Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda 2 restoran 3 binanın sakinlərini yuxusuz qoyub

Bakıda 2 restoran 3 binanın sakinlərini yuxusuz qoyub

Açıq tipli kafe, restoranların səhərədək səsucaldanlarla ətrafa yaydığı musiqi səs-küyü ətrafdakıları bezdirib

Bakı gecələrinin əsas problemlərindən biri də səs-küydür. Kafelərdən, restoranlardan, şadlıq saraylarında, istirahət mərkəzlərindən ətrafa yayılan səs-küy şəhər sakinlərinin yuxusuna haram qatır.

Binaların 1-ci mərtəbəsində olan kafelər və restoranlardan gələn səslər sakinləri narahat edir. Musiqiyə qarışan qışqırıq, bağırtı belə məclislərin keçirildiyi yerlərin qonşuluğunda yaşayanların həyatlarını xoş etmir. Pəncərəni açmaq mümkün deyil. Açanda da səs-küydən oturmaq mümkün deyil.

Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 2, Babək prospekti 67, 71 saylı binaların sakinləri “Yeni Müsavat”a müraciətlərində qonşuluqdakı restoranların fəaliyyətindən şikayətləniblər.

“Yay fəsli başlayandan, iyun ayının əvvəlindən indiyə kimi, bizə yaxın ərazidə fəaliyyət göstərən, açıq tipli kafe, restoranların səhərə kimi səsucaldanlarla ətrafa yaydığı musiqi səs-küyündən istirahət edə, yata bilmirik. ”Şam bağı”, “Elşən” restoranlarından səhərə qədər gurultulu səs-küy gəlir, musiqi səsi ərşə çıxır. Sağlam insanlar, təqaüdçülər, qocalar, ahıl insanlar, qadınlar, uşaqlar dövlət və özəl sektorda işləyən fəhlə və qulluqçular, tələbələr, əsəb xəstələri, ürək-qan damar xəstələri və s. tapıblar. Bütün bu insanların istirahət etmək hüquqları pozulub. Normal istirahət etməyən hər hansı bir insanın mükəmməl sağlamlığından, yüksək əmək qabiliyyətindən, zehni əməklə məşğul olanların, yüksək elmi potensialından danışmağa dəyməz. Bu isə dövlətimizin vətəndaşların rifahına, işıqlı gələcəyinə yönəlmiş siyasətə ziddir” – sakinlər belə deyirlər.

Onların sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyınin 102 qaynar xəttinə, sahə polis inspektoruna dəfələrlə müraciət ediblər. Amma bu günə kimi heç bır müsbət nəticə yoxdur.

Səs-küydən zinhara gələn sakinlər deyir ki, istəkləri axşam 11-dən səhər 9-a kimi restoranlarda səs-küyün qarşısının alınması, istirahət etmək hüquqlarının bərpa olunmasıdır. Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladıqları müraciətdə də onlar bu istəklərini yazır, yardımçı olmaları xahişini qeyd edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına görə, 50 desibeldən yuxarı səs varsa, orada yaşayış üçün təhlükə var. Azərbaycan Səhiyyə Nazirliyinin standartlarına görə 56 desibeldən yuxarı səs həyat üçün təhlükəlidir. Səs üzrə mütəxəssislər deyirlər ki, bu gün Bakının  mərkəzi küçələrində 1,7 dəfə artıq səs-küy diapazonu var. Pik vaxtlarında diapazon 90 desibelə çatır. 56-dan 90 desibelə kimi səs-küyün artması, ətraf mühitin “səs təzyiqi”nə məruz qalma insanın psixikasına olduqca neqativ təsir göstərir. Axşam saatlarında belə səs-küy əlbəttə ki, istirahət hüququnu pozur. Mütəxəssislər bildirirlər ki, ard-arda inşa edilən binalar, təmir işləri, avtomobillərin mühərriklərinin səsi, ətrafda olan kafe və restoranlardan gələn səs-küy insan orqanizmi üçün təhlükəlidir. Mütəxəssislərə görə, daimi müxtəlif səslərə məruz qalan insanın psixologiyası pozulmaqla yanaşı, digər fizioloji problemlər də yarana bilər.

Daimi səs gurultusu insan səhhəti üçün zərərlidir. İnsanlarda müşahidə edilən stressin önəmli qaynağı səs-küydür. Ani olaraq yaranan gurultu insanın nəbzində, təzyiqində, tənəffüsündə, metobolizmində, görmə qabiliyyətində müəyyən problemlərə yol aça bilir.

Hüquqşünas Həsən Əliyev deyir ki, Azərbaycan qanunlarına görə, gecə 12-dən səhər  7-yə qədər kafelərdən uca səslər gəlirsə, bu da ətrafdakı insanları narahat edirsə, onların istirahətinə mane olursa, bu, artıq hüquq pozuntusu hesab olunur. Azərbaycanda gecə saatlarında səs-küy salanlar İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimələnə, cəzalandırıla bilərlər: “Fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə oluna bilərlər”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …