Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Azərbaycanda 1,5 milyon işsiz var?

Azərbaycanda 1,5 milyon işsiz var?

Azərbaycanda işsizlərin rəsmi sayı açıqlanıb. 

Bu il iyun ayının 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,1 min nəfər olub. Xidmət bildirir ki, onların 32,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 402,6 manat olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinə görə, ölkədə işsizlərin sayı 292,5 min nəfərdir. İşsiz statusu almış şəxslərin sayı kontekstində real işsizik səviyyəsinin daha yüksək rəqəmlə ifadə olunduğunu söyləyə bilərik. Qeyd edək ki, bu gün ölkədə işsiz insanların sayı kifayət qədərdir. 

Bu problem xüsusilə də bölgələrdə özünü göstərir. Yerlərdə bir sıra sənaye obyektlərinin sıradan çıxması, yenilərinin fəaliyyətə başlamaması vətəndaşların işlə təminatında çətinliklərlə üzləşməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, son illər iş tapmaq məqsədilə vətəndaşlar paytaxta üz tutmalı olurlar. Bakıda isə bir neçə il öncə yaşanan “tikinti bumu” ilə bağlı işsizlik qismən aradan qalxsa da, artıq bu sahədə də bir azalma müşahidə olunur. Nəticədə bu sahədə iş tapa bilməyən vətəndaşlar da işsizlər siyahısında yer alırlar. 

Ancaq bu da bir faktdır ki, iki dövlət qurumunun rəsmi statistikasında belə, işsizlərlə bağlı 40 min fərq özünü göstərir. Onu da qeyd edək ki, bu gün bölgələrdə, o cümlədən kənddə yaşayan çox sayda sakinlər işsizliklə bağlı DMA-da qeydiyyata da düşməyiblər.

O zaman ölkədəki işsizlərin sayının məhz dövlət qurumlarının göstərdiyi rəqəmlərlə eyni olması nə dərəcədə doğrudur?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, işsizlərlə bağlı aparılan statistika sadəcə olaraq formal xarakter daşıyır. Azərbaycanda rəsmi olaraq işləyənlərin sayını dəqiqləşdirmək işsizlərin sayını müəyyən etməkdən daha asandır: 

“Çünki rəsmi olaraq işləyənlərin məlumatları elektron hökumət baza sistemində görünür. İlk olaraq Azərbaycanda əvvəlcə rəsmi olaraq işləyənlərin sayını götürək. Sonra 18 yaşdan 65 yaşa qədər kateqoriyalar üzrə Dövlət Statistika Komitəsinin məlumatlarına diqqət yetirək, əhali sayını götürək və onların içindən əmək qabiliyyətli, rəsmi işləyənləri kənara qoyaq. Onların içindən əlilləri və əmək qabiliyyətini itirən insanların da sayını çıxaq.

Yerdə qalan əhali sayı 3 milyon, hətta 4 milyon da ola bilər. Azərbaycanda işsizlərin sayı ilə bağlı nə Dövlət Məşğulluq Agentliyi, nə də Dövlət Statistika Komitəsinin açıqlamaları əhəmiyyət kəsb edir. Bunun çox sadə yolu var. İşləyənlərin həm Dövlət Sosial Müdafiə Fondunda məlumatları var, eyni zamanda dövlət rəsmi olaraq işləyənlərin sayını dəqiq bilir. Beləliklə, işləyənlərin sayını dəqiq bilirik, onun üzərinə əlilliyi olan şəxsləri gəlirik, 18-65 yaşlı kateqoriya üzrə əhali sayından onu çıxırıq və yerdə çox ciddi rəqəm qalır. Bunun üçün rəsmi olaraq işsiz statusu almasına, yaxud müvəqqəti işləməsinə, işləyən kimi göstərilməsinə ehtiyac yoxdur. Vətəndaş rəsmi olaraq işləmir, muzdlu olaraq işə cəlb edilirsə, o, işçi sayılmır”. 

Ekspert deyir ki, məşğulluq xidmətlərində işsizlik statusunun verilməsində də fərqli mexanizmlər var:

“Əcaib mexanizmlər ondan ibarətdir ki, işsizliklə bağlı iş axtaran olaraq müraciət edirsiniz, əgər sizdə nə zamansa VÖEN olubsa, sizə işsiz statusu vermirlər. Yəni iş axtaran kimi kimi göstərirlər, ancaq işsiz statusu vermirlər. Başqa səbəblər gətirirlər ki, işsiz statusu tətbiq olunmur. Nəticədə ortaya yalançı statistik mənzərə çıxır. Azərbaycanda işsizlərin sayını müəyyən etmək çox asandır. VÖEN olmadan çalışanlar rəsmi olaraq çalışmırlar. Hardasa çalışsalar belə, əgər rəsmi müqaviləsi yoxdursa, DSMF-yə vergi ödəmirsə, işləyən sayılmır.

O vətəndaş hər an işini itirə bilər. Pandemiya dövründə təxminən 1 milyona yaxın insan 190 manatlıq birdəfəlik yardım almaq üçün müraciət etmişdi. Azərbaycanda 1 milyon 600 minə yaxın rəsmi olaraq işləyən var. 18-65 yaş arası əmək qabiliyyətli insanların sayı təxminən 5 milyon nəfərə yaxındır. Onlardan 1 milyon 600 min rəsmi işləyəni, 300 min əlilliyi olan şəxsləri çıxsaq, bu, 2 milyona yaxın insan deməkdir. Yerdə qalan 3 milyonun da 50 faizi faktiki iş axtarır. Yəni 1,5 milyona yaxın insan faktiki olaraq işsizdir”. 

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …