Ana səhifə / Sosial / Erməni pulu ilə Azərbaycanın üstünə yeriyən senator və konqresmenlər…

Erməni pulu ilə Azərbaycanın üstünə yeriyən senator və konqresmenlər…

Akif Nağı: “Bəzən həmin ermənipərəstlər müstəqil siyasətçi kimi başlarını Dağlıq Qarabağ prosesinin nizama salınmasına soxmaq istəyirlər”

“Belə azğınlaşmış siyasətçilərin olması ilə bağlı Prezidentin fikrilə tam razıyam”

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hazırkı beynəlxalq vəziyyəti də ətraflı təhlil edib: “Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq. Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır.
Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb.
Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu daha da ciddi diqqətə malik olmalıdır”.
Prezident Dağlıq Qarabağ münaqişəsilə bağlı heç bir irəliləyişin olmadığından bəhs edib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.
Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil”.
İlham Əliyev Qərb siyasətçilərinin fəaliyyətini də kəskin şəkildə tənqid edib: “Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük.
Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, – Azərbaycan ictimaiyyəti də bilir, – bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub.
Xüsusilə bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
Prezident erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilərin olması ilə bağlı işlətdiyi fikirdə daha çox kimləri nəzərdə tutur?
Qarabağ Azadlıq Təşkilatının üzvü Akif Nağı açıqlamasında bildirdi ki, belə halların olması bizə və Azərbaycan cəmiyyətinə çoxdan məlum idi: “Görün, vəziyyət nə həddə çatdı ki, Prezident bu problemin olmasını açıq mətnlə ifadə etdi. Yadınızdadırsa Prezident həmin fəaliyyəti bizə qarşı elan olunmuş müharibə kimi xarakterizə etdi. Biz ermənipərəst siyasətçilərin fəaliyyətini yaxından izləyirik. Onlar yalnız Qərbdə deyil.
ABŞ-da, Rusiyada olan bir çox siyasətçini də həmin siyahıya aid edə bilərik. Məsələn, Rusiyanın Dumasında bir Konstantin Zaturin var. Birmənalı şəkildə erməniləri müdafiə edir.
Təbiidir ki, ermənilərə xüsusi bir simpatiyası da yoxdur, pulun gücünə həmin fəaliyyətə cəlb edilib. Erməni diasporu bu istiqamətdə aktiv çalışır. Ən maraqlısı isə budur ki, bəzən həmin ermənipərəstlər müstəqil siyasətçi kimi başlarını Dağlıq Qarabağ prosesinin nizama salınmasına soxmaq istəyirlər. Belə azğınlaşmış siyasətçilərin olması ilə bağlı Prezidentin fikrilə tam razıyam”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən …

Bir cavab yazın