Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakı küçələrində yenidən tramvaylar şütüyə bilərmi?

Bakı küçələrində yenidən tramvaylar şütüyə bilərmi?

“Bakıda tramvayların bərpası ilə bağlı aidiyyatı dövlət qurumları ilə müzakirələr aparacağıq. Bu barədə dəqiq fikir söyləmək hələ tezdir”. “

Report”un xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

Sputnik Azərbaycan məsələ ilə bağlı yol-nəqliyyat eksperti Azər Allahverənovun fikirlərini öyrənib. O deyib ki, bir neçə cəhətə görə tramvayların istifadəsi müsbət hesab edilir: “Birincisi, onun ətraf mühitə müsbət təsiridir. Digər nəqliyyat vasitələrinin havaya buraxdıqları tullantıların zərəri kifayət qədər yüksəkdir. Amma tramvaylarda bu yoxdur. Ona görə ki, tramvay enerji ilə işləyir”.

“İkincisi, böyük tıxaclar olan şəhərlərdə, xüsusilə tramvaylar tətbiq edilir. Çünki tramvaylar onlar üçün ayrılmış yollarla hərəkət edirlər və onların tıxacda qalması minimuma endirilir və beləliklə, mənzil başına vaxtında çatır. Bu da insanların vaxt itkisinin qarşısını alır” – deyə ekspert bildirib.

A.Allahverənov onu da qeyd edib ki, digər nəqliyyat vasitələri ilə müqayisədə tramvaylarda ödəniş haqqı da nisbətən aşağıdır. Yəni maddi baxımdan da istehlakçılar üçün maraqlı nəqliyyat növüdür. Ən azından böyük məsrəflər tələb etmir.

Ekspertin fikrincə, digər müsbət cəhət təhlükəsizlik məsələsidir: “Tramvayların istifadəsi kifayət qədər təhlükəsiz hesab edilir. Dünya statistikasına baxanda tramvayların iştirakı ilə baş verən yol qəzalarının sayı, demək olar ki, yox dərəcəsindədir”.

A.Allahverənov qonşu ölkələrin təcrübəsinə də nəzər salıb: “Rusiyada tramvaylar geniş spektrdə istifadə olunur. Həm də orada tramvaylar istehsal edilir, çoxsaylı zavodlar var. Tramvaylarda ödəniş haqqı da aşağıdır. Və burada müəyyən güzəştlər də tətbiq edilir. Məsələn, tələbələr üçün, aztəminatlı ailələr üçün güzəştlər mövcuddur. Türkiyənin İstanbul şəhərində də tramvaydan geniş istifadə edilir. Demək olar ki, insanların bir çoxu bu nəqliyat növündən istifadə edir. Həmçinin Ukraynada, Belarusda da uğurlu şəkildə istifadə edilir”.

Allahverənovun sözlərinə görə, tramvayların Bakı şəhərində istifadəyə verilməsi birmənalı qarşılanmır: “Müxtəlif dairələr bu ideyanı, hətta mümkünsüz hesab edirlər. Bunu da onunla əlaqələndirirlər ki, yol infrastrukturu yeni tramvay xətlərinin salınmasına imkan vermir. Bəzi yollar isə, ümumiyyətlə, tramvayların istifadəsi üçün nəzərdə tutulmayıb”.

Ekspert qeyd edib ki, söhbət Bakı şəhərinin bütün ərazilərində tramvay xətlərinin salınmasından getmir: “Məsələn, bir sıra prospektlər var ki, kifayət qədər genişdir və bu yollarda tramvay xətlərinin salınması mümkündür. Aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalı, rəylər verməlidir. Çünki bəzən arqument gətirilir ki, tramvay xətlərinin salınması, istifadəyə verilməsi böyük sərmayə tələb edir. Yəni 3 arqument — yol infrastrukturunun mümkünsüzlüyü, böyük sərmayənin tələb edilməsi və istifadə olunan enerjinin bahalı olması irəli sürülür. Bütün bunlar araşdırılmalı və son qərar verilməlidir”.

“Amma bütövlükdə Bakı şəhərində tramvayların bərpa edilməsini müsbət qiymətləndirirəm və bunu mümkün hesab edirəm” — deyə ekspert vurğulayıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …