Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və ümumi dəyəri 135 min 15 manat 60 qəpik olan tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Foriella” MMC (VÖEN – 2903400661) olub.
Qeyd edək ki, “Foriella” MMC İcra hakimiyyətinə məişət tullantıları daşınan dəmir konteynerlər üçün 6 000 ədəd təkər satacaq. Təkərlərin 1000 ədədi tormozlu, 5 000 ədədi isə tormozsuz olacaq. Təkərlərin diametri minimum 200-220 mm, eni isə 50 mm olacaq.
Tenderin qalibi olan “Foriella” MMC 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 milyon manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yeləşir. MMC-nin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.
Məlumat üçün bildirək ki, “Foriella” MMC ölkənin aparıcı mebel istehsalçılarından biridir. Şirkətdən bildirilib ki, mebel istehsalını Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsində həyata keçirirlər. “Foriella” MMC-nin məhsulları bazarda “Perla” brendi ilə satılır.