"Şvabenin çıxışı Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti nümunəsidir" - DEPUTAT
"Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Frank Şvabenin 24 iyun tarixində etdiyi çıxış Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti nümunəsidir. O, ümumiyyətlə uzun müddətdir ki, regionda baş verən proseslərə obyektiv yanaşmaq əvəzinə, davamlı olaraq qərəzli mövqe nümayiş etdirməkdədir. Şvabenin çıxışında səsləndirilən fikirlər birmənalı olaraq reallıqlara deyil, daha çox siyasi stereotiplərə əsaslanır".
Bunu Azinforum.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib.
Millət vəkilinin sözlərinə görə, Avropa siyasətçiləri hələ də köhnə yanaşmalardan əl çəkmək istəmirlər: "Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, regionda yeni əməkdaşlıq imkanlarının yarandığı bir dövrdə bəzi Avropa siyasətçiləri hələ də köhnə yanaşmalardan əl çəkmək istəmirlər. Frank Şvabenin çıxışı da məhz bu tendensiyanın davamıdır və bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımları nəzərə almaq əvəzinə, siyasi manipulyasiya xarakteri daşıyır.
Belə yanaşma Azərbaycana qarşı ədalətsiz münasibət olmaqla , eyni zamanda Avropa institutlarının obyektivliyinə də ciddi şübhə yaradır. Çünki beynəlxalq təşkilatların əsas prinsipi qərəzsizlik və balanslı mövqe nümayiş etdirmək olmalıdır. Təəssüf ki, Frank Şvabenin son çıxışı da bu prinsiplərdən uzaq olmaqla yanaşı, AŞPA daxilində mövcud olan ikili standartları növbəti dəfə nümayiş etdirir".
VİDADİ