Astarada sürüşmə hadisəsi baş verib.
Hadisə gecə saatlarında rayonun Vaqo kəndində, Pensərçayın sol sahilində qeydə alınıb.
1988-ci ildə inşasına başlanılan bəndlər ərazidə yağan aramsız yağışlar nəticəsində çayda su sərfinin artması və bəndlərin dib hissəsinin yuyulması səbəbindən uçub. Nəticədə 16 istinad divarı, ümumilikdə 20 metr uzunluğunda torpaq qatı ilə birlikdə çaya aşıb.
Sürüşmə nəticəsində bəzi sakinlərin məhəllədaxili hərəkət üçün istifadə etdiyi yolun kənar hissəsi də uçub.
Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və texnikaları cəlb olunub. Uçmuş bəndlərin cari təmirinə başlanılıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə, Regional Su Meliorasiya Xidmətinə və Layihə İnstitutuna məlumat verilib. Teleqraf

