Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / “Zatulinin vicdanı olsaydı, erməni vandallarının ətraf 7 rayonu necə məhv etdiklərinibir dəfə dilə gətirərdi”

“Zatulinin vicdanı olsaydı, erməni vandallarının ətraf 7 rayonu necə məhv etdiklərinibir dəfə dilə gətirərdi”

Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə Azərbaycana yönəlik təxribatlara start verib. Belə ki, o, Rusiyada ermənilərin təşkil etdikləri tədbirə qatılaraq həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Zatulin qondarma “genosid”in 100 illiyində – 2015-ci ildə Putinin İrəvana gəlməsindən danışıb və deyib ki, o zaman Putinin səfərinə mane olmaq istəyirdilər: “O vaxt Rusiyanın dövlət başçısına deyirdilər ki, getməsin İrəvana, Türkiyə ilə münasibətlərə xələl gələcək, amma Putin bütün bunlara baxmadı və erməni xalqının yanında oldu, prinsipial mövqeyini göstərdi”.

Bugünkü günlərə gələrək, Putinin Türkiyənin sülhməramlı kimi Qarabağa daxil olmasına mane olmasını da məhz bu prinsipiallıqla əlaqələndirən Zatulin, Putinin bu mövqeyinin hər cür ləyaqətli dəstəyə, alqışa layiq olduğunu vurğulayıb.

Bütün bunlarla yanaşı, Zatulin iddia edib ki, Xocalıda guya soyqırım deyə bir hadisə baş verməyib: “Qondarma Qolodomor və Dağlıq Qarabağ hadisələri zamanı Xocalı haqqında eşitdik. Ancaq soyqırımın sistemli tərifləri var. Bunlar sənədli təsdiqlənmiş aktlar, bütöv bir xalqın məhvinə dair qərarlardır. Ancaq heç bir Xocalı genosidi yoxdur və belə bir hadisə baş verməyib”.

Xocalıda qətlə yetirilən şəxslərin hamısının adı və soyadı rəsmi siyahıda göstərilib və aktlaşdırılıb. Bütün bunlar rəsmi sənəd deyilsə, bəs nədir?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Zatulin kimi ermənidən yallanan simasızlardan belə açıqlamaları eşitmək təəccüblü deyil: “Ona görə ki, Konstantin Zatulin ermənidən çox ermənipərəstdir. Onun siyasi fəaliyyəti ancaq Ermənistanın maraqlarını müdafiə etmək və Azərbaycanı qaralamaq üzərində qurulub. Zatulin hamıdan yaxşı bilir ki, 1992-ci ilin fevralında Xocalıda qoca-uşaq demədən, necə gəldi, dinc insanlar qətlə yetirilib. Özü də bunda təkcə erməni separatçıları, Ermənistan silahlı qüvvələri yox, Rusiyanın 366-cı motaatıcı alayı da birbaşa iştirak edib. Məhz onların hərbi dəstəyi sayəsində Xocalı işğal olundu və dinc insanlar kütləvi şəkildə öldürüldülər. Xocalı soyqırımı yaxın tarixdə baş verib və bununla bağlı çoxsaylı foto, videosübut var. Ermənilərin və 366-cı alayın törətdikləri bu soyqırım zamanı 613 nəfər qətlə yetirilib, onların əksəriyyəti dinc insanlardır. Soyqırım zamanı 8 ailədən heç kəs qalmayıb, hamısı öldürülüb. Azərbaycanda Xocalı soyqırımı ilə bağlı yaradılan komissiya bütün öldürülən şəxslərin kimliyini müəyyən edərək, bunu sənədləşdirib. Bu rəqəmlər havadan götürülməyib. Belə olan halda, Zatulinin səsləndirdiyi fikirlər, sadəcə, iftiradır. Zatulinin iynənin ucu qədər vicdanı olsaydı, 30 il ərzində erməni vandallarının ətraf  7 rayonu necə məhv etdiklərini, yaşayış məntəqələrini yer üzündən silmələrini bir dəfə dilə gətirərdi. Ona görə də hesab edirəm ki, onun bu sayıqlamalarına Rusiyada heç kəs inanmaz. Çünki ötən illər ərzində Azərbaycan dövləti tutarlı formada Xocalı soyqırımını dünyanın, o cümlədən, Rusiya ictimaiyyətinin diqqətinə çatdırıb”.

İAT sədri onu da qeyd etdi ki, Zatulinin dedikləri nəyisə dəyişə bilməyəcək. (Bakı-Xəbər)

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …