Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Üçbaşlı əjdaha”nı gözardı etməməliyik…”

“Üçbaşlı əjdaha”nı gözardı etməməliyik…”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: 

Əziz həmvətənlər!

Sizi Zəfər Günü – Azərbaycan Respublikasının II Qarabağ Müharibəsində qalib gəlməsinin 1-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, bütün xalqımıza sülh, sabitlik, təhlükəsizlik və rifah, hər birinizə şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayıram. Bu qələbənin – Zəfər Gününün birbaşa müəllifi, yazarı müzəffər Azərbaycan ordusu olsa da, onun arxa planda duran əsl müəllifi məhz Sizsiniz – müzəffər Azərbaycan xalqıdır. Çünki bu ordu məhz tarixi-genetik ordu-millət formulası ilə təşkilatlanan xalqımızın bağrından qopan, onun cismini, zehnini və ruhunu daşıyan, arzu və istəklərini ifadə edən ordudur.

Müzəffər Azərbaycan xalqı – Sizlər həm regionda, həm də ölkə daxilində çox sayda yeni reallıqlar yaratmısınız. Hər kəs, istər ölkə xaricində, istər ölkə daxilində olsun, bu yeni reallıqlarla hesablaşmaq zorundadır.

Sizlərin yaratdığı ən böyük yeni reallıq II Qarabağ Müharibəsində qalib gələn Azərbaycanın artıq yeni dövrə – müharibəsonrası dövrə daxil olmasıdır. Çox istərdim ki, bu dövr tariximizə “böyük açılım və quruculuq dövrü” kimi düşsün, atılan addımlar və görülən işlər hərbi qələbəmizi tamamlasın və möhkəmləndirsin, eyni zamanda bu dövrdə yaranmış həyati vacib milli birliyimizi inkişaf etdirib yeni səviyyəyə yüksəltsin, ona dayanıqlı və davamlı xarakter versin. Bu səbəblə, çoxsaylı yeni imkan və fürsətlər yaradan bu yeni dövrü ilk növbədə obyektiv təhlil etməli və qiymətləndirilməli, zamanın ruhunu, tarixin axışını doğru oxumalı, qələbə zəhərlənməsindən qorunmalı, eyforiyaya qapılmamalı, bu imkan və fürsətləri adekvat dəyərləndirilməliyik. Eyni zamanda hökumətimizi ölkədə demokratik açılım etməyə, geniş – hərtərəfli demokratik islahatlar başlatmağa çağırmalıyıq. Və unutmamalıyıq ki, ölkəmizin müdafiə və təhlükəsizlik sisteminə paralel olaraq, siyasi, hüquqi, iqtisadi, sosial və digər sistemləri də inkişaf etdirilib möhkəmləndirilməlidir. Bunun yolu da müasir dünyada demokratikləşmədən, demokratik inkişafdan, millətin bütün potensialının mobilizasiyasından keçir. Azərbaycanın demokratik siyasi-strateji seçim etdiyi və bu strateji inkişaf yolunu izlədiyi halda, ölkəmizin qurulmaqda olan yeni dünya nizamında, beynəlxalq münasibətlər sistemində layiqli və etibarlı yer tutması üçün də əlverişli şərait yaranar. Beləliklə, ölkəmiz qarşısında həm daxili, həm də xarici – beynəlxalq və regional müsbət inkişaf perspektivləri açılmış olar.

Sizlərin yaratdığı ikinci ən böyük yeni reallıq xalqımızın yeni dövrə – müharibəsonrası dövrə müzəffər xalq kimi daxil olması, millətləşmə və dövlətləşmə prosesinin yeni mərhələyə keçməsidir. Təbii, bu da cəmiyyətimizin arzu və istəklərinin yeni səviyyəyə qalxması, tələblərinin yüksəlməsi ilə müşayət olunmaqdadır.

Yaratdığınız üçüncü ən böyük yeni reallıq isə milli şüuru yüksəlimiş millətimizin böyük tarixi dərinliyi olan öz milli kodlarını yenidən xatırlaması, öz milli formula və düsturlarını, o cümlədən ordu-millət formulasını yenidən kəşf etməsi və onlara geri dönməsidir. Bir sözlə, özünü yenidən kəşf etməsi və özünə dönməsidir.

