Sosial şəbəkədə biz:
Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub
Xəbər Şəkli

Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub

12 March 2026, 08:26
Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. O, çıxışında Ermənistan–Azərbaycan münasibətləri, regional nəqliyyat layihələri və ölkəsinin Avropa İttifaqına inteqrasiya planlarından danışıb.

Paşinyan bildirib ki, onun 2023-cü ildə Avropa Parlamentinə son səfərindən sonra Ermənistanda və Cənubi Qafqazda “yüzillik, hətta minillik əhəmiyyətli” dəyişikliklər baş verib.

Onun sözlərinə görə, ən mühüm dəyişiklik Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasıdır.

“Bu dəyişikliklərin ən yadda qalanı Ermənistan və Azərbaycan arasında sülhün qurulmasıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Evdə Birgə Bəyannamə imzaladıq və bununla iki xalq arasında sülh faktiki olaraq təmin olundu”, – Paşinyan deyib.

Baş nazir çıxışında ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən TRIPP infrastruktur proqramına da toxunub. O bildirib ki, bu layihə Ermənistan ərazisindən keçən çoxnövlü tranzit əlaqələrinin yaradılmasını və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının təmin olunmasını nəzərdə tutur.

Paşinyan həmçinin ölkədəki son siyasi proseslərə, Qarabağ münaqişəsindən sonra Ermənistana köçən ermənilərin yerləşdirilməsi məsələsinə və Azərbaycanda saxlanılan erməni hərbi əsirlərinin azad olunması istiqamətində görülən işlərə də toxunub.

O deyib ki, bizim üçün vacib məsələlərdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsidir.Paşinyanın sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və daimi olaraq Ermənistan Respublikasında yaşamalıdır:

“Biz artıq onların məskunlaşması proqramını başlamışıq və bu proqram 4 886 ailəyə fayda gətirib. Bu məsələnin həllində sülhün möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstəyə ehtiyacımız var”.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh gündəlik qayğı tələb edir.

“Ermənistan və Azərbaycan arasında sülh təmin olunub, amma o gündəlik qayğı tələb edir, əks halda illərlə sabit qalmış regionların bir neçə gün içində gözümüzün önündə müharibənin girdabına düşdüyü kimi o çox sürətlə dağılacaq”, – o bildirib.

O qeyd edib ki, bəzi din xadimləri və müxalif siyasi qüvvələr sülh prosesinə qarşı çıxır.

“Bizi tənqid edirlər ki, Ermənistan və Azərbaycan arasında əldə olunan sülh mükəmməl deyil. Amma harada mükəmməl sülh var? Mükəmməl sülh harada və nə vaxt mövcud olub?”, – Paşinyan bildirib.

Baş nazir çıxışında Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarına da toxunub. O deyib ki, ölkə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanunu qəbul edib.

Paşinyanın sözlərinə görə, Ermənistanın əsas məqsədi Avropa tərəfdaşlarının dəstəyi ilə islahatları davam etdirmək və Aİ-yə üzvlük meyarlarına uyğunlaşmaqdır.

O həmçinin qeyd edib ki, Ermənistanın Aİ-yə inteqrasiyası yolunda əsas problemlərdən biri Avropa İttifaqı ilə Gürcüstan arasında siyasi dialoqun hazırda dondurulmuş vəziyyətdə olmasıdır.

Paşinyan bildirib ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri ölkədə sülhün möhkəmləndirilməsi baxımından mühüm rol oynamalıdır.

“Demokratiyamız sülhü geri dönməz etməlidir, sülh də demokratiyanı geri dönməz edəcək”, – o deyib.