Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənistanda Prezident – Baş nazir qarşıdurması açıq müstəviyə keçdi”

Təbriz Musayev: “Ermənistanda Prezident – Baş nazir qarşıdurması açıq müstəviyə keçdi”

Ermənistan Prezidenti Armen Sarkisyan indi də pul üstündə Baş nazir Nikol Paşinyanla toqquşur. Buna səbəb “Hayastan” fondundan Ermənistan hökumətinə 104 milyon dollardan çox pul köçürülməsi olub. 

Prezident, “Hayastan” Ümumerməni Fondunun Qəyyumlar Şurasının sədri A.Sarkisyan bildirib ki, Ermənistan hökumətinin “Hayastan” fonduna aid pulun bir hissəsinin Maliyyə Nazirliyinə köçürülməsi barədə qərarı insanların fonda inamını poza bilər. Sədr idarə heyətinin üzvlərindən fondun xərclərinin beynəlxalq auditini təşkil etmələrini xahiş edib.

Belə bir müraciətin səbəbi fond rəhbərliyinin Qarabağdakı müharibə zamanı yığılan vəsaitin böyük hissəsini hökumətin hesabına köçürməsi barədə qərarı olub. Noyabr ayında fondun səhiyyə xərclərini maliyyələşdirmək, infrastrukturları bərpa etmək və Qarabağdakı müharibədən zərər çəkmiş insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün Ermənistan hökumətinə 52 milyard dram və yaxud 104 milyon dollardan çox pul köçürdüyü məlum olub.

Sarkisyanın müraciətində deyilir: “Belə bir qərar insanlar arasında dünyadakı ermənilər tərəfindən toplanan vəsaitlərin xərclənməsinin səmərəliliyi ilə bağlı bir çox sual yaratdı. Bu isə fondun nüfuzunu sarsıda və quruma olan inam itkisinə səbəb ola bilər. Ona görə də hesab edirik ki, fondda beynəlxalq yoxlamaya ehtiyac var”.

Erməni mediası yazır ki, Sarkisyanın bu addımı Paşinyanın bərk narazılığına səbəb olub.

Görünən odur ki, Ermənistanda Prezidentlə Baş nazir arasında gərgin münasibətlər indi də maliyyə müstəvisində özünü göstərir. Bir müddət sonra A.Sarkisyan Paşinyanı həmin vəsaiti mənimsəməkdə açıq şəkildə ittiham edə bilər. Ən azından, sözügedən məsələ ilə bağlı yaranan narazılıqların motivləri bu qənaətə gəlməyə əsas verir.

“Qarabağdakı məğlubiyyətə görə Paşinyana yönəlik basqılar bütün istiqamətlərdən artıb”

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Paşinyana yönəlik basqıların artacağı qaçılmazdır: “Qarabağdakı məğlubiyyətə görə Paşinyana yönəlik basqılar bütün istiqamətlərdən artıb. Yəni təkcə müxalifət cəbhəsi onu ittiham etmir. Hakimiyyət daxilində də Paşinyanın apardığı siyasətdən narazı olanlar az deyil. Bunun nəticəsidir ki, biabırçı məğlubiyyətdən sonra onun bir sıra komanda üzvləri istefa verdilər. A.Sarkisyanla Paşinyan arasındakı ziddiyyətlərə gəldikdə isə, əslində, bu yeni deyil. Ermənistanda “məxməri inqilab”dan sonra hakimiyyətə gələn Paşinyan Sarkisyanla əvvəldən yola getmirdi. Onların arasında soyuq münasibətlər ilk dövrlərdən özünü göstərməyə başladı. Bu da təsadüfi deyildi. Məsələ ondadır ki, Sarkisyanı o posta 2017-ci ildə hakimiyyətdə olan “Qarabağ klanı” gətirib. Söhbət konstitusiya dəyişikliklərindən sonra Ermənistanda Baş nazirin səlahiyyətlərinin artırılmasından, Prezidentin səlahiyyətlərinin azaldılmasından gedir. Bu səbəbdən Paşinyan heç vaxt A.Sarkisyana etibar etmirdi. Tərəflər arasında ziddiyyətlərin nəticəsidir ki, A.Sarkisyan 10 noyabır razılaşmasından xəbəri olmadığını dedi. Daha sonra bəyan etdi ki, hökumət istefa verməlidir. Nəticədə Ermənistanda Prezident – Baş nazir qarşıdurması açıq müstəviyə keçdi. “Hayastan” fondu ilə bağlı qalmaqal onu göstərir ki, tərəflər arasında bütün körpülər yandırılıb”.

Ekspertin fikrincə, Ermənistanda hakimiyyətdaxili qarşıdurma yeni mərhələyə qədəm qoyur. (Baki-Xəbər)

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …