Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Firdovsi Şahbazov: “Daş karxanalarında iş üçün zəruri olan heç bir normativ gözlənilmir”

Firdovsi Şahbazov: “Daş karxanalarında iş üçün zəruri olan heç bir normativ gözlənilmir”

Dövlət Statistika Komitəsi Azərbaycanda sağlamlığa zərərli əmək şəraitində çalışanların sayını açıqlayıb. Məlum olub ki, Azərbaycanda təkcə sənaye sektorunda çalışan 47 min 408 nəfər zərərli əmək şəraiti olan iş yerlərində çalışıb. Daha 11 min 861 nəfər nəqliyyat və anbar təsərrüfatı, 1 min 765 nəfər tikinti, 1 min 119 nəfərsə rabitə və informasiya sektorunda bu tip işlərdə çalışır. Rəsmi rəqəmlərə görə, 25 min işçinin iş şəraiti sanitar-gigiyenik tələblərə cavab vermir.

Zərərli əmək şəraitini müxtəlif sənaye sahələri üzrə nəzərdən keçirərkən diqqət çəkən məqamlardan biri mədənçıxarma sənayesi ilə bağlıdır. Rəsmi rəqəmlərə görə, bu sənaye sahəsində çalışanların 9 min 476 nəfəri sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışır. Xüsusən də daş karxanalarında bu normalar daha çox pozulur. Ölkədə bu sahədə toplam 40 minə yaxın şəxsin çalışdığı nəzərə alınsa, bu o deməkdir ki, mədənçıxarma sənayesində çalışan, az qala, hər dörd nəfərdən birinin çalışdığı iş şəraiti sağlamlığa zərərlidir. Görünən odur ki, uzun illərdir daş karxanalarında əməllicə işçiləri qul kimi istismar edirlər və buna qarşı tədbirlər görülmür.

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, mədənçıxarma sənayesində işçilərin 25 faizə qədərinin sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışması ciddi narahatlıq doğurur: “Həqiqətən də mövcud daş karxanalarında işçilərlə bağlı vəziyyət daha ağırdır. Problem ondadır ki, daş karxanalarında iş üçün zəruri olan heç bir normativ gözlənilmir. Bu isə karxanalarda çalışan işçilərin sağlamlığına ciddi ziyan vurmaqla bir sıra problemlərə yol açır. Nəticədə əksər hallarda onlar vaxtından əvvəl əmək qabiliyyətini itirir. Problemin kökündə dayanan məsələ əmək bazarında tələbin təklifdən kəskin formada çox olması ilə bağlıdır. Əmək bazarında təklif olunan normal iş yerləri çox olsa, o zaman daş karxanaları qul kimi işçiləri istismar etməz. Çünki yaxşı seçim olsa, ora gedib işləməzlər. Bax, başlıca problem bununla bağlıdır. Ona görə daş karxanaları bu cür işçiləri amansızcasına istismar edir. Digər problem onunla əlaqədardır ki, ölkədə işçi hüquqlarının qorunması siyasəti düzgün qurulmayıb. Müvafiq qurumların bu sahə ilə bağlı müraciətləri daha çox işçilərə yönəlib. İşə qəbul olunarkən əmək müqaviləsi tələb edin yanaşması işə qəbul edərkən əmək müqaviləsi bağla yanaşması ilə əvəzlənsə, daha məntiqli olar. Yalnız o halda bu cür zərərli işlərdə işləyənlərin əmək hüquqları qoruna bilər. Yoxsa problem hər zaman olduğu kimi davam edəcək. Ona görə də müvafiq qurumlar sistemli həll yolu ortaya qoymalıdır”.

Ekspert onu da qeyd etdi ki, bu sahədə görüləsi işlər çoxdur. (Baki-Xeber)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …