Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Hövsanın yağış zaman peyda olan “Ballı gölü” – FOTOLAR, VİDEO

Hövsanın yağış zaman peyda olan “Ballı gölü” – FOTOLAR, VİDEO

Bakının Suraxanı rayonu ərazisində yerləşən Hövsan qəsəbəsində hər dəfə yağış yağanda “göl”lər əmələ gəlir. 

Kanalizasiya sisteminin bərbad halda olması qəsəbənin bir neçə küçəsində gölməçələrin yaranmasına səbəb olub. İllərdir ki, bu qəsəbədə eyni problem var, amma həll edən tapılmır. Sakinlər dəfələrlə müxtəlif qurumlara müraciət ediblər, lakin heç bir faydası olmayıb.

Musavat.com-a danışan qəsəbə sakinləri deyiblər ki, illərdir qəsəbədə yağış yağanda “göll”ər ortaya çıxır. Yağış suları ilə ortaya çıxan bu “göl”lərdən biri də Elman Qasımov küçəsində yerləşir.

Yağış sularının olduğu ərazidə “Ballı” adlı market olduğu üçün sakinlər artıq buraya “Ballı göl” deyirlər. Qəsəbə sakini Cəfər Qurbanov problemin kanalizasiya sistemində olduğunu dedi: “Bu yaxınlarda kanalizasiya xətlərini guya düzəltmişdilər, amma gördüyünüz kimi bura yenə gölə dönüb. Maşınlar suda batır, camaat yolu keçə bilmir. Küçənin suyu yaxınlıqdakı obyektlərin zirzəmisinə dolur. Artıq alışmışıq. İlk dəfə olsaydı bəlkə təccüblənərdik. Suraxanı rayon icra hakimiyyətinə, Bakı şəhər icra hakimiyyətinə və digər rəsmi qurumlara dəfələrlə şikayət etmişik. Baxan varmı? Yoxdur. “Ballı göl” hər dəfə yağışda peyda olur. Bu küçənin 2 problemi var. Birincisi yol çöküb, dərə kimi olub. Asfalt vuran tapılmır. Dərə yarandığı üçün yağış suları bura yığılır. İkinci poroblem də kanalizasiya sistemi ilə bağlıdır. Yığılan suyun gedəcək yeri yoxdur. Ona görə də dolub-daşır”.

Ən çox çətinlik yaşayan isə sürücülərdir. Salman Dadaşov adlı sürücünün sözlərinə görə, problem uzun zamandır ki, davam edir: “Qardaş, bu yol düzələn deyil. 3 ildir Hövsana köçmüşəm, köçəndən bəri hər il bir az yağış yağam kimi hər tərəf belə olur. Mənim maşınımın altı hündürdür, yola vermək olur. Amma elə maşınlar var ki, yarıya kimi suya batır. Sürücünün ayaqları su olur.

Biabırçılıqdır, vallah… Saatlarla, günlərlə güclü leysan yoxdur, adicə yağış yağır və ərazi bu haldadır. Avropada 3-4 dəfə daha sürətli və günlərlə yağış yağır, ancaq o zaman küçələrdə su olur. Onu da tezbazar həll edirlər. 21-ci əsrdə yaşayırıq, amma halımız, yaşantımız 15-ci əsrləri xatırladır”.

Elman Səfərov deyir ki, hər il qış mövsümündə bu yoldan keçdiyinə görə ciddi maddi ziyana düşür: “Bura dərə kimi yerdir. Su olmasa qar, palçıq olacaq. Axırı bir şey bu dərəyə dolacaq da. Yayda bura normal asfalt çəkib, yağış sularının axması üçün şərait qursaydılar, indi bu əziyyəti çəkməzdik. Mən əvvəl mini maşın sürürdüm. Hər qış bu küçə məni ziyana salırdı. Maşının altı dəyirdi, motor islanırdı və s. Evimi satası deyildim ki, getdim maşını satdım, jip aldım. Bu küçəyə görə maşınımı dəyişməli oldum”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …