Ana səhifə / Sosial / Hasara alınmış yaşıllıq sahəsində prokurorluq üçün bina tikildiyi deyilir

Hasara alınmış yaşıllıq sahəsində prokurorluq üçün bina tikildiyi deyilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi araşdırma üçün tikintinin dayandırıldığını bildirir

Paytaxtda daha bir yaşıllıq sahəsi hasarlanaraq, ərazidə tikinti işlərinə başlanılıb. Metronun “Dərnəgül” stansiyasının yaxınlığında, Süleyman Sani Axundov küçəsində şam ağaclarından ibarət yaşıllıq sahəsi hasara alınıb, içərisinə tikinti materialları yığılıb və artıq tikintiyə başlanılıb.

Bu barədə Meydan TV-yə yaxınlıqda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, ərazidə tikinti aparan ustalar məlumat verməkdən imtina etsələr də, hansısa obyektin tikildiyini güman edirlər. Çünki yaxın keçmişdə yaşıllıqların məhv edilməsi hesabına kafelər, mağazalar tikilib. Binəqədidə hər küçən il yaşıllıq sahəsinin sayı bir az daha azalır.

“Ərazidə onlarla ağac var və qurumayıb. Bir müddət əvvəl ağacların bir qismi budanıb. Tikinti işi sürətlə davam edir, ağacların kəsiləcəyindən, yaşıllıqların məhv ediləcəyindən narahatıq. Amma ərazi polis nəzarətindədir, heç kim cəsarət edib etiraz etmir”,– adının açıqlanmasını istəməyən sakinlərdən biri deyib.

Əlavə edib ki, çoxu onun kimi baş verə biləcəkləri nəzərə alıb etiraz etmir, narahatlıqlarını dilə gətirməkdən çəkinir.

Sosial şəbəkələrdə ərazinin Baş Prokurorluğa aid olduğunu, prokurorluq üçün bina tikildiyini əks etdirən məlumat lövhəsinin şəkli paylaşılıb.

Lakin Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı sorğuya cavab almaq mümkün olmayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlamasında isə qeyd edilir ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 114 ünvanında tikinti işləri araşdırma aparmaq məqsədilə dayandırılıb. Hazırda həmin ünvanla əlaqədar tikintiyə icazə icraatı prosesi davam edir. Baş Prokurorluğun balansında olan 0,9 hektar ərazinin əsas sahəsində park yaradılmaqla rayon prokurorluğunun yeni inzibati binanın tikintisi nəzərdə tutulub.

Binəqədi Rayon İcra Hakimiyyətinin xanım əməkdaşı isə bildirib ki, tikinti işlərindən xəbərdar deyil. Bununla belə, deyib ki, hansısa ağacın qırılmasından söhbət gedə bilməz:

“Tikinti aparılarkən müvafiq qurumlarla, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, icra Hakimiyyətinin Yaşıllaşdırma Departamenti ilə razılaşdırılır”.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …