Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Sosial / AŞPA-dakı Qarabağ müzakirəsinə – XİN-dən reaksiya

AŞPA-dakı Qarabağ müzakirəsinə – XİN-dən reaksiya

“Azərbaycan bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması istiqamətində səylərini davam etdirəcək”.

Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AŞPA-nın plenar iclasında Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin və onun əsasında hazırlanmış qətnamə layihəsinin qəbul edilməməsinə verdiyi şərhdə bildirib.
Hikmət Hacıyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il yanvarın 26-da keçirilmiş plenar iclasında ölkəmizlə bağlı iki məruzə müzakirə edilib.
Məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilmişdir” adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edilib.
“Azərbaycanın sərhəd rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamədə AŞPA Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərini işğal etməsi nəticəsində bölgədə yaşayan Azərbaycan vətəndaşları üçün yaranan humanitar və ətraf mühit problemlərini pisləyir.
“Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması “ekoloji təcavüz” və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.
Eyni zamanda sənəddə Assambleya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bunun bütün ətraf ərazilər üçün təhlükə yaratdığını qeyd edir. Qətnamədə Ermənistan hakimiyyətinə su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa və kəskin humanitar problemlərini nəzərə alaraq, Ermənistan silahlı qüvvələrininin ərazidən dərhal çıxarılmasına çağırış edilir.
Həmçinin qətnamədə Assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur.
Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilməyib. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb.
Münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək”, deyə Hikmət Hacıyev bildirib.

Həmçinin oxuyun

Bakı metrosunda daha iki təzə qatar xəttə buraxıldı

“Bakı Metropoliteni” QSC-nin yeni tipli vaqonların sayı 45-ə çatdırılıb. Bu barədə “Report”a QSC-dən bildirilib. Məlumata …

Bir cavab yazın