Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Layihəyə əsasən, avtomobillərdə qanunsuz reklamın yayılmasına görə cərimələr 2 min manatdan 50 manatadək endiriləcək.
Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 50 manat məbləğində cərimə ediləcək.
Təqdim olunan layihədə həmçinin, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasının da foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Musavat.com