Çox təəssüflər olsun ki, öz təbiəti, mahiyyəti və potensial enerjisi, yükü etibarilə müsbət olan, ölkəmiz qarşısında inkişaf perspektivləri açan bu yeni reallıqlarla birlikdə, ölkəmizin inkişaf perspektivlərinə, o cümlədən siyasi, sosial-siyasi inkişaf perspektivlərinə mənfi təsir göstərən yeni reallıqlar da ortaya çıxmışdır.

Mənfi yüklü yeni reallıqların ən başlıcası, Rusiya silahlı qüvvələrinin “sülhməramlı” adı altında yenidən ölkəmizə geri dönməsidir. Bu, onsuz da ölkəmizdə güclü mövqeyə sahib olan neoimperialist Putin Rusiyasının “5-ci kolonu”nu yenidən ruhlandırmış, keçmiş metropoliyanı uzantıları ilə birlikdə ölkəmizin siyasi, eyni zamanda sosial-siyasi inkişaf perspektivləri qarşısında duran daha da gücləndirilmiş baryerə çevirmişdir.

Mənfi yüklü yeni reallıqlardan bəhs edərkən, əslində, köhnə olan, lakin yeni dövrdə də öz aktuallığını qoruyub saxlayan və müəyyən mənada Rusiyanın və “5-ci kolonu”nun maraqlarına xidmət edən reallıqları, ilk növbədə “üçbaşlı əjdaha”nı – inhisarçılıq, korrupsiya və gizli iqtisadiyyatı da qətiyyən gözardı etməməliyik.

Əziz həmvətənlər! Təbii ki, yeni reallıqlar çoxsaylıdır. Burada yalnız bir neçəsinə, həm də çox səthi olaraq toxuna bildim. İstənilən halda, biz həm müxalifət, həm hakimiyyət, həm də bütövlükdə cəmiyyət olaraq zamanın ruhunu və tarixin axışını doğru oxumalı, bu yeni dövrü obyektiv təhlil etməli və qiymətləndirməli, birgə məqsədyönlü, adekvat, rasional, praqmatik yanaşma və siyasət işləyib hazırlamalı, bu yeni dövrün özü ilə bərabər gətirdiyi çoxsaylı yeni imkan və fürsətlərdən milli maraqlar naminə maksimum yararlanmalıyıq. Eyni zamanda mənfi yüklü yeni, həmçinin öz aktuallığını qoruyub saxlayan köhnə reallıqları nəzərə almalı, onların ortadan qaldırılması, neytrallaşdırılması, ən azı, maksimum məhdudlaşdırılaraq təsirlərinin minimuma endirilməsi məqsədilə səmərəli və təsirli tədbirlər görməliyik. Bu da öz növbəsində ölkədaxili siyasi dialoqun yeni, daha yüksək səviyyəyə qaldırılmasını, genişləndirilməsini və dərinləşdirilməsini, birgə ümummilli siyasətin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.

Əgər bütün bunlar nəzərə alınar və həyata keçirilərsə, inanıram ki, bu dövr həqiqətən də tariximizə “böyük açılım və quruculuq dövrü” kimi düşər. Və son nəticədə həm bizim yaralı və yorğun vicdanımız rahatlar, həm də böyük dövlətlər quran, bizə böyük tarixi miras buraxan, bu torpaqları əmanət olaraq qoyub gedən böyüklərimizin ruhu şad olar. Bu səbəblə, bütün bunları nəzərə almalı, ilk növbədə qəti demokratik siyasi-strateji seçim etməli, demokratik inkişaf yolu tutmalı, milli birliyimizi demokratik əsaslarda gücləndirməli və milli-strateji gücümüzü durmadan hərtərəfli artırmalıyıq. Bu da bizə həm daxili gücümüzü durmadan artırmaq, həm də qurulmaqda olan yeni dünya nizamında və beynəlxalq münasibətlər sistemində layiqli və etibarlı yer tutmaq, beynəlxalq təhlükəsizlik təminatı əldə etmək imkanı verəcəkdir.

Tanrı bu yolda yardımçımız olsun! Tanrı millətimizi və dövlətimzi qorusun! Amin. 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …