Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Torpaqlarımızı işğaldan azad etmək üçün qətiyyətli addımlar atmalıyıq” – Arzuxan Əlizadə

“Torpaqlarımızı işğaldan azad etmək üçün qətiyyətli addımlar atmalıyıq” – Arzuxan Əlizadə

“Azərbaycan Respublikası ikinci müstəqilliyini əldə etdiyi gündən təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalıb. Erməni tərəfi ardıcıl olaraq bu siyasəti yürütdüyü səbəbi ilə düşmən cəbhəsindəki vəziyyət daima diqqət mərkəzimizdə olmalıdır. Xüsusilə də qarşı tərəfdə əlahiddə durumun yarana biləcəyi ehtimal edilən vaxtlarda ikiqat diqqətli olmaq, hadisələrin gedişini ardıcıl izləmək və mövcud vəziyyəti analiz edərək müxtəlif variantlara hazır olmaq gərəkir. Hesab edirəm ki, hazırda erməni tərəfdə belə bir durum yetişməkdədir və biz dövlət olaraq əlverişli məqam yetişdiyi halda bundan səmərəli istifadə etməli və torpaqlarımızı işğaldan azad etmək üçün qətiyyətli addımlar atmalıyıq”.

 Bunu Azinforum.az-a açıqlamasında Azərbaycan Millli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə deyib.

A. Əlizadənin fikrincə, hazırda hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyət böhranı yetişməkdədir: “İki illik hakimiyyəti dövründə verdiyi vədləri yerinə yetirə bilməməsi, adının silah alveri və ciddi korrupsiya faktlarında hallanması,  hökumətin pandemiya ilə mübarizədə faktiki olaraq məğlub durumda olması və vəziyyətin getdikcə nəzarətdən çıxma ehtimalı, eləcə də  bütün bunların fonunda üç aparıcı güc strukturu rəhbərlərinin eyni vaxtda istefa verməsi, erməni müxalifətinin son dövrlərdə ciddi fəallaşması və hazırki baş nazirə qarşı vahid cəbhədə birləşmək ehtimalı onu deməyə əsas verir ki, düşmən dövləti qarşıda heç də rahat günlər gözləmir. Bütün bu deyilənlərə Paşinyanın yürütdüyü populist siyasətin getdikcə iflasa uğramasını, Rusiya və Qərb arasında uğursuz referanslar etməsi səbəbi ilə faktiki olaraq hər iki tərəfin dəstəyini itirməkdə olmasını da əlavə etsək vəziyyətin həqiqətən də kritik həddə çatdığını demək olar. Hadisələrin erməni tərəfinin ziyanına inkişaf etdiyi dönəmdə, iyunun 10-da  Avropa Parlamentində Ermənistanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirməyi nəzərdə tutan yeni magistral yolun tikintisi ilə bağlı Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisinin, Ermənistan üzrə məruzəçisinin, həmçinin, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin ilk dəfə olaraq birgə etiraz Bəyanatı qəbul olunub”.

A. Əlizadə hesab edir ki, bəyanat kifayət qədər aydın diplomatik dildə yazılıb və özündə bir sıra məqamları ehtiva etsə də Bəyanatın mətnində daha mühüm hesab edilən üç xüsusata xüsusi diqqət yetirilməsi vacibdir: “Belə ki, Bəyanat sahibləri “magistralın inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edildiyini və bununla da beynəlxalq hüququn pozulduğunu” vurğulayıblar. Bu müddəa o deməkdir ki, magistralın çəkiləcəyi ərazinin birmənalı olaraq Azərbaycana məxsusluğu qeyd olunur, bu səbəbdən də Azərbaycanın razılığı olmadan verilən istənilən qərarın beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərə zidd olması bəyan edilir. Bəyanatın mətnində digər və daha vacib hesab etdiyim məqam isə “bu addımın Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə biləcəyi” ifadəsidir. Bu isə o deməkdir ki, Bəyanatı verənlər Dağlıq Qarabağın və ətraf rayonların birmənalı olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilər olduğunu vurğulayırlar. Nəhayət, Bəyanatda Ermənistanın bu hüquqa zidd təşəbbüsünün sülh və barış mühiti yaratmağa kömək etmədiyi vurğulanır ki, bu da qarşı tərəfin problemin sülh iyolu ilə həll olunmasına əngəl yaratdığı anlamına gəlməklə bir daha Azərbaycana hərb yolu ilə torpaqlarını işğaldan azad etmək haqqı tanımış olur”.

A. Əlizadə onu da qeyd etdi ki, Avropa Parlamentində qəbul olunmuş Bəyanat Ermənistanın yetkili qurumlarında ciddi narahatlığa səbəb olub: “Artıq bir sıra erməni politoloqları bunu Ermənistanın diplomatik uğursuzluğu kimi dəyərləndirirlər. Əlbəttə ki, bütün bunlar təfərrüatdır. Biz uzun illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda müxtəlif məsələrlə bağlı Azərbaycana qarşı ikili standartlardan çıxış edilərək yanaşıldığının, faktiki olaraq işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyulmadığının şahidi olmuşuq. Xüsusilə də Qarabağ probleminin həllinə bilavasitə sorumlu olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin hərəkətsizliyinə və bununla da mövcud status-kvonun saxlanmasında maraqlı olduğuna şahidlik etdiyimiz dönəmdə hesab edirəm ki, işğala məruz qalan tərəf olaraq dünya çapında daha geniş dəstək əldə etmək uğrunda diplomatik səylərimizi artırmalıyıq. Eyni zamanda unutmamalıyıq ki, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək Dövlət və Millət olaraq bizim doğal hüqumuzdur və bu məsələdə istənilən vasitə ilə məqsədimizə çatmaq başlıca vəzifəmiz olmalıdır“.

VİDADİ, Azinforum.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …