizini ödəyəcəyini bildirdi.

Qismən sosial təcrid rejimi olduğuna görə idman zalları da bağlandı və idman məşqçiləri işsiz qaldı. Taksi sürücülərinin müştərilərinin, binaların təmizlənməsi ilə məşğul olanların və digərlərinin sayında xeyli ixtisarlar var.

“Mənim işimin biri ixtisar olundu. Mənzillərində həftədə bir dəfə təmizlik işləri apardığım qadın mənə hələ gəlməməyimi bildirdi. O, hələlik evdən işləyir və müvəqqəti olaraq xidmətlərimə ehtiyac duymur. Kafelərin birində ofisiant işləyən oğluma da, müştərilər olmadığı üçün hələ işə gəlməməsini söyləyiblər”, – deyir AYNA-ya danışan paytaxt sakini qadın.

Gözəllik salonlarının işçiləri də şikayətçidirlər. Bir çoxları, toyların ləğvi səbəbindən salon və dırnaq xidməti ustalarına müraciətlərini ləğv ediblər. Qalanlar da koronavirus infeksiyası təhlükəsi səbəbindən evdən çölə çıxmağa qorxurlar. Bəzi salonlar müvəqqəti olaraq bağlanıb.

Paltar, xüsusən də karnaval geyimləri tikənlər də qazancsız qalıblar. Sifariş yoxdur, çünki bütün kütləvi tədbirlər ləğv edilib. Hər şey düzələnədək (heç kim hər şeyin nə vaxt düzələcəyini öncədən proqnoz verə bilmir) insanlar bu şərtlər altında yaşamağa məcburdurlar.

“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılovun AYNA-ya şərhinə görə, qeyd olunan sektorlarda çalışanlar müvəqqəti olaraq pul qazanmağın başqa yollarını axtarmalıdırlar: “Muzdlu və rəsmi qeydiyyata alınan işçilərə gəldikdə isə, şirkətlər işçilərə maaşlarını ödəmək üçün maliyyə ehtiyatlarına sahib olmalıdır. Axı, onlar öz günahları üzündən işsiz qalmayıblar, baş verən vəziyyətə görə belə hala düşüblər və buna görə çarəsiz durumda qalmamalıdırlar. Bir şəxs fövqəladə vəziyyətə görə işə getmirsə, ona orta əməkhaqqı verilməlidir. Məsələn, Almaniyada belə edilir, bizdə niyə olmasın? Yaxud işçilər ödənişli əsaslarla iki həftəlik məzuniyyətə göndərilə bilərlər”.

“Bəzi özəl müəssisələrin rəhbərliyi hesab edir ki, qanun onlar üçün yazılmayıb. Əgər onlar işçilərini maaşsız qoysalar, deməli onların vicdanları yoxdur. Koronavirusun yayılması təhlükəsi hamıya və hər kəsə, bütün ölkəyə təsir etdi və burada əksinə bir-birinə dəstək olmaq və insanlığı itirməmək lazımdır”, – C.İsmayılov deyib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) AYNA-ya açıqlamasında bildirib ki, indi rəsmi qurumlar bəzi suallara cavab tapmalıdır: “ndi bir çox sahədə çətin vəziyyət yaranıb. Bu, ilk növbədə turizm sektoru və xidmət sektorudur. Onlarda müştərilərin sayı kəskin azalıb, haradasa demək olar ki, heç yox dərəcəsindədirlər. Buna görə rəhbərlik işçiləri qeyri-müəyyən müddətə işdən azad edir. Ancaq belə bir vəziyyəti necə qiymətləndirəcək və bu insanların necə maaş alacaqları bəlli deyil. Müəssisələr və idarələrin müvəqqəti bağlanması səbəbindən işləməyənlər nə etməlidirlər? Belə ki, dövlət məktəblərində və universitetlərində işləyən müəllimlər üçün dövlət fəaliyyətsizlik dövrü üçün əməkhaqqını eyni miqdarda ödəyəcək. Bəs özəl təhsil müəssisələrində və uşaq bağçalarında işləyən insanların vəziyyəti necə olacaq? Karantin zamanı təcili tədbirlər görülməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla məşğul olmalıdır”.

“Qanuna görə, işçinin heç bir günahı olmadan işdən çıxması halında, işəgötürən əməkhaqqının 2/3 hissəsini işçiyə ödəməlidir. Ancaq kiçik bir müəssisə haqqında danışırıqsa, orta sahibkar heç bir şey qazana bilmədiyi üçün ödəyə bilmir. Əgər işçinin də günahı yoxdursa, işəgötürənin də günahı yoxdursa və belə halda, işəgötürəndən işçiyə məcburi əməkhaqqı ödəmək tələb olunacaqsa, bu zaman nəticə heç də ürəkaçan olmayacaq. Şirkətlər müflis ola bilər”, – Məmmədov bildirib.

Qeyd edək ki, İtaliyada hökumət koronavirusun yayılmasından dolayı yaranmış fövqəladə vəziyyətdə ailələrə və şirkətlərə dəstək olmaq üçün 25 milyard avro ayırmaq qərarına gəldi. Bu vəsait İtaliya əhalisindən və şirkətlərindən alınan kreditlər üzrə vergi və ödənişlərin toplanmasının dayandırılmasını, işçilərin məcburi məzuniyyətinin ödənilməsini və bağlanmış məktəb və uşaq bağçalarında dayə üçün ailələrə bonusların ayrılmasını təmin etmək üçün istifadə ediləcək. Ölkəmizdə isə bununla bağlı təəssüf ki, hələ ki heç addım atılmayıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …