Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Azərişıq” əvvəlcədən bütün rayonlara ehtiyat generatorlar göndərib

“Azərişıq” əvvəlcədən bütün rayonlara ehtiyat generatorlar göndərib

“Azərişıq” ASC bu gün fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin ekstremal hava şəraitinə təsadüf etməsini nəzərə alaraq əvvəlcədən bütün ehtiyat tədbirlərini görüb. Səhmdar Cəmiyyətin rəhbərliyi iki gün əvvəl gözlənilən kəskin hava şəraiti və seçki məntəqələrinin elektriklə fasiləsiz təminatı ilə bağlı xüsusi müşavirə keçirib. Bütün ölkə üzrə əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib ki, ölkə üzrə müşahidə olunan güclü külək, dağlıq rayonlarda yağan qar bəzi yerlərdə elektrik şəbəkəsində qəzaları qaçılmaz edir.

“Əməkdaşlarımız həmin qəzaları operativ olaraq aradan qaldırmağa çalışır. Eyni zamanda seçki məntəqələrində fasiləsiz elektrik təchizatını təmin etmək üçün əvvəlcədən bütün rayonlara çoxsaylı ehtiyat generatorlar da göndərmişik. Qəzalar baş verəndə dərhal seçki məntəqələrində ehtiyat generatorlar işə salınır”,-o bildirib.

*   *   *10:24

Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü külək bəzi ərazilərdə elektrik enerjisi ilə təchizatda problemlər yaradıb, qəzalar qeydə alınıb.

Belə ki, 30 saylı Suraxanı seçki dairəsinin Hövsan qəsəbəsində yerləşən bəzi məntəqələrində səhər saatlarında işıqların söndüyü bildirilir. Söhbət 8, 5, 9 və 15 saylı məntəqələrdən gedir.

«Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də Hövsan qəsəbəsində işıq problemi yarandığını təsdiqləyib. O bildirib ki, problemə operativ müdaxilə ediblər, səbəb külək, hava şəraitidir.

Gecə saatlarında baş verən güclü külək səbəbindən bir neçə Bakıətrafı kənd və qəsəbədə elektriklə bağlı problem yaşanıb. Mehdiabad qəsəbəsində işıq olmadığından vətəndaşlar 45 saylı Abşeron seçki dairəsində qaranlıqda səs vermək məcburiyyətində qalıblar.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev  deyib ki, gecə baş verən güclü külək nəticəsində 2-ci Qobu elektrik xəttində qəza baş verib. Bu səbəbdən Mehdiabad qəsəbəsi və Məhəmmədi kəndinin bəzi ərazilərində işığın verilməsində fasilələr yaranıb:

“Artıq qəza aradan qaldırılıb, gün sonuna kimi bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq. Küləyin sürəti yüksək olduğundan əməkdaşlar rahatlıqla işləyə bilmir. Ancaq bütün buna baxmayaraq gücləndirilmiş iş rejimində işləyirik və hər cür texnikamız var. 

Hövsanda Qum adası deyilən ərazidə də hava xətlərində kiçik problemlər yaşanıb və bu səbəbdən Suraxanı və digər qəsəbələrin bəzi ərazilərində elektrik enerjisinin veilməsində fasilə yaranıb, problem qısa müddətdə aradan qaldırılacaq”. 

T. Mustafayevin sözlərinə görə, hazırda regionlarda hər hansı problem müşahidə olunmayıb: “Qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələ ki, elektriklə bağlı problem yaşanmayıb. 199 çağrı mərkəzimiz də aktiv fəaliyyət göstərir. Fərdi qaydada belə gələn zənglərə diqqətlə yanaşılır”.

T.Mustafayev qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələri elektrik enerjisi ilə təmin olunub, qəzalar baş verən yerlərdə ehtiyat generatorlar işə salınıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …