Cümə axşamı , May 30 2024
Ana səhifə / Cəmiyyət / Aqil Abbas “Drakon”dan danışdı: “Xuliqan deyil, birdən-ikiyə…”

Aqil Abbas “Drakon”dan danışdı: “Xuliqan deyil, birdən-ikiyə…”

“Tək mən yox, deputat yoldaşlarım Fazil Mustafa və Qüdrət Həsənquliyevlə danışıb, razılaşmışıq ki, işə ədalətli baxılması üçün Ali Məhkəməyə müraciət edək”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas onun ssenari müəllifi olduğu “Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə məşhurlaşan Rza Rzayevin həbsi haqda danışarkən deyib.

Deputat hesab edir ki, qərar verilərkən aktyorun yüksək məziyyətləri nəzərə alınmalıdır:

“Mən Rzanı çox yaxşı tanıyıram, rejissordur, Hollivud məktəbini bitirib, öz evini satıb Qarabağ haqqında ən gözəl filmi çəkib. Həmçinin, dövlət orqanlarında yüksək vəzifələrdə işləyib, yəni hər zaman insanın əlindən xəta çıxa bilər. Amma yüngülləşdirici cəzalar var. Nə oldu, məhkəmə onu 5 ildən sonra tutdu?! Belə şey olmaz axı. Hər halda bunları tətbiq eləməli idilər. Bu xuliqan deyil, birdən-ikiyə həbsxanaya düşməyib”.

Rejissor və aktyorların bu təşəbbüsə qoşulacağı ilə bağlı suala gəldikdə, deputat bu məsələnin onu maraqlandırmadığını bildirib.

Qeyd edək ki, xuliqanlıq ittihamı ilə məhkum edilmiş aktyor, rejissor və ssenarist Rza Rzayev kassasiya şikayəti verib. Bu barədə onun vəkili Səlahəddin Cəfərov məlumat verib.

Şikayətdə Rza Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib. İşə Ali Məhkəmədə baxılacaq.

Xatırladaq ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub.

Birinci instansiya məhkəməsi ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəzanı şərti hesab edib.
Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub.

Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib.

Hadisə 2018-ci il yanvarında 220 saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Həmçinin oxuyun

“Xəzər TV” “Vəlioğlu-2018”i məhkəməyə verdi – 1 milyona yaxın vergi borcu var

Ölkənin aparıcı televiziya kanallarından biri olan “Xəzər TV” uşaq bezlərinin və təmizlik məhsullarının satışı ilə …