Sosial şəbəkədə biz:

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə regionda son sırada yer alıb

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə regionda son sırada yer alıb
Xəbər Şəkli
03 November 2026, 15:50
Sosial

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb.
Yeniavaz.com dünyanın ən böyük məlumat bazalarından biri hesab olunan “Numbeo”ya istinadən xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 balla 92-ci yerdə qərarlaşıb.
Reytinqə daxil edilən 101 ölkə arasında Azərbaycan yalnız Monteneqro, Nigeriya, Misir, Albaniya, İraq, Mərakeş, Banqladeş, Venesuela və Suriyanı qabaqlayıb.
Keçmiş SSRİ və region ölkələri arasında səhiyyə xidmətlərinin səviyyəsinə görə ən yüksək göstərici Estoniyada qeydə alınıb. Bu ölkə siyahıda 13-cü yerdə qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələrindən bəzilərinin reytinqdəki mövqeyi belə olub:
13 – Estoniya;
14 – Litva;
24 – Türkiyə;
53 – Latviya;
60 – Rusiya;
61 – Qazaxıstan;
77 – Gürcüstan;
79 – Ukrayna;
86 – İran;
91 – Belarus;
92 – Azərbaycan.


Səhiyyə xidmətlərinin səviyyəsinə görə ilk beşlikdə isə Tayvan (87,1 bal), Cənubi Koreya (83 bal), Yaponiya (79,9 bal), Ekvador (78,2 bal) və Niderland (77,6 bal) yer alıb.
Qeyd edək ki, reytinqdə ölkələrin səhiyyə xidmətlərinin ümumi səviyyəsi ilə yanaşı, səhiyyə xərcləri üzrə indeks göstəriciləri də təqdim olunub. Azərbaycanın səhiyyə xərcləri indeksi 85,2 bal təşkil edib.
Məlumat üçün bildirək ki, “Numbeo”nun Səhiyyə Xidmətləri İndeksi istifadəçilərin onlayn sorğulara verdiyi cavablar əsasında formalaşdırılır. Sorğularda iştirakçıların səhiyyə xidmətləri ilə bağlı fərdi qiymətləndirmələri -2-dən (kəskin mənfi) +2-yə (kəskin müsbət) qədər şkala üzrə dəyərləndirilir. Daha sonra nəticələr müqayisəni asanlaşdırmaq üçün 0-dan 100-ə qədər olan şkalaya uyğunlaşdırılır.
“Numbeo” qeyd edir ki, indeks son 5 ilin məlumatları əsasında hazırlanır və mütəmadi olaraq yenilənir. Şübhəli davranış nümayiş etdirən istifadəçilərin cavabları isə xüsusi spam filtrləri vasitəsilə kənarlaşdırılır.
İndeks səhiyyə sisteminin ümumi keyfiyyətini qiymətləndirmək üçün tibb mütəxəssislərinin səviyyəsi, tibbi avadanlıqlar, tibb işçiləri, həkimlər və xidmətlərin qiyməti kimi amilləri nəzərə alır.
Qeyd edək ki, bu göstərici rəsmi dövlət statistikası deyil, istifadəçilərin şəxsi təcrübə və rəyləri əsasında formalaşan indeksdir. Buna görə də nəticələr müəyyən subyektivlik ehtimalı daşıya bilər. “Numbeo” indeksi müxtəlif ölkə və şəhərlərin səhiyyə sistemlərini müqayisə etmək üçün istifadə olunan göstəricilərdən biridir.